Xəstənin ölümünə səbəb olan, səhhətinə ziyan vuran həkim necə cəzalanmalıdır? - Qanunlar barədə məhkəmə-tibbi ekspertin MUSAHİBƏSİ

  • 2019.05.11 20:49
  • 56559 Baxış
Xəstənin ölümünə səbəb olan, səhhətinə ziyan vuran həkim necə cəzalanmalıdır? -  Qanunlar barədə məhkəmə-tibbi ekspertin MUSAHİBƏSİ
{"az":"
Bütün sivil dünya qəbul edib ki, xəstəyə xəstəliyi haqqında ətraflı məlumat verilməli, sonradan onun özü tərəfindən müalicəyə könüllü razılıq ifadə ediməli  və bu rəsmiləşdirilməlidir. Məlumatlı razılıq verilmədən onun bədəni üzərində heç bir tibbi müdaxiləyə icazə yoxdur.


 

 

Bu gün həkim və pasiyent hüquqlarının pozulması halları gündəmdədir. Bir çox hallarda nə pasiyent, nə həkim tibbi hüququnu bilmir. Avropa və inkişaf etmiş ölkələrdə bu məsələlər hüququ çərçivədə tənzimlənir və bioetika deyilən hüququ yanaşma sayəsində hər bir tərəfin hüququ qorunur.

Azərbaycanda Bioetika varmı, olsa tibb sahəsində nə yeniliklər olacaq?




Medicina.az   Ümumdünya Tibbi Hüqüq Assosiasiyasının birinci vitse-prezidenti, Avropa Səhiyyə Hüququ Assosiasiyasının vitse-prezidenti, YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan nümayəndəliyinin rəhbəri, məhkəmə-tibbi ekspert, hüquqşünas, professor Vüqar Məmmədovun müsahibəsini təqdim edir:

 

 

- Vüqar doktor, Bioetika nədir, nə üçün lazımdır, tətbiq sahəsinə nələr daxildir?




- Son zamanlar həm alimlər, həm jurnalistlər, filosoflar, sosioloqlar, siyasətçilər, həm də ilk növbədə, hüquq, tibb, biologiya sahəsinin mütəxəssisləri bioetika barədə çox danışırlar. Dərinə gedəndə, görürsən ki, hər kəs bioetika dedikdə müxtəlif bir şey başa düşür. Odur ki, "bioetika” sözünün açılmasından başlamaq istərdim. Yunan dilində "bio” həyat, "etika” mənəviyyat, davranış deməkdir, yəni həyatlın qorunması ilə bağlı insan fəaliyyətinin mənəvi davranışı öyrənən elmdir. Bu gün alimlərin çoxu bu fikirdədir ki, bioetika insanın tibb və biologiyada fəaliyyətinin mənəvi xüsusiyyətlərini öyrənməklə yanaşı, bu sahələrdə insan hüquqlarının qorunmasın təmin edən elmdir. Elmi tərəqqi, tibb sahəsinə yeni texnologiyaların sürətlə daxil olması demək olar ki, tibbin, biologiyanın simasını dəyişdi. Həkim-xəstə münasibətlərinin formatı da tamamilə dəyişdi. Əsrlər boyu, keçən əsrin sonlarına qədər, həkim-xəstə münasibətlərində iki əsas aktyor – həkim və xəstə - vardı. Xəstə həkimə gələrdi, həkim də bilik və bacarığından istifadə edərək müalicə etməyə çalışardı.

 

Bu gün isə bu prosesdə, tibbi yardımın göstərilməsində bir çox aktyorlar və hər aktyorun da öz marağı var, maraqlar tez-tez toqquşur, konfliktlər və dilemmalar yaranır. Xəstəxananın bəzilərinin sahibi dövlət, bəzilərin isə özəl şəxslərdir. Mülkiyyət növləri müxtəlif, sahiblər müxtəlif, yanaşmalar müxtəlif. Səhiyyə bu gün ildən ilə böyüyən biznes sahəsinə, kommersiyaya çevrilib və bu proses genişlənməkdədir. Bəzən həkimlər biznesmenlər kimi davranmağa başlayıb. Həkim şüuru, mənəviyyatı dəyişib. Həkim xəstənin maraqlarını təmin etməklə, bir çox digər maraqları da təmin etmək məcburiyyətindədir. Bu gün belə vəziyyət tək Azərbaycanda deyil, ABŞ, Avropa, Yaponiya, Aziya, yaxud Afrikada, hər yerdə belədir.

 

Bu gün əksər ölkələrdə icbari tibbi sığorta tətbiq edilir. Azərbaycanda da icbari tibbi sığorta tətbiq olunacaq. Deməli, burada sığorta şirkətləri, sığorta agentləri qismində yeni aktyorlar yaranır. Xəstəxanada biz əczaçılıq şirkətlərinin nümayəndələrini də görürük, həmin şirkətlərin də öz maraqları var. O cümlədən xəstəxanada avadanlıq şirkətlərinin nümayəndələri ilə rastlaşırıq ki, onların da fərqli maraqları mövcuddur. Bunlar hamısı insan həyatı, sağlamlığı ətrafındadır. Bu maraqlar, dilemmalar necə tənzimlənməlidir, bu maraqlar kəsişməsində insan hüquqlarının biznes və kommersiya maraqlarından necə qorumaq? Bunlar vacib məsələlərdir. Bioetika bu məsələləri öyrənir, bu böyük bir tədqiqat sahəsidir. Bu lazımdır, yoxsa yox? Fikrimcə, çox lazımdır, və düşünürəm ki, oxucular mənimlə razılaşar. Ona görə də 1970-ci illərdən bəri ilk dəfə ABŞ-da "bioetika” sözü istifadə edilməyə başlanıb. 

 

Amerikalı alim Van Resler Potter "bioetika” sözündən istifadə edib, və qeyd edib ki, əfsuslar olsun ki, elmi tərəqqi dəyərlərə kifayət qədər dəyər vermir. Elmi tərəqqi çox sürətlə inkişaf edir, amma dəyərlər onun arxasınca çatmır. Ona görə də biz təhsil, elm yolu ilə dəyərləri bu sahələrdə qoruyub saxlamalıyıq, onları inkişaf etdirməliyik, bununla da biznes və kommersiya maraqlarına müəyyən qədər bir sipər qoymalıyıq.    




Beləliklə, sürətli elmi tərəqqinin dəyələrə diqqət yetirməməsi, maraqların çoxalması nəticəsində səhiyyənin simasının dəyişməsi bioetikanın yaranmasını zəruri etdi. Məsələn, biz sovet dövründə bir məkanda yaşayırdıq, dövlət təbabəti mövcud idi. Bu gün isə səhiyyənin kommersiyalaşdırılması şəraitində yaşayırıq. Açıq həkim-xəstə münasibətləri mövcuddur, səhiyyə məmurları da deyirlər ki, tibbi xidmət pulsuz ola bilməz. Sadəcə, bu xərcləri ya dövlət, ya vətəndaş, ya da sığorta şirkətləri ödəməlidir. Biz sovet dövründə şüurumuzda öyrəşmişdik ki, tibbi yardım pulsuz göstərilir, həkim işini pulsuz görür, çünki maaş alır.  Amma indiki zamanda elə deyil, səhiyyədə kommersiyalaşdırma sürətlə gedir. Bu gün həkim xəstəsini fikirləşdiyi qədər məvacibini, nə qədər qazanacağını fikirləşir. Xəstəxana oradakı xəstələrin şəfasını fikirləşdiyi qədər öz gəlirini də fikirləşir. Dövlət xəstəxanası ilə özəl xəstəxananı müqayisə etsək, görərik ki, özəl xəstəxananın əsas məqsədi gəlir əldə etməkdir. Dövlət xəstəxanaları da demək olar ki, elə özəl kimi çalışır.

 

 

Özəl xəstəxanaların əksəriyyətinin arxasında qeyri-tibb peşələrinin sahibləri, iş adamları durur.  Onlar tibbi etika keçməyiblər, yalnız iş adamı kimi məqsədləri ora pul qoyub, pul götürməkdir. Bu nöqteyi-nəzərdən dünyada gedən bu proseslərin qarşısını almaq mümkün deyil. Amma dünyada bunu tarazlaşdırmaq üçün həm elm, həm tətbiq sahəsi olan bioetika inkişaf etməyə başladı. Bu gün bir çox inkişaf etmiş ölkələrdə bioetikanın inkişafı tək elm və tədqiqat, təhsil sahələrində yox, həm də dövlət qurumlarında yaranan komitələrlə bağlıdır. Təsadüfi deyil ki, ABŞ və Avropa ölkələrinin çoxunda prezidentin yanında, parlamentdə, müxtəlif nazirliklərdə bioetik qurumlar var. Cəmiyyəti maraqlandıran məsələlər ətrafında bu bioetik qurumlarda aktiv müzakirələr aparılır və o maraqları tənzimləməyə yönəlmiş doğru qərarlar qəbul edilməsinə köməklik göstərilir. 




Azərbaycanda 2000-ci illərdən bioetikaya maraq göstərilməyə başlanıb. Tək Azərbaycanda deyil, ümumən postsovet məkanında bioetika sahəsində ilk elmi tədqiqatların, dissertasiya işi müəlliflərindən biri Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmuşdur. Mehriban xanım Əliyeva həkimdir, həkim kimi Rusiyada bir müddət işlədiyi dövrdə bioetikanın ən aktual problemlərindən biri olan evtanaziya problemi onun dissertasiya işinin və monoqrafiyalarının əsas mövzusu və tədqiqat obyekti olub. Bu elmi araşdırmalar nəticəsində bu sahədə çox mütərəqqi nəticələr əldə edilib. Düşünürəm ki, bunun nəticəsində bu gün Azərbaycan Cinayət Məcəlləsində evtanaziya maddəsi var və bu məsələyə milli qanunvericiliyinin konkret münasibəti vardır. Bu maddə bir çox MDB ölkələrinin qanunvericiliyində yoxdur. 




Yəni bu iş Azərbaycanda bu gün başlanmayıb. Amma bioetikanın müasir tələblərə, elm və təhsil sahəsində ali beynəlxalq təşkilat hesab olunan - BMT-nin YUNESKO təşkilatının -  tövsiyyələrinə uyğun sistemləşdirilməsi, 2010-cu ildən ilk dəfə YUNESKO-nun Bioetika kafedrasının Azərbaycan nümayəndəliyinin açılmasından başlayıb. Həmin nümayəndəlik fəaliyyətə başladıqlan sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti, akademik Mahmud Kərimov bu məsələyə razılıq verdikdən sonra AMEA-nın İnsan hüquqları institutunda ilk dəfə Bioetika və tibbi hüquq şöbəsi yaradıldı və YUNESKO-nun nümayəndəliyi həmin şöbədə AMEA və YUNESKO rəhbərlikləri arasında imzalanan müqavilə əsasında fəaliyyət göstərməyə başladı. YUNESKO-nun eksperti kimi həmin nümayəndəliyin rəhbəri təyin edilmişdim. Həmin şöbəyə də rəhbərlik AMEA tərəfindən mənə tapşırıldı.

 

Biz 4 il ərzində bir çox işlər gördük. YUNESKO-nun rəhbərliyi sonradan həm şifahi, həm yazılı formada AMEA rəhbərliyinə bildirdi ki, Azərbaycanda bu sahədə görülən işlər pioner işlərdir, digər MDB, Şərqi Avropa ölkələrinə nümunə gətiriləcək səviyyədədir. Məsələn, ilk dəfə olaraq bioetika və tibbi hüquq ixtisası, şifri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında bir ixtisas şifri kimi əks olundu. Bu sahədə mütəxəssislərin hazırlanması üçün doktoranturaya yerlər ayrıldı, disertasiyalar müdafiə olundu, tədqiqatlar planlaşdırıldı. Şöbənin nəzdində tədqiqatlar aparıldı. Həm Azərbaycanda, həm xaricdə bir çox kitablar, məqalələr nəşr olunmağa başladı. Azərbaycan Dövlət Televiziyasında "Bioetika” adlı televiziya verilişi işıq üzü gördü. Həm telekanal rəhbərliyi, həm Heydər Əliyev Fondu, həm də AMEA-nın rəhbərliyinin dəstəyi ilə bu işlər görüldü. Verilişdə açıq müzakirələr, debatlar getdi. Verilişlərimizə  deputatlar, nazirliklərin əməkdaşları, professor və alimlər, jurnalistlər dəvət edilirdi. Bu müzakirələrdə cəmiyyəti narahat edən məsələlərin araşdırılması bəzi məmurların xoşuna gəlmədiyi üçün verilişlərim 2011-ci ildə qapandı. Lakin 6 ildə tibb, səhiyyə və bioetikanın aktual problemlərinə aid və tamaşaçılar tərəfdən böyük rəğbət qazanmış hazırladığımız 324 verilişdən, verilişlərimin dəst-xəttindən indi də razıyam, çünki doğru məqsədə, onun bunun marağına yox, cəmiyyətin, elmin, təhsilin marağına xidmət edirdik. 




Bioetika  tək bir elm sahəsi deyil, səhiyyə, tibb və biologiya sahələrində insan hüquqlarının qorunması ilə bağlıdır. Burada söhbət tək pasiyentin hüququndan getmir. Həkim hüquqları. İnsan hüquqları. Hətta heyvanından da hüququndan söhbət gedir. Bu gün Türkiyədə itlərin zəhərlənib öldürülməsi necə ajiotaj yaradıb?! Çünki artıq cəmiyyətdə heyvana münasibət dünənki münasibət deyil. Bu nöqteyi-nəzərdən cəmiyyət belə məsələlərin düzgün həllinə hazır olmalıdır. Dünya sürətlə dəyişir. Bu dəyişən dünyada Bioetika tərbiyəvi rol oynamalıdır. Bu baxımdan o vaxtı veriliş, gördüyümüz işlər buna yönəlik idi. Məsələn, bioetikanın əsas amillərindən biri ətraf mühitdə tək insanın deyil, bütün bioloji varlıqların qorunması ilə bağlıdır. Bu gün tədqiqatlarda heyvanlardan istifadə edilib-edilməməsi də bioetikanın obyektlərindən biridir. Bu gün qəbul etdiyimiz qida məhsullarının keyfiyyəti də bioetikanın bir mövzusudur.

 

Biz o vaxt verilişlərimizdə genetik modifikasiya edilmiş qida məhsulları ilə bağlı çox müzakirələr aparırdıq. Bu gün biz yediyimiz qida məhsullarının nə olduğunu bilmirik. Bu da, yeni texnologiyaların həyatımıza daxil olması ilə əlaqədardır. Məhsulun daha çox olması, meyvə-tərəvəzin daha çox saxlanılması məqsədi ilə qida məhsullarının genomu dəyişdirilir. Məsələn, kartof və pomidor genləri balıq və heyvanat genləri ilə cəlaşdırılır. Bir çox vacib məqsədlərə nail olmaq üçün. O cümlədən, elmin inkişafı üçün. O cümlədən də, biznes maraqları üçün. Artıq həmin meyvə-tərəvəz bir həftə deyil, aylarla qala bilər ki, bu da iş adamının marağındadır.  Bəs o meyvə-tərəvəz sağlamlığa necə təsir göstərəcək? Yaxud biz istehlakçıyıq, geni dəyişdirilmiş, yoxsa təbii meyvə-tərəvəzdən istifadə etmək istəyirik? Bizim marağımızı kim nəzərə almalı, kim müdafiə edəcək? Bu kimi məsələlər maraqların tənzimlənməsinə gətirib çıxaracaq. Bizim cəmiyyətimiz ona hazır deyildi. Son 10 ildə bu istiqamətdə müəyyən işlər aparıldı, dissertasiya işləri də müdafiə olundu, ölkə rəhbərliyinin də bu məsələyə diqqəti artdı, doğru qərarlar qəbul edildi. 




- Qanunların qəbulu da bu sahədə görülən işlərin nəticəsidir?     




- Bioetika qanunvericiliklə çox sıx əlaqədədir. Bir çox insanlar soruşurlar ki, bioetika ilə tibbi hüquq bir-birə bağlı sahələrdir, yoxsa yox. Bunlar sanki əkiz qardaş-bacılardır. Çünki etik normalar əgər cəmiyyətdə hüquqi çərçivəyə daxil olmasa, işləmir. 




Misal olaraq, məhz bioetik dilemma kimi ictimai müzakirələr, rezonans nəticəsində geni dəyişdirilmiş məhsullarla bağlı qadağa Azərbaycan qanunvericiliyində əksini tapdı. Bir çox məsələlər müzakirələrlə başlamalı və sonda qanun şəklində əksini tapmalıdır. Qanun cəmiyyətdə davranış qaydalarını tənzimləyən normalardır. Qanunların təkmilləşməsində də müzakirələr mühüm rol oynayır, bioetika də bu cür multidissiplinar, fənnlərarası müzakirələr əsasında qurulub. Bu baxımdan qanunvericiliklə sıx işləməliyik. Bizim həmin illərdə Milli Məclisin deputatları ilə həm AMEA, həm televiziya, KİV müstəvilərində geniş müzakirələrimiz olurdu. 




Milli Məclis ilə əməkdaşlığa başladığımız digər məsələ pasiyent hüquqları ilə bağlı idi. Məsələn, bu gün müasir, demokratik ölkələrin səhiyyə qanunvericiliyinin fundamental doktrinası məlumatlandırılmış razılıq prinsipidir. 

  

- Bu, Azərbaycan qanunvericiliyində əksini tapmayıb?  




- Xeyr. Məlumatlandırılmış Razılıq prinsipi həkim-xəstə münasibətlərini tənzimləyən bir prinsipdir, fundamental doktrindir və Azərbaycanın səhiyyə qanunvericiliyində bu hal-hazırda nəzərədə tutulmayıb. Bütün sivil dünya qəbul edib ki, xəstəyə xəstəliyi haqqında ətraflı məlumat verilməli, sonradan onun özü tərəfindən müalicəyə könüllü razılıq ifadə ediməli  və bu rəsmiləşdirilməlidir. Məlumatlı razılıq verilmədən onun bədəni üzərində heç bir tibbi müdaxiləyə icazə yoxdur. Əsrlər boyu bu, belə deyildi. Xəstə həkimə deyirdi ki, canı ağrıyır, özünü ona etibar edir, nə istəyirsən et, məni sağalt. Bu günkü xəstədə artıq o vaxtkı xəstə kimi həkimə yüz faizli etibar yoxdur. Ona görə də bu gün dünyada kommersiyalaşmış səhiyyədə həkimin vəzifə borcudur ki, hər hansı müdaxilə üçün xəstənin məlumatlı razılığını alsın. Bunun üçün ilk mərhələdə xəstəyə ətraflı məlumat verməlidir – xəstəliyin diaqnozu, proqnozu, müalicəsi, tətbiq olunacaq metodlar və alternativlər, mümkün olan fəsadlar, qiymət və xərclər, müalicə hansı müddətə başa çatacaq, bu müdaxilə edilməsə, nələr olacaq, alternativlər nə ola bilər, reabilitasiya necə olacaq və s.. Bu məlumatlar verildikdən sonra xəstənin razılığı alınmalıdır. 

 




Bu gün Azərbaycan qanunvericiliyində məlumatlı razılıq tətbiq olunmayıb. Qanunvericiliyimizdə könüllü razılıq var. Könüllü razılıqla məlumatlı razılığın böyük fərqi var. Lakin bu fərqi nə deputatalrımız, nə alimlərimiz, nə həkimlərimiz, nə də hüquqşünaslarımız lazımi səviyyədə bilmir. Bu cür situasiya tək Azərbaycanda deyil. Məsələn, biz keçən ay Pakistanda bir konfransda idik, bioetika və tibbi hüquqla bağlı məsələlər müzakirə edilirdi. Pakistanın aparıcı cərrahları, akuşerləri konfransda iştirak edirdi. Onların hamısı çıxışlarında məlumatlı razılıqdan danışırdı. Sual verildi ki, qanunvericiliyinizdə bu prinsip əksini tapıb? Dedilər ki, çox güman ki, əks olunub, lakin dəqiq deyə bilmərik. Sonra məruzələrin birində məlum oldu ki, sən demə, razılıq formalarının 87 faizinə xəstələrin qohumları imza atır. Bu, artıq xəstənin özü deyil, qohumu ilə aparılan söhbətdir. Yəni, bu o deməkdir ki, orada da məlumatlandırılmış razılıq prinsipi əks olunmayıb. Eyni vəziyyət demək olar ki, müsəlman dövlətlərinin hamısında belədir – Türkiyə, İndoneziya, İran, Ərəb ölkələri və s..

 

Digər oxşar vəziyyət odur ki, bizim də həkimlərimizin çoxu səhiyyə qanunvericiliyindən məlumatsızdır. Qanunları bilmir, həkimin davranış kodeksini və etik normalarına riayət etmir, həmçinin tanınmış həkimlər belə, bunun da biz elə televiziya kanallarından şahidi oluruq. Bu nəyin nəticəsidir? Bu sahədə təhsilimizin və maaridləndirmə işinin zəif təşkil olunmasının. Məhkəmə təbabəti dərsini sonuncu kurs tələbələrinə dərs dedikdə soruşursan bioetika və tibbi hüquq dərslərinin keçibsiz, bəziləri deyir hə, bəzilərinin heç yadında deyil. Soruşursan hanzı səhiyyə qanununu bilirsən? pasiyent hüquqları hansılardı, görürüsən ki, heç biri bilmir. Yəni gələcək həkimlərə bunlar öyrədilmirsə, bu sabah bunu hardan biləcək. İllərlə bunun həkim təhsilinə daxil olunması üçün çalışdıq, heç nəyə nail ola bilmədik. Son zamanlar ümid yaranıb ki, burada nəsə dəyişə biləcəyik, və gələcək həkimlərin hüquq və etik komponenti istiqamətlərində təhsili gücləndirəcəyik.      




Yeri gəlmişkən, cəmiyyətimizi bu yaxınlarda sarsıdan hadisə - 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölüm işi – görün nə qədər səhiyyə qanunvericiliyimizi kobud sürətdə pozan əməlləri açıq-aşkar ifşa etmişdir. Bu hadisə hansısa ucqar rayonda, kənddə baş verməyib. Paytaxtımızın ən mərkəzi, ən aparıcı səhiyyə ocağının reanimasiya şöbəsində baş verib. Azyaşlı Elina Hacıyevanın atası Ədalət Hacıyevin müsahibəsinə baxıb dinlərkən dəhşətə gəlirsən ki, Bakıda, indiki zəmanədə, açıq-aşkarcasına vətəndaşın, azyaşlının, onun valideynlərinin, bu ailənin nə qədər hüquqları taptanıb, onların insan ləyaqətinə hörmətsizlik edilib. Təhsil və səhiyyə işçiləri tərəfindən. Rəhbər işçilər tərfindən. Və bu məsələ ölkə rəhbərliyi tərəfindən nəzarətə götürülməsəydi, hamısı həmişə olduğu kimi ört-basdır olunacaqdir. Valideyni heçə sayaraq, onun xəbəri olmadan belə azyaşlının üzərində istədiklərini ediblər. Valideyn deyir ki, onu heç palataya buraxmayıblar, çöldə qalıb, nə baş verdiyindən xəbəri olmayıb. Sadəcə, deiyblər ki, narahat olmayın, hər şey yaxşı olacaq.

 

Digər naməlum şəxslər ki, onlar həkim olmadan sərbəst şəkildə uşağın yanına reanimasiyaya buraxılıblar. Gəlin hər birimiz özümüzü o valideynin yerinə qoyaq. Və öz uşağımızı - həmin uşağın yerinə. Dəhşət bürüyəcəkdir, ürəyimizdə bir balaca insanlıq qalıbsa. Uşaq ata-anasını həmin ağır vəziyyətdə görməkdən məhrum edilir, onun başına direktor otağında oyun açanlar isə yanına buraxılır. Bu biabrçılıqdır. Bu, kobud surətdə səhiyyə qanunvericiliyinin pozulmasıdır və mərkəzi tibb müəssisəsi bunu bilmirsə daha nə deyəsən. Valideyn deyir ki, tibb bacısı gətirib ona bir forma verib, deyib ki, bunu imzala. Oxumadan çarəsiz valideyn bunu imzalayır. İmzalayandan sonra da hələ 20 manat pul alıblar. Bu vəziyyətdə pulsuz tibbi xidmət göstərməli xəstəxana atanın 50 manatını götürüb, 30 manatını xırdalayıb qaytarır, və digər tibb işçiləri həmin 30 manatı da dərhal sorub valideynnən çıxarırlar. Bu nəyi göstərir? Yuxarıda dediyim, maraqların başqa yerdə olduğunu. Mənəviyyatın itməsini. Uşaq ölüm ayağında, ata başını itirmiş halda..... tibb işçilərinin davranışına baxın. Bu məsələlər araşdırılmalıdır. Buna lazımlı hüquqi qiymət verilməlidir.  




Mövzuya qayıdaraq, Bu baxımdan həmin dövrdə qanunvericilik institutları ilə biz sıx əməkdaşlıq edirdik və bir çox mütərəqqi işlər görülürdü. Həm genetik modifikasiya edilmiş qida məhsulları, həm pasiyent hüquqları ilə bağlı bir neçə qanun layihəsinə dair təkliflər hazırlayıb parlamentə göndərdik. Palliyativ xidmət, sosial xidmətlə bağlı qanun layihələrinə təkliflərimizi təqdim etdik.  

   

- Tibbi hüquq əvvəllər olmayıb? 




- Tibbi hüquq olmayıb, amma təbabətlə hüquq həmişə kəsişib. Hüquq və təbabət ən qədim elm sahələri olmaqla onların həmişə kəsişmə nöqtələri olub, bu haqqda sonra 2 misal gətirəcəm. O kəsişmə nöqtəsində qədimzamanlardan olan elm sahəsi - Məhkəmə Təbabətidir. Məhkəmə təbabəti ən qədim elmlərdən biridir. Çünki bəşəriyyət yaranandan adam öldürmələr də, döymələr də, xəsarət yetirmələr də, cinsi təcavüzlər də olub. Bunlar baş verdikdən sonra o zamankı cəmiyyətlərin rəhbərləri, ağsaqqalları mühakimə aparıb, ədaləti bərqərar etmək üçün bu işi araşdırıblar. Bu işi araşdıran zaman da tibbi biliklərdən istifadə etmək lazım olub. Həmin tibbi biliklər məhkəmə təbabətinin formalaşmasına gətirib çıxarıb. Məhkəmə təbabəti tibbi biliklərdən istifadə etməklə hüququn, ədalətin aliliyini təmin etməkdir. Tarixdə belə qəbul edilir ki, ilk məhkəmə tibbi ekspert yazıları eramızdan əvvəl 44-cü ildə aiddir, bunu Antisti adlı qədim bir romalı həkim yazıb. Həkim Antisti imperator Qay Yuli Sezarın cəsədini müayinə edir, ona bildrilir ki Senatın iclasından sonra Sezar öldürülüb. Antisti meyitin müayinəsi zamanı aşkar edir ki, Sezarın bədənində 23 bıçaq yarası var, lakin onlardan biri daxili boşluğa keçərək ölümə səbəb olub. Antisti müəyyən edib ki, həmin bıçaq yarası Sezarın ən yaxın dostu Brutun vurduğu zərbə nəticəsində yaranıb. Ona görə də tarixdə "Brutun zərbəsi” ifadəsi bu günə kimi qalır, mənası da etibar etdiyin ən yaxın adamın arxadan vurduğu zərbədir. 

 




Quranda Yusif ayəsində qeyd edilir ki, Misir vəziri Qitrif Həzrət Yusifi övladlığa götürür, evinə gətirir. Misir vəzirinin xanımının Yusifdən o qədər xoşu gəlir ki, ona təcavüz etmək istəyir. Yusif razı olmasa da, vəzirin xanımı ona təcavüz etdikdə bu məsələ üzə çıxır, hər kəs özünü təmizə çıxarmaq istəyir. Qadın deyir ki, günahkar deyil, Yusif təcavüz edib. Yusif də bildirir ki, günahı yoxdur, xanım təcavüzə cəhd göstərib. Araşdırma zamanı şahidlərdən biri deyir ki, köynəyə və cırmaqlara baxın. Köynək arxadan cırılıbsa, cırmaqlar arxadan olubsa, günahkar qadın, öndəndirsə, günahkar Yusifdir. Həqiqət də bu yolla aşkarlanır. Meyitin müayinəsi, cirmaqların müayinəsi məhkəmə təbabətinin müayinə metodlarından biridir. Yəni tibbi biliklərdən istifadə etməklə hüquq, ədalət, mühakimə, həqiqət üzə çıxır. Görün bu nə qədər əhəmiyyətli bir elmdir. Məhkəmə təbabəti - həqiqətin hüquqi prosesdə üzə çıxarılması və ədalətin bərqərar edilməsi üçün tibbi biliklərdən istifadə olunmasıdır. O cür araşdırmalar həmin dövrdə nadir hallarda olurdusa, bu gün bunlar gündəlik həyatımızda hər gün baş verən hadisələrdir. Baş verən hadisələrdə insanların hüquqlarının müdafiəsi, mühakimənin ədalətli aparılması üçün bu tibbi biliklərdən istifadə olunmalıdır. Ona görə də məhkəmə tibbi ekspertiza xidməti tək Azərbaycanda yox, dünyanın bütün ölkələrində var. Almaniyada məhkəmə təbabətinə "ReichsMedicine” deyilir, yəni ”Dövlət Təbabəti”. Görün bu səhə nə qədər dövlətçilik, cəmiyyət üçün əhəmiyyətlidir. 




Məhkəmə təbabətinin təcrübədə tətbiqi məhkəmə-tibbi ekspertiza adlanır. Bunun müxtəlif ölkələrdə təşkili fərqlidir. Elə ölkələr var ki, Səhiyyə Nazirliyinin tabeliyində (postsovet məkan, Qazaxıstndan başqa), yaxud Ədliyyə Nazirliyinin tabeliyində (Türkiyə, İran, Qazaxıstan...), elə ölkələr də var ki, obyektiv fikir bildirməsi məntiqi ilə müstəqil fəaliyyət göstərir. 




Sovet dövründə məhkəmə tibbi ekspertizanın hüquq-mühafizə oraqnlarına xidmətdən başqa bir əlavə gözəl və vacib vəzifəsi də vardı. Tək hüquq-mühafizə orqanlarının işinə yardım göstərmək yox, eyni zamanda səhiyyədə baş verən səhvlərin, bədbəxt hadisələrin doğru araşdırılması və təkliflərin verilməsi ilə səhiyyənin inkişafına kömək etməli idi. Əfsuslar olsun ki, səhiyyənin inkişafı üçün bu instrumentdən müstəqillik illərimizdə yaxşı istifadə olunmayıb və bu xidmətin inkişafı ildən ilə zəifləyib demək olar ki hörmətdən salınıb. 




Son 50-60 ildə hüquqla tibbin kəsişiməsində tibbi hüquq formalaşmağa başlayıb. Bu da məhkəmə təbabəti kimi tibb və hüquq elmlərinin kəsişməsidir, lakin, əksinə olaraq, səhiyyə və tibbin özündə hüquqi biliklərin tətbiq edilməsidir. Bunun inkişafında bir çox səbəblər olduğuna baxmayaraq qeyd etdiyimiz kim 2 səbəbi əsasdır. Birincisi, səhiiyyədə aktyorlar sayı artır və maraqlar toqquşur. Yeni münasibətlər formalaşanda da o münasibətləri tənzim edən bir qüvvə lazımdır. Bu münasibətləri də hüquq tənzimləyir. İkincisi, səhiyyədə bu vaxta qədər görünməyən həcmdə və miqyasda həkim səhvlərinə görə mənfi nəticələrin sayı çox artıb. Azərbaycandakı statistikanı mən deyə bilməyəcəm, çünki bu sahədə statistika aparılmır və alimlərin müzakirəsinə çıxarılmır, buna hətta müəyyən mənada bir yasaq qoyulub. Dünya statistikasına baxsaq, ABŞ-da ilk ölüm səbəbi ürək-damar xəstəlikləri, ikinci ölüm səbəbi onkoloji xəstəlikləri, üçüncü ölüm səbəbləri həkim səhvləri və bədbəxt hadisələrdir. Azərbaycanda bu sahədə statistikanı kim bilir? Kim bilirsə, bu sahədə işləsin, iş görmürük axı. Görən var, kimsə? 




Azərbaycan dünyaya inteqrasiya olunmuş ölkədir, dünyadakı tendensiyalardan kənarda qala bilmərik. Əgər "Vaşinqton Post” yazırsa ki, ABŞ-da 2016-cı ildə 200 mindən çox insan yalnız tibbdəki səhvlər nəticəsində dünyasını dəyişib, bu ölümlərin səbəbi arasında üçüncü yerdədir, deməli, bu, bir siqnaldır. Avropa Şurası bildirirsə ki, tibbi xidmət üçün müraciət edən 10 xəstədən biri xeyir əvəzinə, bundan ziyan alırsa, tibbi xidmət alan pasiyentlərin 23 faizi aldığı tibbi xidmətdən razı qalmırsa, bu, artıq bir statistikadır. Azərbaycanda da araşdırma aparılsa, aşağı-yuxarı eyni nəticə, hətta yəqin ki bir az da daha mənfi nəticəni gözləyə bilərik. Bəs yaxşı, bunu bilmək, və bununla işləmək lazım deyil? İlk növbədə problemi görmək lazımdır, onu etiraf etməlisən, sonradan da, ikinci, problemin üzərində iişləmək lazımdır. Bu sahəni araşdıran tibbi hüquqdur. Ona görə də Azərbaycanda tibbi hüquq nə qədər sürətlə ikişaf edəcəksə, dövlətin, cəmiyyətin, hər bir fərdin marağına xidmət edəcək. 







- Belə başa düşmək olar ki, Azərbaycanda tibbi hüquq hələ tam formalaşmayıb. Bunu nə vaxta gözləmək olar?




- Digər hüquq elmlərində olduğu kimi, tibbi hüququn da formalaşması bir neçə müstəvidə gedir. İlk müstəvi qanunvericilik, ikincisi elm, üçüncüsü, praktiki tətbiq, dördüncüsü, tədris müstəvisidir. Tutaq ki, cinayət hüququnu götürsək, həm qanunvericilik, həm elm, həm tətbiq, həm də tədris səviyyəsi var. Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyi tibbi hüququn tərkib hissəsidir. Milli Məclis tərəfindən qəbul edilən 30-a yaxın səhiyyə haqqında qanun var. Deyilə bilər ki, 30 qanunla hər şey tənzimlənirsə, çox gözəl. Bir neçə ölkədə, o cümələdən, Qazaxıstan Səhiyyə Nazirliyinin dəvəti ilə ekspert kimi məsləhətlər verirəm. Qazaxıstan istəyir ki, bütün tibbi qanunvericiliyi birləşdirib, vahid bir Səhiyyə Məcəlləsi hazırlasınlar. Yəni səhiyyədə olan məsələləri bir qanun tənzimləsin. Ona görə burada say əhəmiyyət kəsb etmir, keyfiyyət əhəmiyyətlidir. Yəni birdə ola bilər, otuz da, əlli də.

 

Bizdəki 30 qanuna baxsaq, görərik ki, onların çoxu keçən əsrin 90-cı illərində qəbul edilib. Məsələn, 1997-ci ildə "Əhalinin sağlamlığının qorunması haqqında” Əsas qanun qəbul edilib. 1997-ci ildən 22 il vaxt keçib və 22 ildə münasibətlərdə o qədər dəyişikliklər baş verib ki, qanunvericiliyin təzələnməsinə ehtiyac var. Həmin qanuna çoxlu əlavələr qəbul edilib, lakin artıq təzələnmə vaxtı çoxdan gəlib çıxıb. 




Deməli, səhiyyə qanunvericiliyi tibbi hüququn bir hissəsidir. Tibbi hüququn ikinci hissəsi elmdir. Azərbaycanda tibbi hüququn elm nöqteyi-nəzərindən inkişaf etmədiyi fikri ilə razılaşa bilmərəm. Bütün çətinliklərə rəğmən, elm inkişafdadır. Tək elə mənim rəhbərliyim altında tibbi hüquq sahəsində çalışan 15-dən çox dissertant var, ölkədə müxtəlif şifrlər altında bəlkə də 30-a yaxındır. Onlardan bir doktorluq, 3 namizədlik dissertasiyası artıq müdafiə olunur. Yəni milli kadrlar hazırlanır. Lakin bunlar asan başa gəlmir. Bioetika və tibbi hüquq çiçəklənən, bu sahəyə aktiv dəstək verilən vaxt bu, bəzi məmurların xoşuna gəlmədi, dediyim kimi televiziya verilişimiz qapandı, müəyyən təzyiqlərlə rastlaşdıq, o cümlədən, təsdiq olunmuş bioetika və tibbi hüquq şifrinin də adı dəyişdirildi, tibbi hüquq sözünü götürdülər, bioetika qaldı, şifri hüquqdan çıxarıb biologiya elmlər saiyahısına saldılar. Yəni absurd olan bir çox hərəkətlərin, məmur özbaşınalıqların  şahidi olduq. Bununla da arsenalımızı kifayət qədər zəiflətdilər. Bu sahədə işlər bioetika və tibbi hüququ adı altında aparılacaqdı, ancaq indi bu işlər insan hüquqları və bioetika şifri ilə gedir. Bu baxımdan bioetika elmi indi də respublikamızda inkişaf edir, ancaq istənilən sürətlə, dəstəklə yox. Potensial və tələbat daha böyükdür.  

  

- Bu gün bir hadisə olarkən vətəndaşlar tibb sahəsində ixtisaslaşmış vəkil problemi ilə qarşılaşır. Bunu necə dəyərləndirirsiniz? 




-Bu, gerçəklikdir. Bu, tibbi hüququn üçüncü müstəvisi, məhz praktikası ilə bağlıdır. Vəkillik  fəaliyyəti praktika ilə bağlıdır. Həkim səhvi baş verən zaman bunu gündəlik həyatda necə həll etməliyik? Vəkillər burada öz sözünü deməlidir. İstanbulda, Ankarada avtobus, taksi ilə gedən zaman tibbi vəkil elanlarının olduğunu görürük. Bu sahə artıq nə Türkiyə, nə də Avropa ölkələrində yeni bir sahə deyil. Təmsil etdiyim Dünya Tibbi Hüquq Assosiasiyası 1967-ci ildə Belçikada yaranıb, bu gün baş ofisi Los-Ancelsdə yerləşir. O illərdən tibbi hüquq sürətlə inkişaf etməyə başlayıb. Avropa Səhiyyə Hüququ Avropa tibbi hüquq sahəsində olan hüquqşünasları, professorları və vəkilləri birləşdirir. Amerikanın, Asiya-Sakit Okean, Avstraliya, Latin Amerika kimi regional Tibbi Hüquq assosiasiyaları; milli assosiasiyalar, məsələn, ABŞ, Çin, Rusiya Tibbi Hüquq Assosiasiyaları və institutları mövcuddur.

 

Maraqlı faktdır ki, tibbi hüququn inkişafına dəstək verənlər, əsas avanqardı məhkəmə tibbi ekspertlərdir. Çünki məhkəmə tibbi ekspertlər o şəxslərdir ki, həkim olaraq, hüquqi yanaşma və düşüncəyə malikdirlər. Bir çox ölkədə məhs o ekspertlərdir ki, ali tibb təhsilinə əlavə olaraq hüquq təhsilinə də yiyələniblər. Tibblə əlaqədar vəkillik edənlər də belə şəxslər olalnda onlar artıq bu cür işlərin incəliklərini daha yaxşı başa düşür. Yəni həm tibbdən, həm də hüquqdan başı çıxmalıdır. Mən də tibb universitetini bitirdikdən sonra, məhkəmə tibbi ekspert kimi işlədim, Böyük Britaniya, ABŞ və Rusiyada məhkəmə təbabəti üzrə ixtisasartırmalardan, doktoranturadan keçdim, və eyni zamanda həm Bakı Dövlət Universitetində, həm də də Rusiya Federasiyasında hüquq fakültələrini bitirdim. Bu insana həm həkim, həm də hüquqşüns təfəkkürü verir.  

 




Dünyanın digər ölkə və regionlarında olduğu kimi,  2010-cu ildən biz də Azərbaycanda Tibbi Hüquq və Bioetika İctimai Birliyini yaratdıq, lakin yuxarıda qeyd olunan məsələlər ilə bağlı onun fəaliyyətini dondurmalı olduq. Birliyin məqsədlərindən biri bu sahədə vəkillik insititutuna dəstək vermək idi. Bir çox vəkillərin bu sahəyə girişməməsinin səbəblərindən biri odur ki, tibbdən başları çıxmır, tibbi bilikləri yoxdur. Vəkil həkim səhvlərini araşdırmaq üçün tibbi sənədlərlə işləməlidir. Amma həkim həmin sənədlərdə elə yazacaq və digər həkimə göstərəndə də sirlərini üzə çıxarmaq istəməyəcək ki, vəkil boş yerə zəhmət sərf edəcək. Bu baxımdan vəkillər çox da həvəslə bu işlə məşğul olmurlar. Digər tərəfdən, bəzən məhkəmələr vətəndaşdan şikayət ərizəsini götürməkdən imtina etdiyi hallar olub - vətəndaş xəstəxanada övladını itirmişdi, məhkəmə ondan "arxalı” xəstəxanadan şikayət götürə bilinməyəcəyi bildirmişdi. Adam ölüb, ancaq vəkil də hansısa xəstəxana ilə bağlı işlə məşğul olmaq istəmədiyini bildirib. Bəs belə hallarda vətəndaşın taleyi necə olsun? 




Şübhəsiz, tibbi hüquq şifrinin AAK-ın elmi ixtisaslar siyahısındən çıxarılması bizi geri atdı. Ona qədər isə, 2011-ci ildə çox gözəl bir hal yaşandı. YUNESKO-nun dəstəyi ilə biz Bakı Dövlət Universitetində bioetika və tibbi hüquq fənninin əvvəlcə fakültativ, sonra məcburi tədrisinə başladıq. Onun ilkin nəticələri yaxşı olduğu üçün o fakültədə bu elm sahəsinə bir həvəs yarandı, burada tibbi hüquqa hörmət yarandı, onun lazımlığını alimlər dəstəklədilər. Hazırda bu ənənə davam etməkdə və magistratura pilləsində artıq tibbi hüquq və bioetika fənlərindən gələcək hüquqşünaslara dərs deyilir. Həvəs də elə böyükdür ki, bir yerə bir neçə namizəd var. Həqiqətən də bu, hüquqşünas üçün gələcəkdə böyük fəaliyyət sahəsidir. Yəni, Azərbaycand tibbi hüquq ildən ilə güclənəcək, və bunun qarşısı alınmaz bir prosesdir, bu zamanın tələbidir. Bu gün ABŞ və inkişaf etmiş Avropa ölkələrində məhkəmə işlərinə baxsaq, görəcəyik ki, bu işlərin 10-15 faizi elə tibbi hüquq müstəvisindədir. Məhkəməyə gələn işlər insanların hüquqlarının pozulması ilə bağlıdır.

 

Hüquqlar arasında ən vacibinə gəlincə, birinci yerdə həyat, ikinci yerdə sağlamlıq gəlmirmi? Əmlak da, digər məsələlər də ikinci dərəcəlidir. Əgər vətəndaş həyat və sağlamlıq hüququnu itirirsə, sən onu müdafiə edə bilmirsənsə, o halda bu günkü dövrdə vəkillik fəaliyyətini necə apara bilərsən?! Ona görə də, tibbi hüququn və bioetikanın cəmiyyətdə inkişaf etmə dərəcəsi - cəmiyyətin nə qədər inkişaf etməsinin və demokratik olmasının obyektiv göstəricisidr. Bu Xorvatiyanın keçmiş prezidenti, Zaqreb universitetinin hüquq üzrə professoru İvo Cosipoviçin sözləridi. 2010-cu ildə Dünya Tibbi Hüquq Konqresinin açılışında deyib.  




Bizim Vəkillər Kollegiyasında böyük dəyişiklik oldu. İnanıram ki, Vəkillər Kollegiyasında da bu məsələlərə böyük diqqət yetirəcəklər. Mənim bununla bağlı Vəkillər Kollegiyası ilə bağlı bir neçə dəfə kontaktım da olub. Tək Qərb dövlətlərinin deyil, yaxın Rusiya və Ukraynanın təcrübəsinə baxsaq, görərik ki, Vəkillər kollegiyalarında tibbi hüquq komitələri yaradılıb. Avropa Şurasından da buna dəstək var. Çünki buna zərurət var. Ümumdünya Tibbi Hüquq Assosiasiasındakı həmkarlarım o komitələrə ya rəhbərlik etməklə, ya da məsləhətçi kimi vətəndaşlara və vəkillərə bu sahədə konsultativ xidmətlər göstərillər. Bu cür xidmətlər mütləq göstərilməlidir. Təsəvvür edin ki, vətəndaş bizik, yaxınlarımızla əlaqədar bir hadisə baş verib. İnsan bir yerdən bir imdad, doğru məsləhət almalıdır. Doğru məsləhət almadıqda narazılıq, inamsızlıq yaranır. Çünki sən açıq-aşkar pozulmuş hüququnu bərpa edə bilmirsənsə, çox çətin bir vəziyyətdə qalırsan, öz qəzəbini başqa ünvanlara yönəldirsən. 




Son illərdə baş verən bir neçə hadisəyə diqqət çəkmək istəyirəm. Azərbaycanda bir neçə il ümumi təhsil müəssisində vaksinləşdirmə zamanı 15 yaşında bir gənc dünyasını dəyişmişdi. Bu kimi işlərin araşdırılması tibbi hüququn ayrıca bir sahəsidir. Vaksinləşdirmədən sonra uşaq dünyasını dəyişir, ailə ölümün səbəbinin araşdırılmasını tələb edir. Bir neçə müddətdən sonra ekspertiza aparılır, deyilir ki, gəncin ölümünün vaksinlə heç bir əlaqəsi yoxdur. Bir neçə ay sonra isə vaksinlə başqa bir təhsil müəssisəsində 6-7 uşaq eyni vaxtda reaksiya verir. Onlardan bir neçəsi xəstəxanaya yerləşdirilir. 15 yaşlı gəncin ölümü ilə bağlı olduğu kimi, burada da bəri başdan bildirilmişdi ki, bunun vaksinlə, peyvəndlə heç bir əlaqəsi yoxdur. Necə ola bilər ki, sən bunu araşdırmadan, nəticəsini bilmədən vaksinlə bir əlaqəsinin olmadığını söyləyə bilirsən? İkincisi, vaksinlə bağlı problem tək bir uşaqda deyil, bir neçə uşaqda olursa, gəncin ölümü ilə bağlı araşdırma da şübhə altına düşür. Bu məsələ KİV-də geniş müzakirə edildi, valideynlər və vəkilləri heç bir yerdən onları qane edən cavab tapa bilmədilər. Sadəcə, deyildi ki, dövlət strukturlarının bu məsələyə heç bir aidiyyatı yoxdur, peyvəndləşmə məcburidir, peyvəndlər də keyfiyyətlidir, nəsə baş veribsə, deməli, uşağın özündə xəstəlik olub. Bu hadisə sizin, mənim ailəmdə baş versə, sakitcə razılaşa bilərik?! Bu məsələnin həlli yolu olmalıdır.  Dünya təcrübəsinə baxsaq, məlumatlı razılıq məsələsinin zəruriliyi burada ortaya çıxır. Məlumatlı razılıq odur ki, sən peyvəndi verməzdən əvvəl uşaq azyaşlıdırsa, valideynindən razılıq almalısan. Onu almayıbsansa, artıq elə bu kifayətdir ki, beynəlxalq hüquq nöqteyi nəzərdən onların hüquqlarının kobud sürətdə pozulmasında, ölümlə nəticələnən hadisədə ittiham olunasan. Sənin valideyndən razılıq almamağın isə həmin hüquqi boşluqdan irəli gəlir. Yəni səhiyyə qanunvericiliyimizdə bu gün beynəlxalq və milli hüquq arasında boşluqlar çoxdur.

 




Mən Rusiyanın Seçenov Universitetinin dəvətli professoruyam, orada doktorluq müdafiəsini etmişəm, indi də Bakı filialında dərs deyirəm, biz bu məsələləri tələbələr arasında müzakirə etdik. Universitetdə elə tələbələr var ki, valideynləri Rusiyada yaşadığı üçün Rusiyada orta məktəbi bitiriblər. Digər tələbələr isə Azərbaycanda orta məktəbdə oxuyublar. Bu tələbələr arasında fikir ayrılığı üzə çıxdı. Rusiyada oxumuş tələbələr dedilər ki, peyvəndləşmə zamanı valideynlər razılıq vermirlər, bu nətər olur? Azərbaycanda oxumuş tələbələr dedilər ki, yox. Çox təəcübləndilər. Məlum oldu ki, Rusiyada məktəb direktoru sinifdə valideynlər üçün müvafiq forma göndərir, peyvəndləşmə haqqında istəyənlərə məktəblərdə təlimatlandırılma təşkil edilir. Hər valideyn də övladına peyvənd vurulmasına könüllü razılıq verməli, onun üçün qol çəkməlidir və yaxud imtina edə bilər. Bu, hüquqi prosedurdur. Bu hüquqi proseduru Azərbaycana gətirmək niyə çətin olmalıdır? Əgər 15 yaşlı gəncin situasiyasında valideyn bir gün əvvəl uşağına peyvənd vurulmasına razılıq versəydi, sonrakı reaksiyası belə ola bilərdi?! Ona görə də biz vətəndaşı öz savadsızlığımızdan, biliksizliyimizdən, işi bacarmadığımızdan niyə dövlətlə, hökumətlə üz-üzə qoymalıyıq?! 




Bir hadisəni də qeyd edim. Salyan rayonunda Mirzabitə Abdullayeva adlı xanım 3 körpə əkiz uşaq dünyaya gətirmişdi. Çəkiləri az olduğu üçün Salyanda xəstəxanada xüsusi oksigenli avadanlıqda yerləşdirilirər. Oksigenlə təminat üçün isə elektrik enerjisi olmalıdır. Gecə vaxtı rayonda işıqqlar sönür, elektrik enerjisi kəsilir və həmin aparat işləmir. Nəticədə uşağın ikisi elə orada tələf olur. Sosial şəbəkələrdə olan məlumata görə, nənəsi baş həkimə müraciət edir, həkim deyir ki, generator işləmir. 10 gün sonra üçüncü uşağı Bakıya gətirirlər, o da ölür. O kadrlara baxanda görürsən ki, uşaqların atası xəstəxananı uçurur, qarşısına çıxan da heç kəs yoxdur. Orta tibb personalından başqa nə həkim, nə baş həkim atasının qabağına çıxmır. İnsanların elə xəstəxananın koridorlarında ürəyi gedir... Vətəndaşla ünsiyyəti qurmağı bacarmaq, onun yerinə özümüzü qoymağı bacarmalıyıq. Biz o zaman Səhiyyə Nazirliyinə rəsmi müraciət yazdıq, ən azı bu məsələnin araşdırılmasını xahiş etdik. Əgər xəstəxanada ehtiyat generator işləmirsə, buna məsul şəxslər var, laqeydlik göstərilib. İkincisi də, müraciətimizdə profilaktik tədbirlər görülməsini istədik. Respublikanın mərkəzi xəstəxanalarında bütün generatorlar yoxlanılmalı idi ki, sabah ən azı işıqlar sönəndə bu cür hallar təkrarlanmasın. Keçən il iyulun 3-də respublikada işıqlar sönəndə şahidi olduq ki, həmin problem yenə təkrarlandı. Sonra cənab Prezident buna çox kəskin reaksiya verdi. Axı bu işləri təşkil etmək üçün cavabdeh şəxslər var, bu, onların vəzifə borcudur. Vətəndaşın da bu halda hüququ pozulursa, onunla ünsiyyət yaratmaq, pozulmuş hüquqlarını bərpa etmək də vəzifə borclarıdır. Bu kimi hadisələrdə doğru qərarların verilməməsi, vəzifə borclarının yetirilməməsi hüquqa zidd, bəzən cinayət hüququna zidd hərəkətlərdir, çunki bu hərəkət və yaxud hərəkətsizliyin nəticəsində insanlar həyat və sağlamlıqlarını itirirlər. Həyat və sağlamlıq isə Allah təala tərəfindən hər birimizə verilən qeyri maddi ali nemətdir, bir dəfə verilir, və hüquqi nöqteyi nəzərdən, Konstitusiyamız tərəfindən qorunur. Heç bir məmurun bunlarla elə belə rəftar etməsinə yol vermək olmaz.  

 

Hüquq sahəsində olanlar bilir ki, həyatda tez tez elə hadisələr baş verir ki, artıq onu geri qaytarmaq mümkün deyil. Ölən adamı, itirilmiş bədən üzvünü təzədən geri qaytara bilməzsən. Lakin hüquq, etika elə ona görə yaradılıb ki, bu kimi mürəkkəb işlərdə doğru qərarların verilməsinə köməklik göstərilsin. Milli etikamızın əsas mənbəyi olan müqəddəs Qurandan da belə hüquq normaları irəli gəlir. Quranda yazılır ki, ölən, ziyan vurduğun adamın özünü, ailəsini razı salmalısan. Bu, həm etika, həm əxlaq, həm də hüquqi bir tələbdir. Əgər qanunvericiliyimizdə bu boşluqlar tənzimlənmirsə, qanunvericilik bu sahədə çox ciddi işləməli və boşluqlar doldurulmalıdır. 




Ancaq elə qanunlarımız da var ki, onların icrası sahəsində boşluqlar var. Bu nöqteyi-nəzərdən də o boşluqları araşdırıb üzə çıxaran, vətəndaşının hüququnu müdafiə edən şəxs vəkil olmalıdır. Ona görə də mən də arzu edirəm ki, AR-nın yeni Vəkillər Kollegiyasında Tibbi hüquq komitəsi yaradılsın və KİV-ləri bunu geniş təbliğ etsinlər. Vətəndaşlar da bilsinlər ki, bu cür problemlər olduğu halda harasa müraciət etmək imkanları var. Mən lazım olduğu halda öz vətəndaşlıq və peşəkar borcumu yerinə yetirməyə hazıram. Məhkəmə təbabəti, tibbi hüquq, bioetika, tibbi kommunikasiya sahələrində xüsusi bilik və təcrübəyə sahib olduğum üçün, məsələlərin əhəmiyyətini, dövlətimiz, cəmiyyətimiz, vətəndaşımız üçün bunun vacibliyini dərk edərək bu sahədə həmişə köməyimi səhiyyə ilə bağlı qurumların rəhbərlərinə təklif etmişəm. 




- Həkimlər də bu sahədə peşəkar vəkillərin olmamasından əziyyət çəkmir ki?




- Bu gün həkimlərin bir çox aspektlərdə böyük əziyyət çəkdiyinin şahidi oluram. Biz pasiyentlərin hüquqlarından danışanda həkimlərin də hüququndan danışmalıyıq. Biz həkimlərə kömək etməliyik. Danışdığımız səhvlər araşıdırılaraq həkimlərin iştirakı ilə müzakirə edilərsə, onlar da gələcəkdə həmin səhvləri başqalarında təkrarlamayacaqlar, müdafiəli olacaqlar. Bilik - əsas silahdır. Əks halda həkimlər həm pasiyentlərin, həm də özlərinin ziyanına işləyəcəklər. Məhkəmə təbabətinin əsas vəzifələrindən biri səhiyyə sistemində tibb sahəsindəki çatışmazlıqları araşdırıb, müəyyənləşdirib səhiyyə orqanlarının rəhbərlərinə məlumat verməkdir, bu sahədə maarifləndirmə işlərini təşkil edib aparmaqdır. Daha sonra da həmin tibb müəssisələrində klinik-anatomik konfransların keçirilməsi bizim vəzifəmiz olmalıdır. Bunlar haqqda, mənim 2005-2011-ci illərdə həm elmi jurnallarda, konfranslarda, KİV-lərdə onlarla məqalələrim işıq üzü görüb. Məsələn, bu gün bir hadisə baş verdisə, həmin hadisə ilə bağlı araşdırma nəticəsində təzədən həkimlərin yanına qayıtmalı, həkimlərlə bu məsələni müzakirə edilməli, onların səhvləri olubsa, heç hüquq müstəvisinə çıxmadan həkim həmkarları kimi səhvlərini onlara başa salmalıyıq. Onlara kömək etməliyik ki, sabah bu situasiyada sənin davranış qaydan belə olmalıdır. Yəni, həkimi bilik ilə silahlandırmalıyıq, ona kömək etməliyik.  




Son Qazaxıstan səfərimdə səhiyyə nazirinin rəhbərliyi ilə bütün vilayətlərindən gələn baş həkimlərə 2 gün seminar keçdim. Onlar ali savadlı, neçə illər işləmiş həkimlər olsa da, seminardan sonra dedilər ki, bilmədikləri çox şeyləri öyrəndilər. Çünki bu gün Qazaxıstanda hüquq və səhiyyə sistemləri qarşı-qarşıya gəlib. Artıq onlarla həkim cinayət məsuliyyətinə cəlb edilib. Artıq ölkədə həkim fəaliyyət göstərməyə qorxur ki, hansısa səhv edəcəm, hüquq-mühafizə orqanları onu tutacaq. Səhiyyə naziri elan edir ki, tendensiya bu cür davam etsə, Qazaxıstanda həkim işləməyə adam tapmayacaq. Həkimlər Rusiyada, Özbəkistanda, başqa yerlərdə işləməyə gedir. Yəni hüququn da normadan çox həkim peşəsinə təzyiq etməsi doğru deyil. Bu nöqteyi-nəzərdən seminarda çalışdım ki, həm hüquq-mühafizə orqanları, həm səhiyyə orqanlarının rəhbərlərinin mövqelərini bir qədər yaxınlaşdırım, çünki mövqelər ziddiyyətlidir.

 

Həkimlərin mövqeyi belədir ki, həkim səhvinə görə cəza olmamalıdır, həkimin səhv etməyə ixtiyarı var. Hüquqşünasın isə mövqeyi tamamilə fərqlidir.  Hüquqşünas hesab edir ki, həkimin səhvi nəticəsində insan həyatını, sağlamlığını itirib, bunlar da insanın ən yüksək qeyri-maddi dəyərlərdir. Bunlar itirilirsə, kimsə cəzalandırılmalıdır. Hər biri öz növbəsində haqlıdır. Böyük həkimlər deyiblər ki, həkim səhvi olmasa, tibb inkişaf etməz, bir çox şeylər elə səhvlər nəticəsində kəşf edilir. Səhvlər nəticəsində bir çox dərmanlar kəşf edilib. Ona görə də hər şeyi səhv adlandıra bilərik, ancaq hər bir səhvi bir-bir araşdırıb onun motivini bilməliyik. Elə səhv olur ki, o, təsadüfən ola bilər, lakin elə səhv var ki, ehtiyatsızlıqdan, elə səhv var ki, laqeydsizlikdən baş verə bilər. Yaxud səhv savadsızlıqdan, peşəkar savadsızlıqdan ola bilər. Əgər birinci halda sən güzəştə gedə bilirsənsə, ikinci halda həkim cəzalandırılmalıdır. Həkimin savadsızlığı nəticəsində insan həyatını itiribsə, cəzalandırılmalıdır. Həkimin laqeydliyi ucbatından insan həyatını itiribsə, cəzalandırılmalıdır. Bunu həkim şüuruna otuzdurmaq çox çətindir.

 

Seminarda da gördüm ki, cəzalandırmaq sözü çox xoşlarına gəlmədi. Bir misal çəkdim. Məsələn, sən 9-cu mərtəbədə ehtiyatsızlıqdan bir güldanı salırsan və aşağıdan keçən bir insan həyatını itirirsə, sən cəzasız qalacaqsan? Hüquq-mühafizə orqanları ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi açacaq. Həkim də ehtiyatsızlıqdan kiminsə həyat və sağlamlığına ziyan vurubsa, cəzasız qala bilməz, çünki əks tərəfdə insanın həyatı sənin ehtiyatsizlığın ucbatından itirilib. Bank əməkdaşının ehtiyatsız hərəkətindən, bank 500 manat itkiyə gedərsə bank bunu bağışlayar? Yox, və biz bunu təbii qəbul edirik. Lakin ehtiyatsız hərəkətindən adam ölübsə, sən cəzasız qalırsan. Yəni insan həyatı 500 manatdan da ucuzdur? Düşüncəyə bunu oturtmalıyıq. Həkimlərimizdə hüquqi dövlətə xas olan hüquqi təffəkkürü azca da olsa yaratmalıyıq. Bu da ali və orta tibbi təhsilin vəzifəsidir, həm diplomaqədər, həm də diplomdan sonra – bu da dediyim 4-cü müstəvidir, ki məhs burada boşluqlar çoxdur. 




Gəldik çıxdıq dördüncü müstəviyə – təhsil və tədris müstəvisinə, buraya böyük diqqət yetirmək lazımdır. Bu gün bütün müasir tibb universitetlərində, orta tibb təhsili məktəblərində tibbi hüququn, bioetikanın tədrisi çox böyük əhəmiyyətə malikdir. Hüquq fakültəsində bu fənnin tədrisi 2011-ci ildən gedirsə, tibb fakültələrində buna nail ola bilməmişik hələ. Biz tibb fakültələrində indiyə qədər tibbi hüquq dərsi deyə bilmirik. Mən tələbələrimə sual verirəm ki, bioetika və tibbi hüquq keçmisiz, deyirlər ki, deyəsən, keçmişik, amma nə müəllimlərini, nə də danışılan mövzuları xatırlayırlar. Buna görə də,  bu gün həkimlər səhiyyə qanunvericiliyimizi bilmir. Bu gün Tibb Universitetini bitirən tələbələr xəstəlikləri, xəstəlikləri necə müalicə etməyi, diaqnoz qoymağı, hansı dərmanlar yazmağı gözəl bilirlər. Amma xəstəylə davranış qaydalarını hansı hüquqi formatda tənzimləməyi bilmirlər. Ona görə də praktikaya düşəndə ondan-bundan öyrənirlər. Buna görə də bu sahədə tədris bazası yoxdur, görülməli işlər çoxdur. Biz bununla bağlı dəfələrlə həm Səhiyyə Nazirliyini, həm də Tibb Universitetin rəhbərliyini məlumatlandırmışıq. İndi Tibb Universitetin rəhbərliyi dəyişib, çox proqressiv addımlar atılır. O nöqteyi-nəzərdən ümid edirəm ki, bu sahədə çatışmazlıq da yaxın gələcəkdə aradan qaldırılacaq. 




Həkimlərdə hüquqi şüur inkişaf etdirilməlidir. Pasiyentin vətəndaş kimi hüquqları var. Etiraf etməliyik ki, artıq həkimlərin şəfa verməkdən əlavə bir çox məqsəd və vəzifələri var. Bu gün həkim işə gedəndə tək xəstəsi yox, həm də güzaranı, əməliyyatlarla bərabər qazancı barədə də fikirləşir. Bu maraqları tarazlaşdırmaq lazımdır. Bu tarazlaşdırmanın yolu tibb peşəsində etik və hüquqi təhsilin gücləndirilməsidir. Yəni birinci, həkimin mənəviyyatı yüksək səviyyəyə qaldırılmalı, ikincisi, əgər çox mənəvi olmasa belə, həkim hüquqi məsuliyyətini dərk etməlidir. Dərk etməlidir ki, vətəndaşın sağlamlığı ilə bağlı problem yarananda cavabdehlik daşıyacaq, onun vəkili ilə söhbət aparacaq. 




Həkimlərin hüquqlarının da müdafiəsi vacib bir aspektdir. Vəkillər Kollegiyasında Tibbi komitə yaradılacaqsa, həkimlərin hüquqlarının qorunması ilə də məşğul olmalıyıq. Çünki elə situasiyalar var ki, bəzi kateqoriya insanlar ölkəmizdə insan hüquqlarının aktuallığını nəzərə alaraq, hətta bundan sui-istifadə etməyə başlayırlar. Hətta həkimlərə qarşı terrora, şantaja keçməyə çalışırlar. Bu baxımdan həkimlərin də hüquqlarının qorunması vacibdir. Həkimlər də öz hüquqlarını bilməlidirlər. Həkimin ən birinci hüququ layiqli, öz peşəsinə uyğun, peşəyə hörmət ifadə edən maaş almaqdır.  Dünyanın bütün inkişaf etmiş ölkələrində ən yaxşı yaşayanlar həkim və vəkillərdir. Görün, yaxşı həkim olmaq üçün, tibbdə alim olmaq üçün nə qədər ömür qoyursan. Əfsuslar olsun ki, həkimlərin bu günkü məvacibləri kifayət qədər deyil. Alimlərin olduğu kimi. İki ali təhsilli universitet professorusan, lakin dövlətin sənə kəsdiyi aylıq maaş 350 manatdır. Bunu danışan yoxdur. Dayanacaqlarda dayanan təhsili olmayan parkovshiklərin gündəlik qazancı professorun qazancından qat-qat çoxdur. Bu nəyimizə yaraşır? Dövlət bu məsələlərə diqqət yetriməli, ən azı məvaciblərimizi Avropa olmasa da, Rusiya, Qazaxıstan səviyyəsinə qaldırmalıdır. Bu məvacib kifayət qədər olmadığı üçün həkimlər məcburən müxtəlif yollarla qazanc yerləri axtarır, dövlət xəstəxanasındakı xəstələri özəl xəstəxanalara yönəldirlər. Çünki bu zaman xəstənin deyil, özlərinin mənafelərini fikirləşməyə başlayırlar. Həkimin öz mənafeyini xəstənin mənafeyindən qabağa qoymasına səbəb sistemdəki natarazlıqlardır. 




İkincisi, həkimin müdafiə olunması üçün ən güclü vasitə - yuxarıda söylədiyim kimi, həkimin biliyi, savadıdır. Bura bioetika və tibbi hüquq sahəsində savad da daxildir. Bu gün həkim sual verir ki, bir xəstəyə gözlə desəm də, gözləmir, otağa daxil olur, onu qova bilərəm? Bu sualı ona görə verir ki, davranış qaydasının necə olduğunu bilmir. Biz gələcək həkimləri tələbə olarkən onlara davranış qaydalarını öyrətməliyik. Öyrənməyiblərsə, diplomdan sonrakı təhsildə onları verməliyik. Bunları həyata keçirmək qarşımızda duran məqsədlərdən biridir.    




- Bu gün sosial şəbəkələrdə həkim səhvlərindən çox danışılır. Sizcə, həkim səhvləri çoxdur? 




- İstəyim odur ki, bu məsələyə kifayət qədər diqqət yetirilsin, ölkə rəhbərliyi, yaxud Səhiyyə Nazirliyi tərəfindən bu sahəni öyrənən bir qurum yaradılsın. Müxtəlif ölkələrdə müxtəlif təcrübələr var. Bu, bioetik komitə, pasiyent hüquqlarını araşdıran tibbi hüquq ombudsmanı ola bilər. Azərbaycanda bu boşluğu doldurmaq üçün bu addımlar atılmalıdır. Lakin həkim səhvlərinin olduğunu etiraf etməliyik. 




Bir hadisəni xatırlatmaq istəyirəm. 82 yaşlı Tərlan Əliyeva adlı xəstənin sağ ayağı əvəzinə sol ayağını kəsmişdilər. Bütün KİV-lər bu hadisəni işıqlandırdı. Gördük ki, tək bir həkim səhvi deyil, bütün mərhələlərdə sistemli şəkildə çoxlu səhvlər, laqeyd münasibətlər var. Vətəndaş deyir ki, anamda olan problemlə bağlı təclili yardım maşınında 4-5 xəstəxana gəzdik, heç bir xəstəxana onu qəbul etmədi. Nəhayət angioloji mərkəz qəbul etdi. Bu, nə deməkdir? Yaxşı, qəbul etdiniz, sağlam ayağını kəsdiniz. Həmin qadının qızı deyir ki, həmin səhvdən sonra bir neçə saat xəstəxanada həkim tapa bilmədik. Deyir ki, anam ağrıdan ölür, həkimlər səhvlərinə görə qaçıb, bir ağrıkəsici tapa bilmirik ki, anamın ağrısı kəssin. Sonradan bu hadisənin araşdırılması başlandı. Araşdırmada baş cərrah bildirir ki, ekspertiza aparılaraq bir aydan sonra nəticə açıqlanacaq. Bu, açıq-aşkar görünən səhvdir, onun sadəcə etiraf edilməsi, xəstəyə və ailəsinə üzürhaqqlıq edilməsi üçün bir aylıq ekspertizaya nə lüzum var?! Bunu eşitmədik. Əvəzinə, ilkin olaraq baş cərrah deyir ki, çox güman ki, hər iki ayaqda xəstəlik var, hər iki ayaq kəsilməli idi. Səhv olandan sonra vəAllah, onun həll edilməməsi bəzən bu cür həll edilməsindən daha yaxşıdır. Çünki hər bir problemin həll edilməsi qaydası var. Görürsən ki, bu məsələnin həll edilməsinə cavabdeh olan insanlar problemlərin həll edilməsini, vətəndaşla danışmağı belə bacarmır. Səhv olanda birinci addım səhvi etiraf etmək, ikinci, üzrxahlıq etmək olmalıdır. Deməlisən ki, bu, bir səhvdir, qəsdən olmayıb, üzr istəyirəm, gəl bir yerdə araşdıraq, təzminatını verirəm, nə lazımdır, bir yerdə edək. Amma sən özünü elə aparırsan ki, səhv etməyin bir yana, hələ onun səhv olduğunu ona sübut etmək istəyirsən. Bu, nə etikaya, nə hüquqa, nə dövlətimizə, nə siyasətimizə yaraşır. 




Mən o situasiyanı analiz edəndə başqa mənzərə qarşıya çıxır. O mərkəzin rəhbəri, rəhmətlik Azər Şəmsəddinski mənim də dostum idi. Müsahibə verdi elə o baş cərrahın qarşısında və həqiqəti bildirdi ki, əməliyyatdan qabaq beş həkim xəstə ilə görüşüb, konsilium etmişdik. Xəstəyə deyilmişdi ki, sənin hemoqlobinin yüksəkdir, sağlam qadınsan, bu ayağını kəsəcəyik, bir protez qoyacağıq, 5 aydan sonra yeriyəcəksən. Deməli, konsiliumun nəticəsi belə ola-ola baş cərrah qayıdıb deyir ki, elə iki ayaq da kəsilməli idi. Bu, absurd deyilmi?! Belə absurdları görəndə sağ əlin sol əldən xəbəri olmadığını, səhiyyəmizdə bu kimi sistemsizliyin hökm sürdüyünü başa düşürsən. 




Ona görə də səhvlərin çox, yaxud az olması barədə sualınıza gəlincə, bu kimi hadisələr bu sahənin lakmus kağızıdır. Bu kimi hadisələri görəndə, bəzilərini sizə söylədim, onları təhlil edəndə, bir mütəxəssis kimi tək o xəstəyə deyil, səhiyyənin bu acınacaqlı vəziyyətinə də rəhmət demək qalır. Çünki səhiyyə sistemi təşkil olunmalıdır, səhiyyə siyasəti, onun sütunları, formalaşmalıdır, kadrlar istək və yaxınlıq prinsipi ilə yox, peşəkar keyfiyyətlərə görə seçilməlidirlər. 




Mən 2005-ci ildən İTV və AzTV-də 7 ilə yaxın "Sağlam ol” və "Bioetika” verilişləri aparmışam.  Səhiyyə Nazirliyində böyük islahatların başlanıldığı həmin dövrdə yeni nazir və nazirin müavinləri, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, Türkiyənin səhiyyə naziri ilə eksklüziv verilişlərimiz oldu ki, Azərbaycanın səhiyyəsini birlikdə necə təşkil edə bilərik, necə dəstək verə bilərik. Əfsuslar olsun ki, o zaman qoyduğumuz məsələlər, təkliflər, bu gün həll olunmağa başlanılıb. Məsələn, tibbi sığorta məsələsi. Prezidentin fərman və sərəncamları var idi, yol açıq idi. Tibbi sığortanın 10ildən çox ləngidib 2020-yə gətirməkdə nə lüzum vardı? Bunu o vaxt da etmək olardı və nəticədə həkimin də məvacibi qalxacaqdı, pasiyentin hüquqları da daha yaxşı qorunacaqdı. Səhiyyə sisteminin qurulması özü bir sistemdir və bu sistemin qurulması isə səhiyyəni bilən adamlar məşğul olmalıdır, təsadüfi adamlar yox.  Atalarımız deyib ki, çörəyi çörəkçiyə ver, beş də artıq. Bəzən çörəyi bişirməyi bacarmayan adama çörək bişirmək tapşırılır və o adam da vəzifəsini çörək bişirməyi bacaran adamları məhv etməkdə görür. 




Yeri gəlmişkən, mənim AzTV-də son verilişim həkim səhvinin müzakirəsi oldu. Məsələ belə idi ki, iki övladı evdə qoyan valideynlər xaricə getmişdi. Uşaqlardan birinin 17, digərinin 10 yaşı vardı. 17 yaşlı gənc huşunu itirir, təcili yardım gəlir və gənc 1 saylı Klinik Tibbi Xəstəxananın Toksikologiya şöbəsinə gətirilir. Xəstəxanada görürlər ki, bu zəhərlənmə deyil. Kompüter tomoqrafda baş beyinə qan sızma olduğu aşkarlanır. Bu halda təcili əməliyyat lazımdır. Amma  1 saylı Klinik Tibbi Xəstəxanada Xəstənin ölümünə səbəb olan, səhhətinə ziyan vuran həkim necə cəzalanmalıdır? -  Qanunlar barədə məhkəmə-tibbi ekspertin MUSAHİBƏSİ
Xəstənin ölümünə səbəb olan, səhhətinə ziyan vuran həkim necə cəzalanmalıdır? -  Qanunlar barədə məhkəmə-tibbi ekspertin MUSAHİBƏSİ
Xəstənin ölümünə səbəb olan, səhhətinə ziyan vuran həkim necə cəzalanmalıdır? -  Qanunlar barədə məhkəmə-tibbi ekspertin MUSAHİBƏSİ
Xəstənin ölümünə səbəb olan, səhhətinə ziyan vuran həkim necə cəzalanmalıdır? -  Qanunlar barədə məhkəmə-tibbi ekspertin MUSAHİBƏSİ
Xəstənin ölümünə səbəb olan, səhhətinə ziyan vuran həkim necə cəzalanmalıdır? -  Qanunlar barədə məhkəmə-tibbi ekspertin MUSAHİBƏSİ
Xəstənin ölümünə səbəb olan, səhhətinə ziyan vuran həkim necə cəzalanmalıdır? -  Qanunlar barədə məhkəmə-tibbi ekspertin MUSAHİBƏSİ