Yuxunun daha bir faydası üzə çıxdı

  • 2024.07.08 14:14
  • 456 Baxış
Yuxunun daha bir faydası üzə çıxdı
Tənhalıq hazırda ən aktual problemlərdən biridir.

Amerika Psixiatriya Assosiasiyasının 2024-cü il sorğusuna əsasən, hər 3 nəfərdən 1-i həftədə ən azı bir dəfə özünü tənha hiss etdiyini bildirir.

Medicina.az xəbər verir ki, bu yaxınlarda aparılan bir araşdırma keyfiyyətli gecə yuxusunun tənhalıq hisslərini azaltmağa kömək etdiyini göstərib.

“HuffPost Life” yazır ki, ABŞ alimləri tərəfindən aparılan araşdırma çərçivəsində iştirakçılar emosional və sosial tənhalıq səviyyələrini, eləcə də yuxu keyfiyyətlərini qiymətləndirən sorğuda iştirak ediblər.

Nəticələr xüsusilə gənclər arasında daha keyfiyyətli yuxu ilə daha az tənhalıq arasında güclü əlaqə olduğunu üzə çıxarıb.

Tədqiqatçılar emosional təkliyi partnyorun olmaması, sosial tənhalığı isə daha geniş kütlə ilə sosial əlaqələrin olmaması kimi təyin ediblər.

Mütəxəssislər yaxşı yatmayan yeniyetmələrin niyə tənhalıqdan əziyyət çəkdiklərini dəqiq bilmirlər. Bildirilir ki, yeniyetmələrin yaxşı istirahət etmədikləri zaman başqaları ilə ünsiyyət qurmağa həvəsli olmamaları bunda rol oynaya bilər. Bundan əlavə, yuxusuzluq narahatlığa və pis əhval-ruhiyyəyə səbəb olur.

Daha öncəki tədqiqatlar tənhalığın yuxusuzluğa səbəb olduğunu göstərmişdi.

Bu ikitərəfli əlaqənin digər mümkün səbəbi yuxunun sürətli göz hərəkəti (REM) mərhələsində beynin günün düşüncələrini və xatirələrini emal etməsidir.

“Əgər beyniniz pozulmuş yuxu rejiminə görə daimi fasilələrlə qarşılaşırsa, o, günün hadisələrini tam şəkildə emal edə bilmir və oyandığınız zaman daha pis əhval-ruhiyyədə olursunuz”, - deyə qeyd edilib.


Aysel