29 oktyabr - İnsultla mübarizə günüdür - Məşhur həkimlərdən ibarət konfrans

  • 2021.10.29 15:12
  • 1708 Baxış
29 oktyabr - İnsultla  mübarizə günüdür -  Məşhur həkimlərdən ibarət konfrans


29 oktyabr Ümumdünya İnsultla Mübarizə Gününə həsr edilmiş “Neyrovaskulyar çatışmazlıq: imkanlar və gələcək perspektivlər” mövzusunda onlayn elmi konfrans öz işinə başladı. Tədbir Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Zoom” platforması üzərindən keçirilir.

Medicina.az xəbər verir ki, konfransı giriş sözü ilə Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsinin rəisi, tibb xidməti general mayoru Ceyhun Məmmədov açaraq Ümumdünya İnsultla Mübarizə Gününə həsr edilmiş tədbirin iştirakçılarını salamladı.

O, 2004-cü ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaşlılar arasında geniş yayılmış beyin-qan dövranının kəskin pozulmasına dair insult xəstəliklərini epidemiya elan etdiyini söylədi. Bildirdi ki, 2004-cü ildən etibarən hər il 29 oktyabr beynəlxalq səviyyədə Ümumdünya İnsultla Mübarizə Günü kimi qeyd olunur.

Statistikaya görə, hər il 16 milyon insanda insult baş verir ki, onlardan üçdə biri həyatını itirir. Yerdə qalanı isə əlil olur. İnsult xəstələrinin 31 faizinə digər şəxslərin köməyi lazım olur. Onlardan yalnız 20 faizi əvvəlki normal həyatına qayıda, əmək qabiliyyətini bərpa edə bilir.

C.Məmədov koronavirus pandemiyasının neyrovaskulyar çatışmazlıq problemlərinə ciddi təsir göstərdiyini söyləyib: “Məlumdur ki, koronavirus qanın laxtalanmasında ciddi patoloji dəyişikliklərə səbəb olur, üstəlik, bu xəstəlik zamanı qəbul edilən dərmanlar da qan-damar sisteminə təsir edir. Bu səbəbdən pandemiyanın bütün dünyada insultla bağlı vəziyyəti daha da ağırlaşdırdığının şahidi oluruq”.

Azərbaycanda insultla mübarizənin təşkilində hər kəsin fəal rolunun vacibliyini vurğulayan həkim qeyd edib ki, insultla mübarizədə iştirak edən həkim və tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi baxımından bu tədbir mühüm platforma rolunu oynayacaq. Məruzəçinin sözlərinə görə, bu tədbir insult və neyrovaskulyar çatışmazlıq sahəsində tibbin yeni imkanlarından faydalanmağa da şərait yaradacaq.

Sonra tədbirdə Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, tibb elmləri doktoru Rəşad Mahmudov çıxış edərək konfransın əhəmiyyətini vurğuladı.

Bildirdi ki, belə bir toplantının keçirilməsində məqsəd həm ümumdünya səhiyyəsində insult xəstəliyi ilə bağlı problemlərə diqqət çəkmək, həm də koronavirus şəraitində bu xəstəliyin perspektivlərini və müalicə üsullarını müzakirə etməkdir.

Əsas hədəflərdən biri də Azərbaycanda bu sahə üzrə fəaliyyət göstərən fərqli ixtisas sahiblərinin insultla mübarizədə yeni imkanlar qazanması, biliklərini təkmilləşdirməsidir:

“Qeyd edildiyi kimi, beyin-qan-damar çatışmazlığı problemləri dünyada ən çox ölümə səbəb olan 3-cü xəstəlikdir. Bu xəstəlikdən əziyyət çəkənlərin sayı günü-gündən artmaqdadır. Nə etməli? Ölkədə başlayan səhiyyə islahatları çərçivəsində səhiyyə qurumları icbari tibbi sığorta ilə birgə neyrovaskulyar insult mərkəzlərinin yaradılması qarşımızda duran əsas məsələlərdəndir. Bu mərkəzlər beynəlaxlq təcrübə mexanizmləri əsasında fəaliyyət göstərməlidir.

İnsult keçirmiş xəstə üçün tez bir zamanda təcili tibbi yardımın çağırılması və onun xəstəxanaya yerləşdirilməsi son dərəcə vacibdir. Xəstələrin təcili şəkildə insult mərkəzlərinə çatdırılması mexanizminin qurulması bu xəstəliyin müalicəsində daha müsbət nəticələrin əldə edilməsinə gətirib çıxaracaq”.

R.Mahmudov bugünkü konfransda insult xəstəliyinin diaqnostikası və onun müalicəsi sahəsində bilik və bacarıqların daha da təkmilləşdirilməsinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə etdi. Bildirdi ki, konfrans səhiyyə sahəsində aparılan islahatları sürətləndirməyə və fəaliyyətimizi dünya stantartları səviyyəsində qurmağa da imkan yaradacaq.

Səhiyyə Nazirliyinin baş nevroloqu, tibb üzrə fəlsəfə doktoru, dosent, Dilarə Xəlilova nevrologiyanın ən çətin və ağır sahələrindən olan insult problemlərinə həsr olunmuş konfransın aktuallığından danışdı. O, insult xəstələrinin yalnız 8-10 faizinin əvvəlki həyat tərzinə qayıtdığını, əksəriyyətinin müxtəlif dərəcəli əlillik qazandıqlarını söylədi. Belə xəstələrin həm dövlət, həm də cəmiyyət üçün sosial problemə çevrildiklərini qeyd etdi.

Hesab olunur ki, hər il insult xəstələrinin 10-15 faizi cavan insanlardır (18-50 yaş arası). Azərbaycanda 2019-cu ildə 7605 nəfər bu xəstəlikdən dünyasını dəyişib. Onlardan 29-u 30 yaşına qədər xəstələr olub. İnsult mərkəzlərinin olmaması, mütəxəssislər tərəfindən yüksək səviyyədə tibbi xidmətin göstərilməməsi vəziyyəti çətinləşdirir.

Onun sözlərinə görə, koronavirus pandemiyası ölkəmizdə insult mərkəzlərinin yaradılması prosesini gecikdirdi. Nəzərə almaq lazımdır ki, bu mərkəzlər insultdan ölümü 30 faiz, əlilliyi 2 dəfə aşağı salacaq, müalicənin effektivliyini artıracaq. Belə mərkəzlərdə yüksək tibbi xidmətlə yanaşı, elmi işlərin aparılması üçün də imkan yaranacaq.

D.Xəlilova nitqinin sonunda Azərbaycanda kifayət qədər yüksəkixtisaslı həkim və tibb mütəxəssislərinin fəaliyyət göstərdiyini, insult mərkəzlərinin yaradılması üçün imkanların mövcud olduğunu dedi. Qeyd etdi ki, qarşımızda duran əsas məsələlərən biri də insult baş verən zaman necə davranmaq lazım olduğuna dair cəmiyyəti maarifləndirməkdir.

Açılış mərasimindən sonra konfrans öz işini plenar iclaslarla davam etdirdi.


Respublika Diaqnostika Mərkəzinin həkimi professor Ahmet Memiş “Funksional-Topoqrafik Beyin-Damar Radiolojik Anatomiyası: patoloji korrelyasiya” mövzusunda çıxış etdi.


Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, tibb elmləri doktoru Rəşad Mahmudov konfransda “Kardiovaskulyar xəstəliklər və insult” mövzusunda danışdı.

Ahmet Memiş, həmçinin “Spinal AVM-də endovaskulyar müdaxilələr” mövzusunda məruzəsini təqdim etdi.

Hazırda konfrans “Xronik və kəskin neyrovaskulyar çatışmazlıqda nevrolojik, cərrahi və endovaskulyar müalicə” adlı 2-ci panellə davam edir.

Paneldə “Karotis arter xəstəliklərində endoarterektomiyanın və stendləmənin müqayisəli analizi, cərrahi xüsusiyyətləri”, “İnsultun birincili və ikincili profilaktikası”, “Kəskin insult: endovaskulyar rekanalizasiya”, “Kəskin işemik insult xəstələrində endovaskulyar müalicə üçün xəstə seçimi” mövzularında məruzələr dinləniləcək.