İcbari tibbi sığortada ilk olaraq ürək-damar xəstəlikləri proqramı tətbiq ediləcək – Rəşad Mahmudov

  • 2019.06.22 15:53
  • 8106 Baxış
İcbari tibbi sığortada ilk olaraq  ürək-damar xəstəlikləri proqramı tətbiq ediləcək  – Rəşad Mahmudov

Bütün dünyada olduğu kimi, Azərbaycanda da icbari tibbi sığortanın hədəfi əhalinin sağlamlığının daha yüksək səviyyəyə qaldırılması və təmin olunmasıdır. Azərbaycan Respublikası Prezidentinin ölkədə icbari tibbi sığortanın başladılması üçün verdiyi qərarlar artıq öz həllini tapır.  İcbari tibbi sığortanın təşkili ilə bağlı keçirilən hər toplantıda, hər dinləmədə qeyd olunur ki, ilk olaraq ürək-damar xəstəlikləri ilə bağlı proqram tətbiq olunacaq.


Bunu medicina.az-a açıqlamasında millət vəkili, kardiocərrah, t.e.n. Rəşad Mahmudov bildirib.


" İnsanın ömrünün keyfiyyətli və uzun olmasının birinci şərti ürək-damar sisteminin sağlam olmasıdır. Azərbaycan statistikasında ölkə əhalisinin ölümünə, xüsusən vaxtsız ölümünə səbəb olan xəstəliklər içərisində ilk yerdə də ürək-damar patologiyalarıdır. Özü də bunlar elə xəstəlikdir ki, onunla mübarizədə effektliyi ən qısa müddətdə almaq olar. Ona görə ürək-damar xəstəliklərinin diaqnoz və müalicələrinin bütün aspektləri, hətta əməliyyatları icbari tibbi sığortaya ilk başdan daxil olunacaq və olunmalıdır”.


Əgər ürək əməliyyatları icbari tibbi sığorta tərəfindən qarşılanacaqsa, bu qədər xəstə axını qarşısında dayanmağa ixtisaslı kadrlar, xüsusən invaziv radioloq və ürək cərrahları yetərli olacaqmı sualına millət vəkili bildirdi ki, ölkədə icbari tibbi sığorta başlayacağı vaxtda  bütün tibbi sahələrə nisbətdə potensial gücə malik  və mütəxəssis sayı üzrə lider elə ürək-damar xəstəlikləri sahəsi olacaq.


"Bunu bütün məsuliyyətimlə deyirəm. Düzdür, ürək –damar cərrahları da, kardioloqlar da təkmilləşməli, daha da üst səviyyəyə qalxmaq üçün çalışmalıdır, təbii ki, sayımız da artmalıdır. Amma biz icbari tibbi sığortanın bütün tələbini qarşılayacaq qədər çoxuq”.