Bakıda 18 yaşlı oğlan əməliyyat masasında öldü – “Həkim dedi ki, risk yoxdur”

  • 2017.09.28 15:10
  • 12093 Baxış
Bakıda 18 yaşlı oğlan əməliyyat masasında öldü –  “Həkim dedi ki, risk yoxdur”
Bakıdakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 18 yaşlı gənc əməliyyat zamanı dünyasını dəyişib.


Medicina.az xəbər verir ki, bu barədə report.az-a mərhumun qohumları məlumat verib.


Bildirilib ki, Salyan rayonunun Qızılağac kənd sakini, 1999-cu il təvəllüdlü Əliyev Səbuhi Rafiq oğlu əməliyyat zamanı narkozdan ayılmayaraq ölüb.


Xəstənin dayısı Ağasəf Xurşidov bildirib ki, bir ay əvvəl S.Əliyevi xəstəxananın həkimi Toğrul Cəlilovun yanına gətiriblər: "Həkim xəstəni müayinə etdikdən sonra əməliyyat etməyi qərara aldı. Əməliyyata səbəb onurğa sütununun əyriliyi idi. Həkim xəstənin əməliyyatında riskin olmadığını bildirdi və əməliyyata qərar verdi. Əməliyyat zamanı həkimlərin, o cümlədən anestezioloqun səhvi ucbatında Səbuhi Əliyev narkozdan ayılmadı. Bu məsələdə xəstəxananın həkimləri, o cümlədən anestezioloq məsuliyyət daşıyır”.


Xəstə yaxınlarının bildirdiyinə görə, faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.


Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova report-a açıqlamasında bildirib ki, S.Əliyev Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna IV dərəcəli ağır kifoskolioz diaqnozu ilə müraciət edib: "Xəstə əməliyyata alınıb. Əməliyyat zamanı halı pisləşib, şoka düşüb. Bütün reanimasion tədbirlərə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb”.

 


 


Bakıda 18 yaşlı oğlan əməliyyat masasında öldü –  “Həkim dedi ki, risk yoxdur”