20 oktyabr Osteoporoz günüdür - Sümükləriniz əriməsin!

  • 2020.10.20 15:06
  • 2364 Baxış
20 oktyabr Osteoporoz günüdür  -  Sümükləriniz əriməsin!

ÜST –ün məlumatına görə, osteoporoz 10 ən çox yayılmış xəstəliklər siyahısına daxildir; sümüklərin kövrəkləşməsini, yəni sümük toxumasının sıxlığının azalmasını göstərir.

Osteoporoz sümük "kütləsinin azalması" deməkdir; Osteo (sümük) və poroz (dəlikli) sözlərinin birləşməsindən ibarətdir.

Osteoporozun əsasən 2 növü var:

• Standart-menopauza zamanı yaranan (estrogen azalması ilə bağlı).

• Senil (qocalıqla əlaqəli) osteoporoz - əsasən 75 yaşdan sonra başlayır. Adətən, insan kifayət qədər fiziki aktiv olduqda, hərəkət zamanı sümükdaxili təzyiq yüksəlir və sümüyün bərpaedici hüceyrələri olan osteoblastların aktivliyi artır. Bu zaman sümüyün sıxlığı, möhkəmliyi artır. Yaşlı insanlarda fiziki aktivliyini azalması səbəbindən osteoblastlar aktivləşmir və onlarda osteoporoz inkişaf edir
.
Çəkisizlik şəraitində işləyənlərdə də, yaşlılarda olduğu kimi osteoporoz əmələ gəlir.
Sümük əsasən kalsium və zülaldan təşkil olunmuşdur. Təqribən 35 yaşda maksimuma çatan sümük kütləsi qidalanma, həyat tərzi, zərərli vərdişlər, cinsiyyət, fiziki aktivlik və s. asılı olaraq tədricən azalmağa başlayır ki, bu da illər keçdikcə sümüklərin kövrəkləşməsinə gətirib çıxarır.

Osteoporozun yaranmasında müxtəlif səbəblər sırasında kalsium mübadiləsinin pozulması mühüm rol oynayır. Bu mineral (vit D ilə birlikdə) orqanizmdə başlıca “tikinti materialı” hesab olunur. Kalsium-həyatın birinci günündən qocalana qədər orqanizmə lazımdır. Onun defisiti və ya sümüklərdən qana çıxması sümüklərin möhkəmliyinin itirilməsinə və osteoporozun inkişafına səbəb olur.

Xəstəliyin inkişaf riski aşağıdakı hallarda artır:

• 45 və daha az yaşı olan qadınlarda erkən (təbii və ya cərrahi) menopauza
• Qadın cinsi (osteoporoz 50 yaşdan yuxarı qadınlarda hormonal yenidənqurma ilə bağlı daha tez-tez baş verir. )
• Qocalıq

• Ailədə osteoporotik sınıqların olması (xüsusilə anada bud sınığı)
• Revmatoid artrit və ya astma

• Osteoporozu sürətləndirən dərmanların istifadəsi (kortizon, epilepsiya dərmanları, heparin və s.)
• Kalsiumla kasad qida rasionu, D vitamini çatışmazlığı

• Kalsium mübadiləsinin pozulması toxuma asidozu ilə six bağlıdır. Turş metabolitlər yaradan qidaların (ət, ağ un məmulatı, şirniyyat, kofe) çoxluğu, qələviliyi artıran qidaların (meyvə-tərəvəz, göyərti..) qıtlığı asidoza səbəb olaraq osteoporozun inkişafına zəmin yaradır.

• Həmçinin, yaşlandıqca böyrəklərin, qaraciyərin funksiyası zəifləyir və turş məhsullar toxumalarda toplanır. Toxumadakı turşuluğun neytrallaşması üçün kalsium sümükdən qana keçir.
• Siqaret, alkoqol istifadəsi
• Daimi idman vərdişlərinin olmaması

• Kişilərdə testosteron səviyyəsinin aşağı olması (osteoporoz qadın problemi hesab olunsa da, yaşı 65-dən yuxarı olan kişilərin 15%-də bu problemə rast gəlinir).
• Uzun müddətli yataq rejimi
• Xroniki böyrək çatışmazlığı
• Malabsorbsiyaya səbəb olan mədə-bağırsaq sistemi problemləri
• Qalxanabənzər vəzin problemi
• Hiperparatiroidizm (paratiroid hormonunun həddindən artıq ifraz olunması) və s.


Osteoporoz zamanı hansı simptomlar olur?

Osteoporozun başlanğıcında insanda heç bir şikayət olmaya bilər. Ancaq xəstəlik irəlilədikcə sümük toxumasının sıxlığı azalır, sümüklərdə yayılmış ağrı yaranır. Sonrakı mərhələlərdə osteoporoz ağırlaşması olan sınıqlarla təzahür edir. Ekspertlərin məlumatına görə, hər 2,5 dəqiqədən bir osteoporozla bağlı sınıqlar müşahidə edilir.

50 yaşdan yuxarı hər 8 nəfərdən 1-də osteoporoz səbəbi ilə yaranan onurğa sınıqları inkişaf edir və bu nisbət yaş artdıqca artır. Qalça sınığına 70 yaşdan yuxarı hər 3 qadından və 9 kişidən 1-də rast gəlinir.

Osteoporozda bud başının sınığı çox tez-tez baş verir. Bu, çətin sağalan, cərrahi əməliyyat tələb edən fəsaddır. Əməliyyat edilmədikdə isə uzunmüddəətli yataq rejimi və ondan törənən problemlərə (qəbizlik, yataq yarası, aspirasion pnevmoniya..) səbəb olur. Osteoporotik sınıqlar kimi təyin olunan digər sınıqlar- bilək, bel və oma sınıqlarıdır. Sınıqlar insanın fiziki, psixoloji və sosial vəziyyətinə və sağlamlığı ilə əlaqəli həyat keyfiyyətinə mənfi təsir göstərir.



Osteoporozda sümük sıxlığı necə ölçülür?

Sümüyün mineral sıxlığını qiymətləndirmək üçün sümük densitometriyası aparılır. Bu ölçmələrdə sümük itkisi olduqda onun qarşısını alan müalicə tətbiq olunmalıdır.

Osteoporoz bu gün müalicə edilə bilən xəstəlikdir. Xüsusən də erkən başlanan müalicə effektiv olur. Osteoporoz müalicəsinin ən vacib məqsədi sınıqları azaltmaqdır.


Dərman müalicəsi seçimində xəstənin yaşı, yanaşı xəstəlikləri, sınıqların olması kimi xüsusiyyətlər nəzərə alınmalıdır. Müalicədə bifosfonatlar, kalsium və D vitamini, kalsitonin və s.istifadə olunur. Dərman müalicəsindən əlavə, aşağıdakılara nəzarət edilir:

• Düzgün qidalanma
• Sümük sağlamlığına mənfi təsir edə biləcək qidalar, vərdişlər və dərmanlardan uzaq olmaq;
• Fiziki fəaliyyətə dəstək olmaq (yaşa uyğun olaraq)
• Yıxılmanın qarşısını almaq

Yıxılmamaq üçün ...

Yaşlandıqca yıxılma və çanaq sınma riskini artıran bir sıra dəyişikliklərə rast gəlinir. Bunlara əzələ zəifliyi, görmə qabiliyyəti və başgicəllənmə səbəb ola bilər.

Osteoporoz nəticəsində incəlmiş sümük bir az gərginlik nəticəsində də qırıla bilər. Buna görə yıxılma riskini azaltmaq dərman kimi vacibdir. Yıxılmadan qorunmaq üçün tövsiyələr:

• Əzələ gücünüzü artıran məşqlər etmək, sürüşməyən, alçaq dabanlı ayaqqabı geyinmək
• Mütəmadi göz müayinələri, ehtiyac olarsa eynək taxmaqla görmə qabiliyyətini yaxşılaşdırmaq
• Başgicəlləməsini aradan qaldırmaq və s.


• Evdə görülməli olan tədbirlər: işıqlandırmanın normal olması, sərbəst hərəkət üçün maneənin olmaması (məsələn, kiçik sürüşən xalça, kabel və s.), sanitar qovşaqda əlavə tutacağların qurulması və s.)

Bütün xəstəliklərdə olduğu kimi, osteoporozda da əsas məqsəd - xəstəliyin profilaktikası olmalıdır.
Sonrakı həyatda itkini minimuma endirmək üçün, 35 yaşa qədər mümkün qədər ən yüksək sümük kütləsinə sahib edə biləcək tədbirlər görülməlidir. Kifayət qədər güclü sümük kütləsi varsa, irəli yaşlarda itkini az problemlə aradan qaldırmaq olar.


Sümük kütləsi genetik amillərdən asılı olaraq dəyişə bilər. Lakin:
Həyat tərzini şüurlu surətdə tənzimləməklə, yəni:

• Düzgün qidalanma
• Fiziki aktivlik
• Günəş vannaları
• Xroniki xəstəliklərin müalicəsini təmin etməklə, həmçinin,


• təbii qida vasitəsilə (küncüt, badam, fındıq, balıq, ispanaq, kələm və s. kalsiumla zəngindir)
• və ya tablet şəklində (Ca–un tək çatışmazlığı deyil, artıqlığı da orqanizmdə patoloji dəyişikliyə gətirir; hüceyrələrin fizioloji aktivliyini zəiflədir, sinir sisteminin oyanıqlığını azaldır, iştahanın azalmasına, qəbizliyə, ürəkdə dəyişikliyə, sidik daşı xəstəliyinin yaranmasına səbəb olur. Bu səbəbdən kalsium əlavələrinin nəzarətsiz qəbulu məqsədəuyğun deyil. Həkim nəzarəti altında kalsiumu orqanizmə lazım olan miqdarda və formada qəbul etmək vacibdir)
kalsium qəbulunu optimallaşdırmaqla, osteoporozu yavaşlada bilərik.

Biotənzimləyici preparatlar olan Calcoheel və Osteoheel kalsiumun bağırsaqlardan mükəmməl sorulma və mübadiləsini təmin edir; sümük toxumasının destruksiyasının qarşısını alır, sümük və sümüküstlüyünün regenerasiyasını sürətləndirir, Ca-F mübadiləsini normallaşdırır.
Yan təsirləri yoxdur, orqanizmdə toplanmır.