İrandan Azərbaycana gətirilən saxta dərmanlar - Hamilə qadınlar “dərd” doğur – ARAŞDIRMA + VİDEO

  • 27 May 2022 14:48
  • 23639 Baxış
İrandan Azərbaycana  gətirilən saxta dərmanlar   - Hamilə qadınlar “dərd” doğur  – ARAŞDIRMA + VİDEO


Hər il paytaxtda, rayonlarda müxtəlif səbəblərdən onlarla ananın 9 ay bətnində qoruduğu körpəsini doğuş zamanı və ya doğuşdan sonra itirməsi barədə mətbuatda xəbərlər oxuyuruq.

Hər hamilənin övlad itkisinin səbəbi, tarixçəsi var. Amma bəzən, an övladının ölümünə nələrin səbəb olduğunu bilmir.
Çünki doğuş zamanı baş verən ölüm hadisələrinin arxasında çox vaxt bir sirr yatır...

***

Ötən ay Qusarın Hil kənd sakini Maya Zəkiyeva ikinci körpəsini doğuş zamanı itirən analardandır.
Yayılan xəbərlərdə uşaq ölümü ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırılmaya başlanıldığı, ananın həkimdən şikayətçi olması deyilir.

Maya xanım niyə həkimi günahlandırır: 9 ay normal hamiləlik keçirsə də, övladı niyə ölü doğulub?

Medicina.az –ın əməkdaşı bu sualların cavabını axtararkən dərman qaçaqmalçılığının izinə düşüb.




***

Hil kəndində yaşayan Maya xanım, əslində, səbəbin saxta dərmanda olduğunu bilir. Bu dərmanı ona kim təyin edib, kim satıb, niyə həkim soyuducuda saxlanılmalı dərmanı bir kişinin cibində birbaşa xəstəxanaya gətirib? Bütün bunlar hər gün Azərbaycan səhiyyəsində yaşanan həkim-dərman firmalarının, bu dəfə isə qaçaqmalçılarının gizli iş sövdələşməsinin acı nəticəsidir.

“Ya sən öləcəksən, ya körpən”

35 yaşlı Mayanın bir övladı var. Birinci hamiləliyində olduğu kimi ikinci hamiləliyində də həkimi ginekoloq Yelena Tağıyevanın müşahidəsi altında olub.

Qadına hamiləliyin 7-ci ayında əri ilə qanında rezus faktor uyğunsuzluğu olduğu üçün “İMMUNORHO 300” iynəsinin vurmalı olduğunu deyib:

“Həkim dedi ki, ya sən öləcəksən, ya uşaq. 175 manat ver, iynə gətirək. Dedi, firma gətirəcək. İMMUNORHO iynəsini bir kişi gətirdi, pulu da ona verdik. İynə vurulandan sonra şişməyə, qaşınmağa başladım. Hiss etdim ki, iynə mənə düşmədi. 2 həftə sonra getdim həkimə ki, iynədən sonra yaxşı deyiləm. Dedi, hər şey yaxşıdır, o əlamətlər keçib gedəcək.

Sonra dedi ki, sağlam uşaq istəyirsənsə, 600 manat hazırla. Dedim, imkanım yoxdur, pul vermədim.

Doğuş günü xəstəxanaya gələndə UZİ-də baxıb dedilər ki, uşaq qüsurludur, qalmayacaq. Elə də oldu: uşaq diri doğulsa da, bir saat sonra öldü”.


Bütün hamiləliyi zamanı həkim nəzarətində olduğunu bildirən Maya xanım, körpəsinin tələfindən sonra araşdırma aparıb. Məlum olub ki, ona 175 manata satılan dərman saxta imiş:

“Həkimdən soruşdum ki, bəs 9 ay hər şey yaxşı idi, 600 versəydim uşaq qalacaqdı? Niyə uşağım tələf oldu? Dedi, sənin uşağın anadangəlmə qüsurlu idi, mənlik deyil. Mən inanmadım, özüm araşdırdım və bildim ki, o iynədən sonra mənim uşağım qüsurlu olub. Bu iynə orijinal, saxtası imiş.
Həkim körpənin ölüm kağızını belə vermədi”.




Həkim Y. Tağıyeva isə dərmanın saxta olması fikrini qəbul etmir. O iddia edir ki, həmin iynə orijinal olub və xüsusi soyuducuda saxlanılıb.

Lakin Maya xanım bildirir ki, iynə hansısa xüsusi qabda gətirilməyib. Pulu verdiyi kişi həmin dərmanı cibindən çıxararaq ona təqdim edib: “Onlar özləri də yaxşı bilirlər ki, nə ediblər. Günahlarını bilirlər. Aydın görünür ki, bu işlə sistemli şəkildə məşğul olurlar. Biz şikayət etdikdən sonra ailəmə zənglər gəlirdi ki, ərizəni geri götürüm və barışaq. Mən barışmaq istəmirəm. Övladımın haqqının yerdə qalmasını istəmirəm. O dərmanı bizə həkim gətizdirib, boynuna almır. Hələ bizi polisə də verib. Biz ondan şikayətçiyik. İşi Prokurorluq araşdırır”.

Araşdırmamıza görə “İMMUNORHo 300” preparatı dölü qorumaq üçün rezus faktor uyğunsuzluğunda həkim tərəfindən təyin edilir. Hazırda İrandan ölkəyə bu preparatın saxta variantları qaçaqmalçılıq yolu ilə gətirilir. Həmin dərmanlar pərakəndə şəkildə ayrı-ayrı şəxslərə və bəzi apteklərə gizli şəkildə çatdırılır. Hamilə qadınlara bu dərmanlar yazıldıqda, həkim həmin şəxslərə və ya apteklərə yönəldir


Bu dərman insan qanından hazırlanıb

Diqqətinizə çatdıraq ki, bu dərman insan qanından hazırlanıb. Onun saxlanma temperaturu 2-8 dərəcə olmalıdır. Əks halda parçalanır, keyfiyyəti itir.

İrandan qaçaqmalçılıq yolu ilə gətirilən məhsulun saxlanması, daşınması zamanı heç bir qaydalara əməl olunmur, preparat günlərlə çantalarda, ciblərdə gəzdirilir.

Bu zaman keyfiyyətini itirmiş preparat hamilə qadın və döldə çox ciddi fəsadlar verir: anada allergik reaksiyalar, ödem, şiş, qanda dəyişiklik, bətndəki döldə isə hemolitik xəstəliklər, anemiya, ağır sarılıq, beyin zədələnməsi, beyində pozulmalar, hidrops, ölüm baş verir.



Mütəxəssislər nə deyir?


Həkim ginekoloq Lətifə Əfəndiyeva dərmanın keyfiyyətinə həkimim məsul olmadığını bildirib:

“Dərmanların keyfiyyətinə dövlət nəzarət etməlidir. Biz resepti yazırıq, xəstənin dərmanın haradan, kimdən dərman almasını necə bilək? Ümumiyyətlə, ciddi göstəriş olmadan heç bir dərman yazmıram.

Hamilə qadınlara lazım oldu olmadı dərman, BAD, vitamin yazılmasının əleyhinəyəm. Azərbaycan günəş, istilik, mey-meyvə, göyərti ilə zəngindir. Hər yer vitamindir. Sintetik vitaminlərlə orqanizmə nə daxil olduğunu bilmirik. Çoxu panaseadır, istehsalçı vərəqə elə şeylər yazıb doldurur ki, oxuyanda düşünür bunu içsəm hər şey əla olacaq. Hamilənin bədəni kimya zavodu deyil ki, dərmanla doldurasan.

Ümumiyyətlə, hər insanın istənilən dərmana həssaslıq məsələsi var. Antibiotikləri sınaq qoyub bilirik, amma qalan iynə, dərman necə təsir edəcək,o çox faktorlar var.

“İMMUNORHO 300” , digər preparatı Rogamma iynəsidir. Bu preparat gələcəkdə semsibilizasiya olmasın deyə mənfi rezurslu qadınlara hamiləlikdə göstəriş olduqda yazılır. Heç bir dərman analizsiz yazılmaz. Mən nadir halda bu preparatdan təyin edirəm, hələ xəstələrimdə heç bir əks təsir verməyib.

Əgər hamilə qadının bədəninə hər hansı maddə daxil olursa, o dölə təsir edir.
Amma həkim dərmanın keyfiyyətli, saxta olub-olmamasını heç vaxt təyin edə bilməz. Digər tərəfdən həkimlərin vəziyyəti çətindir, hərə bir yolla əlavə pul qazanmağa çalışır. Hər həkim çətinliklərə tab gətirmir.

Tövsiyəm odur ki. Hamilələr internetdən, oradan-burdan gördükləri dərmanları içməsinlər. Qeyri-peşəkar insan dərman məsələsinə qarışanda ziyan edir”.

Altes Pharm şirkətinin Təhlükəsizlik məsələləri üzrə şöbəsinin rəhbəri Zamiq İsmayılov saxta dərmanların ölkəyə necə gətirildiyini, firma dərmanı ilə qaçaqmalçı dərmanların fərqini açıqlayıb:

“Azərbaycana dərman vasitəsi gətirilməmişdən əvvəl Səhiyyə Nazirliyinin Analitik Ekspertiza mərkəzinə müraciət olunur, bütün sənədlər hazırlanır və dərman vasitələri, qida əlavələri mərkəzin laboratoriyasına yoxlanış üçün təqdim olunur.

Laboratoriya bu dərman vasitəsini hərtərəfli tərkibini yoxlayır, zərər vermədiyinə əmin olur, marka, istehsaçı, ad oxşarlığı, hər hansı dəyişiklik olub ya olmayıb, bunları incələyib, müsbət rəy verir. Bundan sonra həmin şirkət Azərbaycana filan adda, filan tərkində dərmanı birbaşa istehsalçıdan alıb gətirə bilir. Dərman ölkəyə daxil olur gömrükdən, gömrükdə də icazə sənədləri istənilir.
Şirkət də vergi, gömrük rüsumunu ödəyərək o vasitəni ölkəyə idxal edir.

Qida əlavələri – vitaminlərdə isə əlavə olaraq Qida Təhlükəsizliyi Agentliyindən rəy alınmalıdır. Çünki onlar qidaya əlavə hesab olunur, dərman vasitəsi deyil.

Onun da təhlükəsizliyinə o qurum cavabdehdir.
Beləliklə, ciddi icazə olmadan ölkəyə bir vasitə, BAD belə gələ bilməz”.

Bəs qaçaqmalçılıqla dərmanlar necə gətirilir?

“Bununla məşğul olan xüsusi qruplar, adamlar var, onlar İrandan, Türkiyədən, Gürcüstandan, haradan quru sərhəd var, ordan az-az miqdarda dərmanları keçid məntəqələrindən keçirərək gətirir. Dərmanları cibdə, çantada,zənbildə, maşının təkərində belə keçirə bilirlər.
Burda əsas təhlükə nədir. Elə dərman var ki, onun molekulu istiyə həssasdır. Məsələn, sözü gedən bizim İmmunoRHO iynəsi mənfi 6-8 dərəcədə saxlanılıb, gətirilməlidir. Biz onu zavoddan xüsusi soyuducu konteynerlərdə gətiririk.

Qaçaqmalçı yolu ilə gətirən isə 20 dərəcə istidə də onu soyuducusuz gətirir və üstəlik sonradan soyuducuda da saxlamır. Bununla dərmanda ciddi dəyişiklik baş verir.

Ən yaxşı halda xəstədə toksikoloji zəhərlənmə və allergiya verə bilər. Ən ağırı isə öldürə bilər. Söhbət hamilələr üçün dərmandan getdiyi üçün burda körpə də ölümlə üz-üzə qalır. Hətta toksiki təsir etməsə belə, onu həkimlər mənfi rezurslu qadına təyin edir ki, antitellər dölə təsir etməsin. Həkim İmmunoRhonu yazır, xəstə gedib qaçaqmalçıdan alır və dərman təsir etmir. Bu zaman həkimin müalicəsi nəticə vermir, döldə qüsurlar əmələ gəlir.

İkincisi ölkə iqtisadiyyatına zərbə vurur, o pul yerli büdcəyə yox, İrana ötürülür. Ölkədə rəsmi dərmanların satışı yox, qaçaqmal dərmanların satışı dövr edir.

Qaçaqmal dərmanın tərkibinə heç kim cavabdeh ola bilməz. Çünki onu heç bir laboratoriya yoxlamayıb. Harada hazırlanıb, necə hazırlanıb, içində nə var heç kim bilmir.


Çox təəssüf ki, bir çox həkimlər maarifləndirilmədiyi üçün əsl dərmanla saxtanı, qaçaqmalı ayırd edə bilmir. Bir çoxuna fərq etmir xəstə dərmanı hardan alır, bəzilərini isə qaçaqmalçı şəbəkə pulla şirnikləndirərək öz tərəflərinə çəkib dərmanlarını satdıra bilir.
Həkimlər dərmanları yazandan sonra xəstəni yönləndirməlidir ki, rəsmi firmalardan, apteklərdən alsınlar, əldən yox.
Bu problemdə əsas günah 2 nəfərdədir: qaçaq dərmanı ölkəyə gətirən şəxs, ikincisi o dərmanın sərhəddən keçməsinə göz yuman məmur.

Hazırda həyati vacib dərmanlardan biri “Prednizalon” Ukraynada müharibə getdiyi üçün idxal olmur, çətin tapılır, amma Azərbaycan qaçaqmal prednizalonla doludur.

Nəinki qaçaqmalçının gətirdiyi dərman, hətta insanların Türkiyədən alıb gətirdiyi dərman da eyni dərəcədə təhlükəli ola bilər.
Çünki dərmanın gətirilmə, saxlanma qaydası, temperaturu gözlənmir. Türkiyədə də hansı aptekdən, hansı firmanınkın alacaq o da məlum deyil. Ona görə də dərman alarkən çox diqqətli olmalısız, əldə, cibdə dərman daşımayın, maraqlanın rəsmi distribüterindən alın, aptekdən alın, ucuzdur deyə həyatınızı, canınızı təhlükəyə atmayın”.

Beləliklə, hansısa işbazların, mütəşəkkil dəstənin pul hərisliyi hesabına neçə can məhv olur, neçə-neçə ana ağır travmalar yaşayır, xoşbəxtliyi əllərindən alınır.

Belə bir faciəvi halla üzləşməmək üçün hər bir şəxs maksimum diqqətli və ehtiyatlı olmalıdır.


Çalışın, belə iynələri rəsmi dilerlərdən əldə edəsiniz, heç kimdən “əlaltından” almayın. Əgər belə İran hərfləri ilə sarı loqolu preparat almısınızsa, aidiyyəti qurumlara, qaynar xəttə zəng edib məlumat verin.

Ətraflı videoda izləyin




Aygün Musayeva
Medicina.az