Qadınlar üçün mühüm sağlamlıq problemi olan süd vəzi xərçəngi erkən aşkarlanması ilə uğurla müalicə edilə bilən bir xəstəlikdir. Buna görə də, hər bir qadının öz-özünə döş müayinəsini necə aparacağını öyrənməsi çox vacibdir.
Medicina.az xəbər verir ki, döş xərçəngi ən çox yayılmış xərçəng növlərindən biridir. Erkən diaqnoz bu xəstəliyin uğurlu müalicəsində mühüm rol oynayır.
Döş vəzilərinin öz-özünə müayinəsi erkən diaqnoz istiqamətində mühüm addımdır və hər bir qadının riayət etməli olduğu müntəzəm sağlamlıq rejimidir.
Döş xərçənginin ən bariz əlaməti adətən ağrısız olan və zamanla böyüyən şişdir. Bununla birlikdə, şişdən başqa diqqət etməli olduğunuz digər simptomlar da var:
- Döş və ya məmə ucunda davamlı ağrı hissi
- Dərinin qıcıqlanması, qızartı, qabıqlanma və ya qalınlaşma
- Məmə ucunun geri çəkilməsi
- Portağal qabığı görünüşü
- Məmə ucundan anormal axıntı
- Döşün bir hissəsinin və ya hamısının şişməsi
- Qoltuqda şişkinlik hiss olunur
Öz-özünə döş müayinəsi üç sadə addımda həyata keçirilə bilər və müntəzəm olaraq aparılması tövsiyə olunur.
Güzgü müayinəsi: Güzgü qarşısında qollarınız yan tərəfdə durun və döşlərinizdə ölçü, forma, toxuma, dəri və ya məmə uclarında hər hansı bir dəyişiklik olub-olmadığını müşahidə edin.
Duş müayinəsi: Duş qəbul edərkən barmaqlarınızın ucları ilə dairəvi hərəkətlərlə döşlərinizi və qoltuqaltı nahiyəni yumşaq bir şəkildə yoxlayın. Hər-hansı bir topaq və ya sərtləşmə hiss etməyə çalışın.
Arxa üstə müayinə: Arxa üstə uzanarkən bir əlinizlə döşünüzü yoxlayın. Bu mövqe döşünüzün toxumasını daha yaxşı hiss etməyə imkan verir. Hər iki döşü də bərabər şəkildə yoxlayın.
Bu sadə addımlar döş xərçəngi diaqnozunda mühüm ilk addımdır və müntəzəm olaraq edilməlidir.
Aygün
Medicina.az