5 aydır Təcili yardımda böhran yaşanır - 2 saat yarıma gələn yardım - ŞİKAYƏT

  • 2026.03.02 15:40
  • 502 Baxış
 5 aydır Təcili yardımda böhran yaşanır  - 2 saat yarıma gələn yardım - ŞİKAYƏT


Artıq 5 aydan çoxdur, Bakı və Abşeronda təcili tibbi yardımda xaos və kollaps yaşanır. Bu problem çoxdan var, bir ara səngidi, mərkəzləşmiş Respublika Təcili yardım mərkəzi yaradıldı, həkimlərə ratsiyalar verildi, TƏBİB-dən hər dəfə vədlər. Rəsmi xəbərlərdə təcili yardım hadisə yerinə 20-25 dəqiqəyə çatıb açlıqlamaları ilə məsələ bağlanırdı.

Amma 2025-in dekabrından təcili yardımda şəhərdə yayılan yeni yayılan virus, artan insult, infarktlar, uşaqların ağırlaşması səbəbindən yüklənmə idarəolunmaz səviyyəyə çatıb. İnsanın öz başına gəlməyənə qədər problemin dərinliyi bilinmir, kənardan döyüş asan gəlir.


Medicina.az saytın əməkdaşının təcili yardımla bağlı araşdırmasını təqdim edir.

"Fevralda yeni yayılan virusa yoluxan 73 yaşlı ailə üzvüm hipertonik krizlə üz –üzə qalanda Təciili yardımda bir cəhənnəm yaşandığının şahidi oldum. Diabet, təzyiq və yüksək qızdırmalı xəstəyə evdəki müdaxilələr fayda vermədikdə, saat 20:40-dan təcili tibbi yardıma zənglər etdim. Binəqədi qəsəbə yarımstansiyası bizdən o qədər də uzaq deyil. Çağırışın qeydə alınmasından 40 dəqiqə keçdi, xəbər yoxdur, yenidən zənglər, qeydlər, saat 22:00 təcili yardım yoxdur.

Məcbur qalıb tanıdığım ailə həkimi ilə telefon vasitəsilə xəstəni idarə etməyə çalışdıq. Saat 23:00- dan sonra mobil nömrəyə zəng gəlir, təcili yardımdır hara gələk. Xəstənin stabilləşdiyini görüb, təcili yardımı boşuna məşğul erməyim deyə, ağır xəstələrə tez yetsinlər deyə imtina edirəm ki, gecdir. Amma gecə 3-də xəstə yenidən pisləşir. Məcbur yenidən çağırış edirəm və bildirirəm ki, saat 21-dən gözlədiyim təcili yardımdan istifadə etmədim, nəzərə alın. Yenə də 40 dəqiqə keçir və xəbər yoxdur. 103–də operatora bildirirəm ki, axı indi gecəyarıdır, çağırış səngimir?

103 operatorunun dediyi cümlələri hamı əzbər bilir:

- Qeydə almışıq, briqadalar ərazidədir, xəstəxanaya xəstə aparır, səsiniz qeydalınıb, şikayətləriniz dinlənilir. Bir az səbrli olun. Maşın çatmır. Vəziyyət pisdir, neçə vaxtdır belədir, xəstə çoxdur, uşaq çoxdur, həkim ünvandadır, ordan çıxıb gələcək.

Nəhayət dözməyib mətbuat işçisi olduğumu bildirdim və əgər xəstə insult olsa, bunun günahının məhz TƏBİB və Təcili yardımda olacağını bildirdim.

Bundan sonra təsəvvür etməzsiz, Bayraq meydanında olan bir ambulansa Binəqədidəki çağırış verilir. Həkim isə tibb bacısız gəlir, çünki tibb bacısı da çatışmır.

Həkimin sözlərindən:
- xəstə çoxdur, vəziyyət kritikdir, çatdırmırıq, tibb bacısı yoxdur, maşın azdır, şikayət edin, biz də yorulmuşuq.
Xəstəyə müdaxilə olundu, iynələr, ürək nəzarəti və s.

Bütün bunları nəzərə alaraq, insanlar bilsin ki, ambulans ən yaxşı halda 2 saata gələ bilər.

Operator xəstənin yaşını durumunu öyrənir və təbii ki, uşaqlar, hamilələr, qəzaları daha önə salırlar. Yaşlı insanlar isə gözləyər, ölsə də eybi yox. Ya da qonşularımın etdiyi kimi xəstəni maşına qoyub, xəstəxanaya çatdırdılar, çünki ambulans 1 saatdan çox yox idi.

Elə dekabr ayında 48 yaşlı anası da yüksək təzyiqdən insult olanda, təcili yardım 1 saatdan gec gəldi və xəstəni sadəcə aparıb Əfəndiyev adına xəstəxanaya atdılar. O isə komaya düşdü və bir də ayılmadı.

Ailə həkimləri də məsləhəti verir: elə ki, gördüz vəziyyət pisdir, gözləməyin, xəstəni maşınla ya özələ, ya dövlət xəstəxanasına çatdırın.

Respiblika Kliniki Xəstəxanasının Bilgəhə köçürülməsi kollapsı daha da artırır. Çünki ambulans xəstəni şəhərdən götürüb kələ - kötür yollarla Bilgəhə aparır və sonra 1 saata geri qayıdır.

Hazırda təcili tibbi yardım daha çox xəstə daşınması ilə, yəni taksi kimi işləyir. Bəli.... Çünki maşınlar yollarda fırlanır, bir xəstəni bir yerə yerləşdirənə qədər az qala səhər açılır.

Əsas problem isə bu deyil. Bakı və Abşeronda ciddi ambulans və həkim briqadası çatışmazlığı var.

Tələbat düzgün hesablanmır, ehtiyat tədbirləri yoxdur, həkim qıtlığı var, tibb bacısı çatışmır, hər il alınan ambulanslar isə Allah bilir hardadır, ya da alınmır.

Xəstə ölümünə, koma, uşaq ölümlərinin artmasına da birbaşa bu problem təsir edir.

Qısası, 2026-cı ildəki təcili yardım xidməti 2000-ci illərdəkindən fərqlənmir. Yenə də xəstəni qohum ailə qonşu binadan düşürməlidir, yenə də xərəklər çıxarılmır, köməkçi sanitarlar yoxdur, həkimlərin xəstəyə gücü çatmır, yenə də lazımi avadanlıq işlədilmir, xəstəxanada yer yoxdur, yenə də biz günahkarıq...

Problemlə bağlı TƏBİB-ə sorğu göndərsək də, qurumdan rəy və ya açıqlama yoxdur. Yəqin ki, problemi özləri yaxşı bilir və ya sadəcə daha qlobal problemlər var.

AYGÜN MUSAYEVA
MEDİCİNA.AZ