"Azərbaycan dilində tibbi internet resursu və ədəbiyyat azdır, dünyadan geri qalırıq"– Həkimdən Vikipediya təklifi

  • 2019.06.18 21:50
  • 4374 Baxış
"Azərbaycan dilində tibbi internet resursu və ədəbiyyat azdır, dünyadan geri qalırıq"–  Həkimdən Vikipediya təklifi
İnternet resurslarında tibbi yazılar son 3-4 ildə görünməyə başlayıb. Saytlar bacardığı qədər tibbi bilgilər, məlumatlar, həkim açıqlamaları verir. Amma bir dərman, xəstəlik, müayinə adı yazanda rusca 50, türkcə 100 material, sayt, mənbə çıxdığı halda, azərbaycanda bəzən heç nə tapılmır. 


Medicina.az xəbər verir ki, tanınmış həkim pediatr Vaqif Qarayev Azərbaycan dilində internet resurslarının azlığı, tibbi ədəbiyyatın çap edilməməsi, tərcümələrin olmaması barədə narahatlığını bildirib. O, hesab edir ki, bu gun ən adi informasiyanı da internetdə xarici dillərdə axtarmağa məhkumuq.


"Ana dilimizdə tibbi ədəbiyyat, istər ciddi elmi, istər  geniş oxucu kütləsi üçün kitablar yazılmır, yazılanlar da günümüzlə ayaqlaşmır. Tərcümə də yox səviyyəsindədir. Bu məsələdə qonşu dövətlərdən geridə qalırıq. 

 

Pasiyentlər bizə, eləcə də tibbi qruplarda həkimlərə tez-tez filan dərman nə üçündür, necə istifadə olunur, filan xəstəlik nədir sualını verir. Bütün dünyada insanlar bu suallara internetdə elə bir düyməni basmaqla cavab tapır. Biz isə tapmırıq. Çünki Azərbaycan dilində resurs yoxdur. Rus dilində bir xəstəliyin hərfini yazın, azı 50 yazı çıxacaq. Rus dilinin əleyhinə çıxanlar çoxdur, onlara da bu məsələni deyirəm. Öyrənməyək o dili, heç bir dil  öyrənməyək. Bəs öz dilimizdə nə tapacağıq?”


Vaqif Qarayev milli tibbi Vikipediya yaratmağın vaxtının çatdığını bildirib. 


"Bilmirəm bu məsələ ilə kim məşğul olmaq istəyər? Amma artıq öz dilimizdə Vikipediyamızın olması vacibdir. Ciddi mütəxəssislər ciddi yazılar yerləşdirsin ora. O zaman insanlar da burda yazılanın ciddiliyini qəbul edər, həm də maariflənər. Məlumdur ki, bu işə böyük maliyyə vəsaiti lazımdır. Kim ayıracaq bunu? Alimlərə, mütəxəssislərə qonorar ödənməlidir. Amma hələ ki, Avropa resurslarından tərcümələr edib yerləşdirmək olar”