Şahbaz Xuduoğlu İcbari Tibbi Sığorta Sistemini tənqid etdi - "Gedin ölün!”

  • 2025.09.02 00:02
  • 88 Baxış
Şahbaz Xuduoğlu İcbari Tibbi Sığorta Sistemini tənqid etdi -  "Gedin ölün!”

"Qanun" nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu İcbari Tibbi Sığorta Sisteminin fəaliyyətini sərt tənqid edib.

Medicina.az xəbər verir ki, bu barədə naşir paylaşımında bildirib.

Sistemdən yararlanmaq üçün bu gün o, Travmatologiya Xəstəxasında olub:

"İcbari sığortanın adı çoxdan çıxıb və biz də bu gün onun xidmətindən faydalanmaq istədik.

İlk öncə yolumuzu Bakı Sağlamlıq Mərkəzinə saldıq. Orada bildirdilər ki, rentgen xidməti sığorta tərəfindən qarşılanmır. “Yaxşı olar ki, siz Travmatologiya Xəstəxanasına gedəsiniz”, - dedilər.

Travmatologiya Xəstəxanasının həyətində və binanın içindəki camaatı görəndə adama elə gəlir ki, ölkədə sınığı və sınan yeri olmayan kimsə yoxdur. Sızıltı, inilti, qışqırıq, əsəb, gərginlik… Ən çox da uşaqların ürəkparçalayan fəryadları.

Uzun növbədən sonra birinci mərtəbədə sənə nömrə verirlər. O nömrə ilə şöbə müdirinə gedirsən. Şöbə müdiri həkimin adı və otaq nömrəsi yazılmış bir parça kağız verir. “Amma ikinci mərtəbədəki qeydiyyatdan da nömrə al” – deyir. İkinci mərtəbədə daha da uzun növbə. Nömrə alıb 210-cu otağa gedirik. Qapının ağzında çoxlu adam var. Mən öz nömrəmi deyib soruşuram: “Bu nömrədən əvvəl kim var?” Kimsə kənardan deyir: “O nömrə işləmir, içəridə kim varsa çıxanda bir-bir girəcəyik.”

Bir müddət gözləyirəm, səbrim daralır. Qapını açıb içəri keçirəm. İçəridə üç həkim kefləri kök nəsə danışırlar. Dəhlizdə o qədər pasiyent olduğu halda onlardan heç biri çağırmır.

Həkim bizə rentgen yazdı. Rentgenə də nömrə aldıq. Bu zaman gənc bir oğlan yaxınlaşıb dedi: “20 manat versəniz, sizi növbədənkənar rentgenə sala bilərik.”

Rentgenin cavabı ilə yenidən 210-cu otağa qayıtdıq. Həkimin qanı qaraydı. Dedi: “Müalicə bərpa üçün deyil, çalışmayın, biz sadəcə ağrını kəsə bilirik.” Sonra məsləhət gördü ki, MRT-yə gedək. Bunun üçün 212-ci otaqdan nömrə almalıyıq.

Nəhayət, 212-ci otaq: “biz bu sənədləri göndəririk təsdiqə, cavab nə vaxt gələr, bilmirik. Yaxşı olar ki, üçdən sonra əlaqə saxlayasınız.” MRT növbəsinin necə olacağı isə artıq başqa bir hekayədir…

Beləliklə, bugünkü icbari sığorta ilə təcrübəmin qısa xülasəsi budur:

Uzun növbələr, yorucu prosedurlar, qeyri-effektiv sistem və insanların əzabı, qısası “gedin ölün!”.



Aygün
Medicina.az