100 yaşlı həkim Şəfiqə Mahmudovanın sirri: - “Dərmanla aram yoxdur, 90 yaşa kimi işləmişəm”

  • 2022.12.09 15:27
  • 24351 Baxış
100 yaşlı həkim Şəfiqə Mahmudovanın sirri:  -  “Dərmanla aram yoxdur, 90 yaşa kimi işləmişəm”

Ötən ay Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun qocaman əməkdaşı, tanınmış alim, həkim Şəfiqə Mahmudovanın 100 yaşı tamam oldu.

Olduqca sağlam, qıvraq, pozitiv görünən bu xanımla görüşüb, həyat və uzunömürlülük sirlərini öyrənmək istədim.

İnstitutun rəhbəri, professor Adil Allahverdiyev, Parazitar və Tropik xəstəliklər şöbəsinin protozoloji bölmənin müdiri, t.e.f.d Fatma xanım Hüseynova bu istəyimizi qəbul etdi və biz hamılıqla Şəfiqə xanımın qonağı olduq.


Şəfiqə xanım evinə qonaq gələndə çox sevinir. O özü ayağa qalxıb bizi qarşıladı, hamı ilə görüşdü və çay içə-içə bütün suallarımıza cavab verdi. 100 yaşı olsa da, çox yaxşı eşidir, eynəklə aydın oxuyur, həm də hər şeydən məlumatlıdır. Adil Allahverdiyev institutun 100 illiyi münasibətilə Şəfiqə Mahmudovaya fəxri professor adını təqdim etdi:

“Bizim institutun 100 illiyi oldu. Sizin də maşallah, 100 yaşınız. İnstitutumuzla eyni yaşdasınız, elm mərkəzimizin ən böyük alimisiniz. Uzun illər bu institutda uğurla çalışdınız, Helmintozların immunologoyası laboratoriyasını yaratmısız. Şəxsən mənim elmdə formalaşmağımda böyük rolunuz olub. Siz bütün həyatınızı bizim instituta həsr etmisiz, bunun qarşılığını az da olsa, ödəmək üçün Elmi Şura qərara gəldi ki, institutun 100 illiyində sizi yubileyinizlə əlaqədar Fəxri Professor seçək. Bu, institutumuzun 100 illik tarixində bir ilkdir. 100 ildə ilk adamsız ki, fəxri professor seçilmisiz. Bu sizin haqqınızdır. Sizi təbrik edirik".



"Medicina" xəbər verir ki, Azərbaycanın parazitar xəstəliklər üzrə səhiyyə mütəxəssisi Şəfiqə xanım 1922-ci ildə Bakıda anadan olub. İçərişəhərlidir.


Bakının məşhur Səlimxanovlar nəslindəndir. Onu tibbə gətirən anasının bibisi oğlu, akademik Mirzə Rza Nəsirov olub. Xalası və bacısı da tibb üzrə təhsil alıb. Şəfiqə xanım 134 saylı məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb İnstitutuna daxil olub. Onun bacısı Bibixanımı 1941-1943-cü illərdə Zaqatala rayonunun kəndlərindən birinə həkim göndərirlər.

O da anası və bacısı Şəfiqəni özü ilə aparır. Bu vaxt kəndə ezamiyyətə gələn Zoologiya İnstitutunun parazitologiya şöbəsinin rəhbəri olmuş Hacıbaba Qasımov Şəfiqəni görür, ona evlilik təklif edir. 1945-ci ildə onlar evlənirlər. 1964-cü ildə Şəfiqə Mahmudova Səhiyyə nazirinin əmri ilə Elmi Tədqiqat Parazitologiya və Tropik Təbabət İnstitutunun elmi işçi təyin edilir.

O vaxta qədər Azərbaycanda toskoplazmoz kimi ağır xəstəliyin müalicəsi yox idi. Şəfiqə xanım bu xəstəliyin müalicəsi ilə məşğul olur, xəstələrlə şəxsən çalışır, rayonlarda, kəndlərdə olur. O, namizədlik dissertasiyasını Moskvada müdafiə edir.
1969-cu ildən baş elmi işçi, 1975-80-ci illərdə helmintozların immuniteti və diaqnostikası laboratoriyasının müdiri təyin edilir. Yoldaşı ilə birgə doktorluq mövzusu üzərində işləməyə başlayır. Bu elmi iş helmintologiya və parazitar xəstəliklərin müalicəsində bir inqilabi yenilik olacaqdı. Amma həyat yoldaşı, professor Hacıbaba Qasımovun 57 yaşında qəfil vəfatı onu bu yoldan saxlayır, Şəfiqə xanım daha dissertasiyanın ardınca getmir.



1994-1997-ci illərdə Parazit xəstəlikləri üzrə xəstəxanada baş həkim, 1997-2005-ci illərdə Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu direktorunun müavini vəzifələrində çalışıb. Malyariya, leyşmanioz kimi xəstəliklərlə mübarizədə əvəzsiz kadr olan Şəfiqə xanım 2013-cü ildə 90 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub. Səhiyyə əlaçısıdır, müxtəlif diplom, medal və mükafatlara layiq görülüb. Şəfiqə xanım 83 elmi məqalənin, o cümlədən “İnsan helmintozları” və “Malrariya Azərbaycanda” monoqrafiyalarının müəllifidir.


Şəfiqə xanım deyir ki, həyat yoldaşı onu parazitologiyaya daha da bağlayıb, birgə elmi işlər aparıblar, rayonlara səfər ediblər, hər addımda bir-birinə dəstək olublar:


- İnstitutu bitirdikdən sonra 1949-cu ildə Həkimləri Təkmilləşdirmə İnstitutunun Malyariya və tibbi parazitologiya kafedrasına ordinaturaya daxil oldum. Sonra bu kafedrada assistent olaraq qaldım. Mən Bakıda məşhur Qasımzadələr ocağının gəlini idim.

Bu nəsildən Mustafa, Hacıbaba, Davud Qasımovlar, Mirzə Feyzulla Qasımzadə, "İstiqlal" ordenli akademik Fuad Qasımzadə yetişib. Qaynanam gəlininin savadlı alim olmasını çox istəyirdi. Mənə deyirdi, oxu, işlə, müdafiə et. Başqa problemləri düşünmə. Mətbəxdə, evdə nəsə çirkli işə əl vurmağa qoymazdı. Deyərdi, əllərin təmiz olsun, sən alimsən. İstəməzdi ki, gəlini məişət qayğıları ilə yüklənsin. Ziyalı nəsil idi, dünyagörüşləri də müasir idi. Ona görə bütün övladları alim oldu.

- Övladlarınız sizin yolunuzu davam etdirdimi?

- Oğlumuz Natiq Neft-Kimya İnstitutunu bitirdi. Qızlarım Tumridə və Pərvinə də həkimdirlər.

- İnstitutdan və elmi işlərlə məşğul olduğunuz dövrdə işlədiyiniz alimlərdən, rəhbərlərdən kimləri necə xatırlayırsız?

- Akademik Nazirov heç yadımdan çıxmır. Çox elmli pedaqoq idi, ciddi qaydalar qoymuşdu, hər şeyi çox dərin bilirdi. Qohumluğa görə məni işə götürmədi. Hesab edirdi ki, bir az bacarığım var. Alimlərə, həkimlərə o vaxt şərait yaradırdılar.


Çətinliklər olanda da mən tələbkar idim. Nə lazımdır tələb edir, əldə edirdim. Rizvan Cavadov çox gözəl insan idi. İnstitutun direktoru idi. Ondan hamı çəkinirdi. O tez rəhmətə getdi. Həmişə onun qəbri üstünə getmişəm. Vəli Axundov da gözəl yadımdadır. Amma o Cavadova baxanda bir az zəif idi. Direktorlardan çox asılacağım yox idi. Bilirsiz, işçilər gərək, direktora ümidli olmasın. Onda işlər yığılıb qalar. Malyariya yığılır bir-birinin üstünə. Gərək, hər kəs öz işində məsuliyyətli olsun. Mən nə lazımdır, tələb edirdim. Çünki işimizi bilirdik. O vaxtlar başqa cür idi. Hər gün iclaslar gedirdi.

- Siz Azərbaycanda malyariyanı tədqiq etmisiz. Bir dəfə bir professor dedi ki, Azərbaycan Afrika deyil ki, burda malyariya olsun. Amma sizin monoqrafiyadan görünür ki, Azərbaycanda malyariya ilə geniş mübarizə aparılıb.

- Niyə olmayıb? Malyariya, leşimaniyoz o vaxt yayılmış xəstəliklər idi. O vaxt çox yayılmışdı malyariya. İnsanlar da bilmirdi. Onlara elə gəlirdi ki, bu, adi qızdırmadır. Rayonlarda ocaqları aşkar edirdik, xəstələri izləyir, müayinə, müalicə edirdik. Analizləri Bakıya gətirirdik.

Malyariya ilə çox güclü mübarizə aparmışıq. Günlərlə rayonları gəzirdik. Saatlı, Sabirabad, İmişliyə Qarabağdan qaçqınlar gəlib vaqonlarda yaşayırdı, qaçqın çadır şəhərcikləri var idi. O vaxt malyariya tüğyan edirdi. İnstitutun əməkdaşları ekspedisiya şəklində 1 ay gedib o rayonlarda dərmanlar paylayırdılar. Sonra yenidən epidemioloji nəzarət üçün gedirdilər.

Rayonlardan laboratoriyamıza bilirsiz, nə qədər qan, analiz nümunələri gəlirdi? Rayonlarda o qədər malyariya xəstələri var idi ki, adam dəli olurdu. Malyariyaya qarşı dərmanları aldırırdım, xəstələrə çatdırırdıq. Çox çətin idi. Müalicə və profilaktik iş gedirdi. O vaxt ayrıca Malyariya İnstitutu var idi. Elm adamları Azərbaycanda bununla ciddi məşğul olurdu. İndi elminasiya gedir, artıq sertifikatlaşma gedəcək ki, Azərbaycanda malyariya yoxdur. Kənardan gətirilmə ola bilər, yerli malyariyanın kökü kəsilib. Amma belə getsə, mənə elə gəlir, yenidən sıçrama ola bilər. Keçiricilər mığmığalardır. Onlara qarşı ciddi dərmanlama lazımdır. Leyişmanioz infeksion xəstəlikdir, qaraciyər, dalaq şişir, insanı öldürür. Azərbaycanda aktivdir, rayonlarda heç bilmirlər ki, leyişmanioz nədir.

- Bu qədər ağır infeksion xəstəlik ocaqlarına gedirdiz, özü də indiki kimi xüsusi geyim, qoruyucu yox idi. Olubmu ki, özünüz yoluxasız? Qorxmurduz?

- Mən bir dəfə də olsa, xəstələrdən infeksiyaya yoluxmamışam. Niyə qorxmalıyam ki?! Mən həkim idim.
Yadıma gəlmir ki, mən hansısa ağır xəstəliyə yoluxum. Mənim immunitetim bunları yaxın buraxmırdı.

- 90 yaşına kimi hər gün Elmi Tədqiqat İnstitutuna işə gedib gəlmisiz. Sizin üçün çətin deyildimi? Yorulmurduz ki?

- Yox, niyə yorulum. Düzdür, o vaxta kimi işləyəcəyimi bilmirdim. Amma sonra dedim, daha bəsdir. Heç bir çətinliyim yox idi. Əgər gedə bilməsəydim, evdən qoymazdılar.

Fatma xanım deyir ki, Şəfiqə xanım bəstəboy olduğu üçün həmişə hündür dikdaban ayaqqabıda gəzər, saçının səliqəsi, dırnağının manikürü əskik olmazdı.

- Şəfiqə xanım, 100 yaşınızın sirri nədədir?

- 100 yaş məsələsini qatlayıb qoyun o tərəfə. 100 yaşına kim çatıb? (Şəfiqə xanım nədənsə özünün 100 yaşı olduğunu qəbul etmir, elə bilir 90 yaşı var- red). Hələ uzun ömürə çatmamışam ki, sirri də olsun.100 yaşa kimi yaşamaq çox çətindir. Əgər kim qalıbsa, deməli, sağlam deyil artıq. Sağlam insan işdə olmalıdır. Mən nə qədər yaxşı idim, işlədim.
Yaşımı bilməsəm də, əməlli işləyirəm. Mənim atam rəhmətlik 105 yaşa kimi yaşayıb.

- Bəs yaxşı, bu gur saçların, iti gözlərin sirri nədədir? Nə yemisiz, nə içmisiz?

- Mənim yeməyim adi qaydada olub, hamı yeyəndən yemişəm. Hər şey yemişəm, amma az yemişəm. Yağlı yeməklər, şirniyyat, nəsə qeyri-adi şeylər çox yeməmişəm. Heç vaxt kök olmamışam. Xoşladığım yemək aşdır. Yemək qaydasında olsun gərək, vaxtlı-vaxtında. Çoxlu qəzet oxuyuram. Kosmetika, kremlə aram olmayıb, bircə dodaq boyası çəkirdim.

- İndi nə dərman içirsiz? Xəstələnəndə necə müalicə olunursuz? Ümumiyyətlə, həkimlərlə aranız necədir?

- Mən heç vaxt ağır xəstələnməmişəm. Xəstəlik var ki, dərman lazımdır. Elə xəstəlik var ki, dərmansız da keçər. Təzyiqim olanda arada dərman içirəm. Bir də arada "Sitramon" dərmanı içərdim. Çox dərman nəyə lazım? Ürəyimdən xəbərim var, yaxşıdır. Həkimə getməmişəm. Mən özüm axı həkiməm. Özümü müalicə edə bilirəm. İynə-dərman xoşlamıram. Çox dərmanın mənası yoxdur. Bəziləri var, lazım oldu-olmadı dərmanları yazır. Belə olmaz. Hər xəstəliyin 1-2 dərmanı olur.

İmmunitet öz-özünə möhkəmlənir, ona heç nə lazım deyil. Ona müdaxilə etmək olmaz.


Bu arada Şəfiqə xanımın qızı deyir ki, pandemiya vaxtı Şəfiqə xanım koronavirusa yoluxub:

- Amma hiss eləməmşik ki, koronavirus ola bilər. 2 həftə nə su içdi, nə yemək yedi. Bir qurtum su içmədi. Eləcə balkona çıxıb nəfəs alırdı. Biz başqa şeylər düşündük, dedik, daha düzəlməz. Heç sistem etməyə də qoymurdu. Xoşlamır venaya nəsə qoşanda. Dərman da içmir, icazə vermir. 2 həftədən sonra dedi ki, mənə bir tikə pendir-çörək ver. Ondan sonra sağaldı. Koronavirusu ayaq üstə keçirdi, 99 yaşında.

- Şəfiqə xanım, səyahət etməyi, gəzməyi xoşlayırsız?

- Ooo, çox. Mən dünyanın çox ölkəsində olmuşam. Daha haralara getməmişəm?! Sağlam olanda ümumiyyətlə,
çox gəzirdim. Afrikada, Avropada, Mərakeşdə Yaponiyada da olmuşam. Rəhmətlik yoldaşımla gəzərdik.

- 100 yaşınızda özünüzə nə arzu edirsiz? Nə gözləyirsiz?

- Arzularım nə olub, hamsına çatmışam. Həqiqətən, yaxşı günlər yaşamışam. İndi bir şey istəmirəm. Allahdan ailəmə ömür arzu edirəm. Atama, anama, bacıma, qardaşıma, övladlarıma.

100 yaşlı Şəfiqə xanım nədənsə hələ də ata-anasının sağ olduğunu düşünür. Bu da 100 yaşa xas beyin oyunu ola bilər. Amma əsas odur ki, 100 yaşlı alimlə az da olsa, söhbətləşdik. Bütün alimlərimizə Allah ömür versin!


Fotolarda institutun direktoru, professor Adil Allahverdiyev Parazitar və Tropik xəstəliklər şöbəsinin protozoloji bölmənin müdiri Fatma Hüseynova,, əməkdaşlar Jalə və Ayan xanım

Şəfiqə xanımın ailəsi: qızları, kürəkəni