Uşaq cərrahından xəbərdarlıq: kriptorxizm vaxtında aşkarlanmasa sonsuzluq riski artır

  • 2026.04.27 15:43
  • 110 Baxış
Uşaq cərrahından xəbərdarlıq:  kriptorxizm vaxtında aşkarlanmasa sonsuzluq riski artır

ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahiyyəsi şöbəsinin müdiri, professor Ramiz Poluxov anadangəlmə inkişaf qüsurlarından biri olan kriptorxizm barədə məlumat verib.

Medicina.az xəbər verir ki, professorun sözlərinə görə, kriptorxizm xayanın xayalığa (skrotuma) enməməsi ilə xarakterizə olunan anadangəlmə patologiyadır. Normal halda dölün bətindaxili inkişafı zamanı xaya böyrəyin aşağı qütbündən başlayaraq qasıq kanalından keçib xayalığa enir. Bu proses yolunda dayanarsa kriptorxizm, yoldan kənar yerləşərsə isə ektopiya adlanır.

Həkim bildirib ki, təqdim olunan klinik halda xəstədə kriptorxizmin qasıq forması müşahidə edilib: “Bu patologiya ideal olaraq uşağın 1 yaşına qədər aşkarlanmalı və cərrahi müdaxilə olunmalıdır. Lakin bəzi hallarda, o cümlədən bu xəstədə olduğu kimi, problem vaxtında müəyyən edilmir. Müalicə taktikasına gəldikdə isə, xayanın yerləşməsindən asılı olaraq fərqli cərrahi yanaşmalar tətbiq edilir. Əgər xaya qarın boşluğunda yerləşirsə, laparoskopik əməliyyat aparılır. Qasıq kanalında və ya ondan kənarda yerləşdikdə isə açıq cərrahi müdaxilə üstünlük təşkil edir. Bu konkret halda xaya qasıq kanalında yerləşdiyindən açıq əməliyyat icra etmişik”.

R.Poluxov vurğulayıb ki, vaxtında əməliyyat olunmayan hallarda xayanın atrofiyası və gələcəkdə sonsuzluq riski artır. Qarın boşluğunda qalan xayalarda isə şişə çevrilmə ehtimalı mövcuddur. Bundan əlavə, xayanın normal fəaliyyəti üçün onun bədən temperaturundan təxminən 1°C aşağı mühitdə yerləşməsi vacibdir. Yüksək temperatur isə sperma hüceyrələrinə mənfi təsir göstərərək əlavə fəsadlara səbəb ola bilər. Bu baxımdan, inkişaf etməmiş xaya qarın boşluğunda yerləşirsə, onun çıxarılması tövsiyə olunur. İnkişaf etmiş xaya isə vaxtında xayalığa endirilməlidir.
Ramiz Poluxov son illərdə anadangəlmə inkişaf qüsurlarının artdığını da qeyd edib. Onun sözlərinə görə, bu qüsurlar arasında ən çox rast gəlinənlər qasıq yırtıqları, daha sonra isə kriptorxizm və digər əlaqəli patologiyalardır. Bu tip qüsurların yaranma səbəbləri müxtəlifdir və konkret bir səbəb göstərmək çətindir. Genetik faktorlar, hormonal pozğunluqlar və hamiləlik dövründə təsir edən xarici amillər bu prosesdə rol oynaya bilər.

Əməliyyatdan sonrakı dövrə də toxunan professor qeyd edib ki, uşağın bərpa və nəzarət prosesi yetkinlik yaşına qədər davam etməlidir. Əməliyyatdan təxminən 2 ay sonra kontrol müayinəsi aparılır, zərurət olduqda konservativ müalicə təyin edilir və ehtiyac yaranarsa uşaq endokrinoloqa yönləndirilir.