Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin təşəbbüsü və dəstəyi ilə, əməkdar həkim-onkoloq Elçin Mansurov, Sevinc Rəhimzadə, Türkan Mansurovanın müəllifliyi ilə hazırlanıb çapdan çıxan “Qidalanmanın onkologiyaya təsiri” külliyyatın satışından əldə olunan vəsait Milli Onkologiya Mərkəzinin Uşaq onkologiyası şöbəsinə ianə edildi.
Medicina.az xəbər verir ki, ilk satışdan gələn 15 min manatdan çox vəsaitə Uşaq onkologiyası şöbəsi üçün vacib olan müasir yeni Portativ USM cihazı alınıb.
Ötən gün həmin cihaz şöbəyə təqdim olunub. Artıq uşaqlar palatada USM olunacaq və cihaz çox dəqiq görüntüyə malikdir.
Milli Onkologiya Mərkəzinin İkinci Kimyaterapiya şöbəsinin həkimi, tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim Elçin Mansurov, Uşaq onkologiyası şöbəsinin rəhbəri Reyman İsmayılzadə göstərilən dəstək və diqqətə görə akademik Cəmil Əliyevə təşəkkürünü bildirib.
Reyman İsmayılzadənin sözlərinə görə, uzun müddət Belorusiyada çalışdığı dövrdə, eləcə də xarici ölkələrdə belə hadisələrlə, faktlarla çox rastlaşıb.
“ Avropa ölkələri, həmçinin təcrübədə olduğumuz Böyük Britaniyada gördüm ki, Uşaq Onkologiyası mərkəzində şöbələrdə, reanimasiyada olan cihaz və ləvazimatların böyük hissəsi xeyriyyə təşkilatı, cəmiyyəti və tanınmış şəxslərdən hədiyyə edilmişdi.
Akademik, dəyərli akademik Cəmil Əliyevin rəhbərliyi, təşəbbüsü ilə son 2 ildə bir sıra layihlərdən əldə olunan qonorar, gəlirlərin uşaq şöbəsinə dəstək üçün ayrılması artıq ənənə halını alıb. Onkologiya mövzusunda son dövrlərin ən yaxşı kitablarından olan, 4 cildlik ensiklopediyanın satışından gələn ilk qonorar yenə Uşaq onkologiya şöbəsinə hədiyyə olunub. Bu qoronarın hesabına şöbədə vacib cihazlardan olacaq portativ USM aparatı alnıb.
Buna görə bütün şöbə əməkaşları və valideynlər adından təşəkkürümü bildirirəm. Bu həqiqətən dəyərli bi kitabdır. Kitabda həm həkimlər, həm yaşlılar, həm böyüklər üçün dünyada nə lazımlı informasiya var, toplanılıb.
Uşaq onkologiyası elə bir sahədir ki, hamının diqqətini cəlb etməlidir.
Çünki hər birimiz həm də uşaq olmuşuq. Ekzüperinin məşhur əsəri var: Balaca Şahzadə..
Orda deyilir ki, biz hər birimiz uşaqlıqdan gəlirik və heç vaxt uşaqlığımızı yaddan çıxarmamalıyıq".
Əməkdar həkim-onkoloq Elçin Mansurov Azərbaycanda kitab satışından əldə olunan vəsaitlə belə bir işin ilk təşəbbüskarları olduqları üçün fəxr etdiklərini bildirdi:
“Dövlət bizim mərkəzi hər bir şeylə təmin edib. Amma hörmətli akademik Cəmil Əliyev və professorumuzun dediyi kimi, dünyanın hər yerində məşhur onkoloji klinikalarına, xüsusən onkoloji xəstə uşaqlara hədiyyələr, ianələr olunur.
Biz də müzakirələrdən sonra qərara gəldik ki, portativ USM cihazı alaq. Mərkəzimizdə bir neçə ədəd stasionar, böyük USM cihazı var. Onları lazım olanda palatadan -palataya daşımaq çətinlik yaradır. Hədiyyənin qiymətini deməzlər, təbii ki, dəyərli bir cijazdır. Amma çox maraqlı bir məqam oldu ki, aparatı alanda firma əməkdaşları biləndə ki, uşaq onkoloji şöbəsi üçün alırıq, 2000 manat da endirim edib, qiymətdən çıxdılar. Bu bir daha göstərdi ki, tək deyilik. Biz arzu edirik ki, belə təşəbbüslər davamlı olsun. Uşaqlarımızı hər zaman diqqətimizdə saxlayaq”.
1 sentyabr 2026-cı il tarixindən yeni USM cihazı ilə xəstələrin müayinəsi başlanıldı.
Ətraflı videoda izləyin
Aygün Musayeva
Medicina.az