Təzyiqiniz niyə aşağı düşür: səbəblər və müalicəsi – Ölüm təhlükəsi varmı?

  • 19 İyun, 2019
  • 8289 Baxış
Təzyiqiniz niyə aşağı düşür: səbəblər və müalicəsi  – Ölüm təhlükəsi varmı?
Adətən insanlar yüksək təzyiqdən daha çox əziyyət çəkir, bu haqda məsləhətlər istəyir, təzyiqin yüksəlməsindən insult və infartk olacağından qorxur. Lakin bir qrup xəstələr də vardır ki, aşağı təzyiqdən şikayətçidir. Amma onları ciddiyə alan olmur. Çünki nədənsə insanlara elə gəlir ki, aşağı təzyiq elə də qorxulu deyil. 

Xüsusən yay aylarında hipotoniyası – zəif, aşağı təzyiqi olan insanların səhhətində problemlər çoxalır.
Medicina.az hipotoniyanın səbəbləri, növləri, müalicəsi haqqında araşdırmanı təqdim edir.

Hər insanın özünün fərdi təzyiq  göstəriciləri olur. Normadan cüzi artıb-azalma, həmin insanın özünü hiss etməsinə bağlıdır. Normada təzyiq 120/80 olmalıdır. Amma bəzi insanlar üçün 115/80 və ya 125/90 normal hesab oluna bilər. 

Təzyiqin sizdə necə dəyişməsini bilmək üçün tonometrlə hər gün 3 dəfə təzyiq hər iki qolda ölçülməlidir.: səhər yuxudan oyanan  kimi, gün ərzində və axşam. Bu ölçmələr zamanı əldə olunan rəqəmlərdən özünüz üçün orta rəqəm götürün. 

Əgər hər gün görsəniz ki, təzyiq  normadan 20-30 azdır, deməli, sizdə hipotoniya var. 
Aşağı təzyiqə səbəb baş beynin qanla təchizatının pozulması, damarların qanı beyinə yaxşı qovmaması və zəif qan dövranıdır. 

Aşağı təzyiqin səbəbləri:

-Yorğunluq
-Davamlı stress
-Yuxusuzluq
-Qalxanvari vəzi və hormonal pozulmalar
-B, C, E, maqniy və dəmirin azalması
-Qanazlığı
-Dayaq-hərəkət aparatı xəstəlikləri, onurğa
-Qan dövranı pozulması
-Damarların tonusunun pisləşməsi
-İrsi, genetik

Əlamətləri:

Təzyiq düşdükdə orqanizm bu simptomları verir:

-Baş ağrısı – alın, gicgah hissələrdə kəskin, deşici, küt ağrılar, sancılar
-Əl-ayaqların sanki donması, keyiməsi, iynə batması
-Ümumi zəiflik və halsızlıq
-Soyuq əl-ayaqlar
-Dərinin avazıması, rəngin qaçması
-Başgicəllənmə
-Zəif ürəkbulanma

 
 
Hipotoniya kəskin və xroniki olur.

Kəskin formada arterial təzyiq qəfildən, kəskin aşağı enir. Bu hal kəllə travmması, qəzalar, zəhərlənmə, qan itkisi, allergiya zamanı olur.
Xroniki hipotoniya isə stabil olaraq hər gün aşağı təzyiqin olmasıdır. Bu zaman çox xəstələr heç özlərini pis də hiss etmirlər. 
Əgər aşağı təzyiq anadangəlmə yaranıbsa və uşaqlıqdan varsa, onun müalicəsinə ehtiyac yoxdur.

Nə etməli?

Aşağı təzyiq üçün ideal müalicə düzgün qidalanma, yaxşı yuxu rejimi və aktiv həyat tərzidir. Əgər insan çox yorulursa, gücü yetdiyindən artıq işləyirsə, 7 saatdan az yatırsa, hipotoniyaya tutulmaq riski çoxdur. 

Mütəxəssislər bildirir ki, yüksək təzyiqi olan insana idman, qaçış, ağır idman və s. nə qədər təhlükəlidirsə, aşağı təzyiqdə əksinə uzun müddətli qacış, gəzmək, trenajor, üzgüçülük, velosiped, idman çox yaxşı təsir edir. 

Aşağı təzyiqdə yüksək təzyiqdə olduğu kimi bir tablet ataraq, vəziyyəti düzəltmək olmur və belə tabletlər yoxdur. Aşağı təzyiq kompleks müalicə və səbəbi tapılmaqla ayrı-ayrı dərmanlarla müalicə olunur.

Amma evdə əliniz altında olan vasitələrlə təzyiqi normallaşdırmaq olur. Aşağı təzyiqi qaldırmaq asandır, nəinki yüksək təzyiqi endirmək.
Təbii tünd, şirin qara çay, şərbət, qara qəhvə, qara şokolad, nabat, duzlu ayran, duzlu şoraba təzyiqi 15 dəqiqə ərzində qaldıra bilər. Bu vasitələr heç də hamıya təsir etmir, amma sınaya bilərsiz. 

Təzyiq düşəndə kontrast duş almaq da kömək edir. İsti su ilə başlayıb, soyuq su ilə bitirirsiz. 

Müalicə məqsədilə yaşıl çay, xüsusi təzyiq qaldırıcı bitki çayları, təzə meyvə şirələri, alma,kök, çuğundur içmək olar.

Müalicə üçün nevroloqa, eləcə də qan göstəriciləri üçün terapevtə müraciət edib, lazım gələrsə damarların vəziyyəti yoxlanılır.