Uşaqların boy problemi üçün preparat, kimlərə veriləcək? HƏKİM AÇIQLADI

  • 2019.07.02 15:43
  • 5710 Baxış
Uşaqların boy problemi üçün preparat, kimlərə veriləcək?  HƏKİM AÇIQLADI
Gələcəyimiz olan uşaqlara dövlət qayğısının göstərilməsi prioritet məsələdir. Yaxın günlərdə

uşaqların boy probleminin aradan qaldırılması ilə bağlı dövlət proqramının həyata keçirilməsinə start veriləcək. Hazırda bu istiqamətdə müvafiq qurumlarda lazımi işlər həyata keçirilir.
Medicina.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının uşaq pulmonologiya, allerqologiya və endokrinologiya şöbəsinin müdiri Gündüz Əhmədovun sözlərinə görə, onun rəhbərlik etdiyi şöbəyə boy problemi ilə bağlı çoxsaylı müraciətlər olur: "Bu tipli xəstələrin müalicəsi bahalı müalicələrdən hesab olunur. Səhiyyə Nazirliyi uşaqlara kömək məqsədilə bir sıra proqramlar həyata keçirir. Belə proqramlardan biri də uşaqlarda boy probleminin aradan qaldırılması ilə bağlıdır. Bir sıra ölkələrdə boy çatışmazlığı problemini aradan qaldırmaq məqsədilə "Norditropin” dərman preparatından istifadə olunur. Proqram çərçivəsində həmin preparat ölkəmizdə uşaqlara ödənişsiz veriləcək və bunun dəyəri dövlətimiz tərəfindən qarşılanacaq.”
 

 

 
G.Əhmədov "Norditropin” preparatının yalnız Tədris Terapevtik Klinikada xəstəliyi təsdiqlənən və Respublika Endokrinoloji Mərkəzində qeydiyyata götürülən uşaqlara veriləcəyini bildirib: "Xəstəliyin dərəcəsinə uyğun bir uşağa bu preparatdan 2-4 ədəd təyin edilir. İllərlə bu müalicə davam etdikdə bir uşağa təxminən 10 min manat vəsait sərf olunur. Xəstələrin əksəriyyətinin həmin preparatı almağa imkanları olmadığından proqramın həyata keçirilməsinin valideynlərə böyük dəstək olacağı şəksizdir”. Şöbə müdiri iyunun 22-də uşaqlarda boy çatışmazlığı problemi ilə bağlı Gəncə və ətrafında fəaliyyət göstərən endokrinoloqların iştirakı ilə regional tədbirin keçirildiyini də qeyd edib. O bildirib ki, endokrinoloqlar xəstələrin vəziyyəti və digər məsələlərlə bağlı hərtərəfli təlimatlandırılıblar.
Hazırda Respublika Endokrinoloji Mərkəzində 200-ə yaxın uşağın qeydiyyatda olduğunu deyən şöbə müdiri onların sayının ölkə üzrə haradasa 400-500-ə yaxın olduğunu diqqətə çatdırıb. O, xəstələrin aşkarlanması istiqamətində lazımi tədbirlərin görüldüyünü də vurğulayıb.

 

Uşaqların boy problemi üçün preparat, kimlərə veriləcək?  HƏKİM AÇIQLADI
Uşaqların boy problemi üçün preparat, kimlərə veriləcək?  HƏKİM AÇIQLADI