Mehriban Əliyevanın təşəbbüsü yüzlərlə qadın həkimə stimul oldu – Cərrah Səkinə Xudıyeva

  • 2026.09.04 16:20
  • 129 Baxış
Mehriban Əliyevanın təşəbbüsü yüzlərlə qadın həkimə stimul oldu  – Cərrah Səkinə Xudıyeva

Sentyabrın ilk günlərindən Azərbaycan səhiyyə sistemində çalışan minlərlə tibb işçisinin gündəmində olan. TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 min 212 tibb işçisini əhatə edən yeni islahatın əsasını tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, onların əməyinin daha yüksək qiymətləndirilməsi və səhiyyədə insan kapitalının gücləndirilməsi təşkil edir.

Təşəbbüs Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən irəli sürülüb, Prezident İlham Əliyev isə bu təşəbbüsü dəstəkləyərək onun icrası ilə bağlı müvafiq tapşırıq verib.


Medicina.az xəbər verir ki, ümumi cərrah, tibb elmləri namizədi Səkinə Xudıyeva bu qərarın yüzlərlə qadın həkimə dəyər mesajı olduğunu bildirib:


“Həkim olaraq bu xəbəri eşidəndə ilk ağlıma gələn sevgi və dəyər oldu. Çünki həkimin əməyinə verilən dəyər yalnız maaş rəqəmi ilə ölçülmür. Amma belə diqqət, dəyişiklik insana “sənin zəhmətin görülür, sən dəyərlisən” mesajını verir.


Bir həkim kimi mən bu xəbəri sadəcə “maaş artımı” kimi qəbul etmirəm. Çünki səhiyyədə çalışan insan üçün maaş məsələsi çoxdan yalnız maddi məsələ olmaqdan çıxıb. Bu, həm də peşəyə münasibət, əməyin qiyməti, gələcəyə inam və məsuliyyət məsələsidir.

Biz həkimlər hər gün insan həyatının ən həssas, çətin məqamları ilə qarşılaşırıq.

Bəzən şəxsi problemlərimizi xəstə otağının qapısında saxlayırıq. Bəzən gecə saatlarında telefon zənginə cavab veririk. Bəzən bir pasiyentin taleyi ilə bağlı qərarı saniyələr içində verməli oluruq. Xüsusilə qadın həkimlərin həyatında bu məsuliyyətin başqa bir tərəfi də var. Biz bir tərəfdən həkimik, digər tərəfdən anayıq, həyat yoldaşıyıq, övladıq, ailənin yükünü daşıyan qadınıq. Xəstəxanada başqasının həyatını düşünərkən evdə öz uşağımızın, anamızın, ailəmizin qayğısını da düşünürük.

Bəzən əməliyyatdan çıxıb evə gedirik, bir neçə saat sonra yenidən işə qayıdırıq.

Buna görə də qadın həkimlər üçün əməyin dövlət səviyyəsində qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Bu qərarın sevindirdiyi minlərlə tibb işçisi arasında çoxlu qadın həkimlər də var. Onların sevincinin səbəbi yalnız əməkhaqqının artması deyil. Əsas məsələ budur ki, illərlə təhsil alan, ixtisaslaşan, gecə-gündüz çalışan, pasiyentlərin sağlamlığı üçün məsuliyyət daşıyan həkim əməyinin qiymətləndirilməsi istiqamətində addım atılır.

Ayrı-ayrı vəzifələr üzrə artım 135 faizə qədər yüksəlir. Bu rəqəmlərin hər birinin arxasında isə real insan dayanır. Bir ailə həkimi. Bir təcili yardım həkimi. Bir reanimatoloq. Bir neonatoloq. Bir mama-ginekoloq. Bir uşaq cərrahı. Bir travmatoloq. Bir tibb bacısı. Bir feldşer. Və onların hər birinin öz həyatı, öz ailəsi, öz məsuliyyəti var.
Bu qərarın nəticəsi zamanla səhiyyə xidmətinin keyfiyyətində,qadınların daha çətin tibbi ixtisasları seçəcəyinə zəmin yaradacaq.

Qadın həkim üçün peşəsinin dövlət tərəfindən qiymətləndirilməsi yalnız maddi rahatlıq yaratmır. Bu, həm də mənəvi stimul verir.

Mehriban xanım Əliyevanın təşəbbüsünün cəmiyyət tərəfindən bu qədər geniş müzakirə olunmasının səbəbi də buradadır. Birinci vitse-prezidentin səhiyyə sahəsinə münasibəti yeni məsələ deyil. Həkimə “sən bizim üçün önəmlisən” demək gözəldir. Amma bunu əməkhaqqı, sosial təminat, peşəkar inkişaf imkanları və iş şəraitində göstərmək daha böyük nəticə yaradır. Məhz buna görə mən bu islahatı səhiyyə sisteminin insan kapitalına qoyulan investisiya kimi görürəm”.


Aygün Musayeva