Suçiçəyinə qarşı peyvəndləmə niyə dayandırılıb?

  • 2019.04.25 16:21
  • 7845 Baxış
Suçiçəyinə qarşı peyvəndləmə niyə dayandırılıb?

Azərbaycanda suçiçəyinə qarşı peyvənd yoxdur. Bu barədə bu gün Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib. Onun sözlərinə görə, başqa ölkələrdə suçiçəyinə qarşı peyvənd edilir.


A.Əliyeva güman edir ki, bəlkə qarşıdakı illərdə Azərbaycanda bu xəstəliyə qarşı peyvəndləmə aparılacaq.


O qeyd edib ki, 2018-ci ildə 15 870 nəfər Azərbaycan vətəndaşı suçiçəyinə yoluxub.


"Bu yaxınlara qədər Azərbaycanda suçiçəyinə qarşı peyvəndləmə aparılırdı. Lakin məlum olmayan səbəblərdən hazırda bu, edilmir”, – öz növbəsində tibb elmləri doktoru, professor Adil Qeybulla Turan-ın müxbirinə bildirib.


Onun sözlərinə görə, UNİSEF-in proqramına uyğun olaraq hər bir uşaq müəyyən yaşa çatdıqda vaksinasiya və immunizasiyadan keçməlidir. Məhz bu immunizasiyanın nəticəsidir ki, bütün dünyada infeksion xəstəliklərin sayı kəskin azalıb. "Uşaqlar vərəm, skarlatina, difteriya, suçiçəyi, qızılca və s. xəstəliklərə qarşı peyvənd olunmalıdır. Bütün bunlar həmin xəstəliklərə qarşı immunitetin möhkəmləndiriləmsi üçün edilir”, -A.Qeybulla bildirib.


Ekspertin sözlərinə görə, dövlət infeksion xəstəliklərə qarşı bütün mübarizə metodlarından, o cümlədən vaksinasiyadan istifadə etməlidir. Vaksinasiya olmadan mümkün deyil və bu problem həll olunmalıdır, o vurğulayıb.


Turan İnformasiya Agentliyi
Suçiçəyinə qarşı peyvəndləmə niyə dayandırılıb?