Bütün dövrlərin əzəli “ata və oğul problemi” - Üsyankar yeniyetmələrlə necə davranmalı?

  • 2017.10.10 12:43
  • 47487 Baxış
Bütün dövrlərin əzəli “ata və oğul problemi” -  Üsyankar yeniyetmələrlə necə davranmalı?
11-19 yaş arasında olan dövr uşaqlıqdan yetkinliyə doğru bir keçid olaraq qəbul edilir. İnsanlar inkişafın heç bir dövründə bu qədər qarışıq hisslər keçirmir.


Bu səbəbdən yeniyetməlik dövrünü xaos, yaxud üsyan dövrü olaraq da adlandıra bilərik. 11-19 yaşında olan şəxslər hər zaman döyüşün içərisində olurlar.

 

Döyüşün məqsədi isə yetkin olmaqdır. 


Keçid dövrü hər kəsin ailəsində dava-dalaşlı, problemli keçir. Bu problemlər bəzən uşaqla valideynləri arasındakı ciddi qarşıdurmalara, valideynlə övlad arasında soyuqluğa kimi gətirib çıxarır. 


Bəs valideynlər yeniyetməlik dövründə olan uşaqlarıyla necə davranmalıdır?


Məsələ ilə bağlı Medicina.az-a açıqlama verən psixoloq Vəfa Əkbər bildirib ki, yeniyetməlik dövründə insanda  həm bioloji, həm fizioloji həm də psixoloji dəyişikliklər baş verir. Çox zaman bunun cinsəl böyümə ilə əlaqələndirildiyini vurğulayan psixoloqun sözlərinə görə, insan bu vaxtlar mənsub olduğu cinsiyyətin daha qabarıq formasını yaşayır: "Bir sıra dəyişikliklərdən sonra həmin yetkin uşaqların bəzilərində kompleks, özünəqapanma, daxili aqressiya müşahidə olunur. Bəzi uşaqlar isə bu dəyişiklikləri vurğulayaraq  "Mən artıq böyüyəm”, "Mənim artıq söz haqqım var” kimi kəlmələr söyləməyə başlayırlar. Yetkin uşaqlar artıq böyüdüklərini, valideyndən aslı olmadıqlarnı sübut etməyə çalışırlar. Bu dövrdə oğlanlar " Mən də atama bənzəməyə çalışıram” , "Mənim də üzümdən tük çıxır”, "Mənim də səsim qalınlaşır " söyləməyə başlayırlar. Qız övladlarında isə müəyyən fizioloji proseslər baş verir. Onlar anasına bənzəməyə çalışır , bədən quruluşlarında, üz cizgilərində dəyişikliklər olur. Bu səbəblərdən övladlar özlərini valideynlərdən aşağı görmür. Məsləhət almağa deyil, məsləhət verməyə meylli olurlar.


Bu durumdan sonra isə onlarla dil tapmaq çətinləşir. Bu insanlar özlərini uşaq da saymır, amma onlar gənc də deyillər. Sözügedən şəxslər valideynlərin gözündə həmişə uşaq olduqları üçün müəyyən yerdə danlana da bilərlər. Bəzən valideynlər səhvlərini söyləyə və uşaq bilib qüsurlarnı da onlara deyə bilərlər. Valideynlərin bu iradları isə övladların xoşuna gəlmir”.


Psixoloq valideynlərin dəyişikliklik dövründə olan uşaqlarına qarşı son dərəcə həssas yanaşmalı olduqlarını bildirib və bəzi məsləhətlər verib: "Valideynər daha diqqətli, məlumatlı olmalıdırlar. Bilməlidirlər ki, evlərində bir şəxsiyyət yetişir. 

Bu dövrdə valideynlər övladlarına daha çox vaxt ayırmalı, dinləməlidirlər. Çünki onlar qruplaşmalara daxil olmamalı ,valideynlərlə münasibəti korlanmamalı və özgüvən , özünəinam problemləri yaşamamalıdır”.


Vəfa Əkbər valideynlərlə uşaqlar arasında əzəli problem olan "bizim vaxtımızda belə deyildi” məsələsindən də danışıb: "Adətən valideynlər övladlarından öz dövründəki kimi yaşamağı tələb edir. Bu, əzəli problemdir.  Buna "ata və oğul problemi” deyirlər. Köhnə nəsil bir nəsil öndə olan nəsli qəbul etmək istəmir.  Həmişə öz dövrünü daha düzgün və uyğun bilir. Çünki o, həmin dövrün yetirməsidir. İstəyir ki, övladı da öz yaşadığı kimi yaşasın. Artıq burda valideynlər maariflənməlidir. Özünə hörmət edən şəxs kimisə nəyəsə məcbur etməməlidir. Valideynlər öz yetkinlik dönəmində edə bilmədiklərini övladlarının da etməsinə icazə vermir. Ona görə də həmişə övladlarına "Zəmanə necə dəyişib” , "Necə də pis dövrandır” və sairə kəlmələr işlədirlər.


Qəbul etməliyik ki, onlar bizdən bir nəsil öndədir. Onlar bizim zəmanəmizdə deyil, biz onların zəmanəsində yaşayırıq. Biz onları dinlədikdə, anladıqda onlar da öz övladlarına eyni münasibəti bəsləyəcək. Beləliklə. "ata və oğul problemi” aradan qalxacaq”.


Psixoloq daha bir vacib məqama toxunub. O qeyd edib ki, bu dövrdə məktəbin də üzərinə məsuliyyət düşür: "Valideynlə bərabər məktəb də uşaqla işləməlidir. Müəllim uşağın psixoloji yaşı, vəziyyəti, qavrayış prosesini bilməlidir. Bunları bilən müəllim hər bir şagirdə fərdi yanaşsa, həmin uşaqlar daha sağlam böyüyəcəklər. Hazırda bizim məktəblərdə psixoloqların adları var, özləri isə iş prosesində yoxdurlar. Yaxşı olardı ki,  həmin psixoloqlar da bu uşaqlara görə öhdəlik götürsünlər. Valideyn, müəllim və psixoloqun birgə fəaliyyəti çox sağlam şəxsiyyət formalaşdıra bilər”.


Vəfa Əkbər sonda yeniyetmələrə də öz tövsiyələrini bildirib: "Uşaqlara ilk tövsiyəm odur ki, yeniyetməliyin nə olduğunu öyrənib, maariflənib, anlasınlar. Özlərini tərbiyə etsinlər, bir sıra müsbət şəxsi keyfiyyətləri özlərində formalaşdırsınlar. İndi texnologiya dövrüdür. Hər şeyi valideyndən, müəllimdən gözləməsinlər. Öz üzərlərində işləməyi bacarsınlar. Bir uşaq oyun oynaya, oyunu yükləyə, istədiyi sosial şəbələrə üzv ola bilirsə, demək "google”dan istifadə edə bilir və lazım olan məlumatları da araşdıra bilər. Ən önəmli isə monoton həyat tərzindən, sosial şəbəkələrdən uzaqlaşıb, real həyata üstünlük versinlər. Daim fəal, aktiv həyat tərzi keçirsinlər.”


Aida Ramiz