Demensiya xəstəliyinə qarşı yeni dərman hazırlandı – 6 aya sağaldır?

  • 2024.05.27 17:37
  • 1018 Baxış
Demensiya xəstəliyinə qarşı yeni dərman hazırlandı –  6 aya sağaldır?
Elm adamları beyin hüceyrələrinin ömrünü uzada və demensiyanın müalicəsində yeni era başlada biləcək dərman hazırlayıblar.

Medicina.az xəbər verir ki, Ontario, Stenford və Kaliforniya universitetlərinin alimləri müəyyən ediblər ki, gündə iki dəfə qəbul edilən həblər xəstəlik zamanı pik həddə qalxan “amiloid” adlı zərərli beyin zülalının səviyyəsini təxminən 10 faiz azalda bilər.

Ekspertlər bildirirlər ki, illər çəkən digər eksperimental müalicələrdən fərqli olaraq, dərmanın beynə faydaları onu istifadə etdikdən cəmi 6 ay sonra müşahidə olunub. Bundan əlavə, dərmanın əks təsirləri də indiyə qədər tətbiq olunan müalicələrdən dəfələrlə yüngüldür. Ən çox rast gəlinən əks təsir diareya və baş ağrısı olub.

Yeni dərman beyin hüceyrələrinin sağ qalmasını və inkişafını tənzimləməyə kömək edən P75NTR adlı beyindəki xüsusi reseptora təsir edir. Hüceyrələr və ya neyronlar öldükdə, mesajlar beyində effektiv şəkildə ötürülə bilmir. Elm adamlarının fikrincə, demensiyada düşüncə və yaddaş çətinliklərinə səbəb olan da məhz budur.

“Nature Medicine” jurnalında dərc edilən son araşdırmanın nəticələri göstərib ki, sözügedən dərman böyümə və sağ qalmağı təşviq etmək üçün reseptor ilə hüceyrələr arasında siqnalların keçidini artırır. Dərman P75NTR-ni hədəf alaraq xəstələrin beyinlərində Alzheimerin əlamətdar zülalı olan amiloidin yığılmasını əhəmiyyətli dərəcədə yavaşladır. Tədqiqatçılar dərmanın beyin neyronlarının sağ qalma qabiliyyətini birbaşa təkmilləşdirdiyini söyləyirlər.

Qeyd edək ki, dünyada milyonlarla insana təsir edən Alzheimer və demensiya xəstəliyinin əsas səbəbi hələ də müzakirə edilir. Elm adamları bu xəstəliklərin beyin hüceyrələrinin ətrafına amiloid və tau zülallarının anormal dərəcədə yığılmasının nəticəsi olduğunu düşünürlər.


Aysel