Hamı peyvənd olunmayanadək pandemiya bitməyəcək- Amerikalı həkim

  • 2021.01.23 16:04
  • 1876 Baxış
Hamı peyvənd olunmayanadək pandemiya bitməyəcək - Amerikalı həkim

ABŞ COVID-19-a qarşı vaksinasiya prosesini həyata keçirən ilk ölkələrdən biridir. Belə ki, uzun müddət pandemiyanın episentri sayılan və 40 minə yaxın insanın öldüyü Nyu-York ştatı da başda olmaqla, ABŞ-ın 50 ştatında kütləvi peyvəndləmə həyata keçirilir. Yeri gəlmişkən, ABŞ-ın hər bir ştatında ilk növbədə kimin vaksinasiya olunacağı barədə qərarı qubernatorlar verirlər. Bu proses xəstəxanalarda yaradılan xüsusi tibbi heyət vasitəsilə idarə olunur. Hazırda Nyu-York ştatında kütləvi peyvəndləmənin ikinci mərhələsi başlayıb.

Nyu-York ştatının tanınmış tibb mərkəzlərindən biri olan “The Mount Sinai Hospital” və Albert Eynşteyn Universitetinin xəstəxanasının həkimi Abdo Balıkçıoğlu “Report”a pandemiya və vaksinasiya prosesinin gedişatı ilə bağlı müsahibə verib.


O, bildirib ki, COVID-19-a yoluxan insanların orqanizmindəki gedişat onların genetik faktorlarına görə dəyişir.


"Burun və boğazda CCR5 adlandırdığımız reseptor var. Həmin reseptorları yüksək olan insanlar xəstəliyə daha tez yoluxurlar. Çünki CCR5 reseptorları virusu maqnit kimi özünə çəkir. Virus orqanizmə daxil olduqdan sonra bədənin ona qarşı reaksiyası başlayır. Belə ki, xəstələrin orqanizmində anticisim ifraz edilir. Bundan sonra bədəndə, immun sistemində antigenlə anticisim arasında mübarizə vəziyyəti ağırlaşdırır və virus kənarda qalır. Koronavirusda bədənin virusa qarşı verdiyi reaksiya ağırlaşma yaradır.

Hətta gənclər belə heç bir xəstəlikləri olmadığı halda ciddi ağırlaşmalarla dünyalarını dəyişirlər. Bəzən isə 70-80 yaşlı və bir çox xəstəlikləri olan pasiyentlər tamamilə sağalıb, evlərinə dönürlər. Təbii ki, diabet, təzyiq, böyrək və ürək xəstəlikləri olan insanlara koronavirus daha çox təsir göstərir. Ona görə də koronavirusun insanlara təsirinin birbaşa genetik faktorlarla əlaqəli olduğunu əminliklə deyə bilərəm.

Artıq bir aydır Nyu-Yorkda könüllülük prinsipi əsasında vaksinasiya aparılır. Mən peyvəndin ikinci dozasını da vurdurmuşam. Hələlik heç bir əks-təsirini hiss etməmişəm. Peyvəndin hansı ölkənin və şirkətin istehsalı olmasından asılı olmayaraq, hər kəs vaksinasiyada könüllü iştirak etməlidir. Artıq ABŞ-da 6 milyondan çox insan peyvəndlənib və sadəcə 20 nəfərdə allergik reaksiya yaranıb. Mənim işlədiyim xəstəxanada 2 nəfərdə vaksinə qarşı əks-təsir müşahidə etdik və bunun hansı səbəbdən qaynaqlandığını araşdırırıq.

ABŞ-da vaksinasiyada “Pfizer” və “BioNTech” şirkətlərinin peyvəndlərindən istifadə olunur. Nyu-Yorkda vaksinasiya mərhələli şəkildə aparılır. Belə ki, vaksin əvvəlcə intensiv terapiya, daha sonra isə təcili yardım şöbələrinin işçilərinə vuruldu. Bundan sonra polislər və müəllimlər, daha sonra 75 yaşdan yuxarı vətəndaşlar peyvənd olundu. İndi də 65 yaşdan yuxarı şəxslərə vaksin vurulur. Xəstələrdən vaskinasiyadan əvvəl hansısa qidaya və dərmana allergiyalarının olub-olmaması soruşulur. Çünki allergiyası olan insanlar risk qrupuna daxildir və həmin şəxslərdə anafilaktik şok yarana bilər. Hələlik bu səbəbdən ölən xəstəmiz yoxdur, sadəcə bir tibb işçimiz anafilaktik şok keçirdi və onu reanimasiya şöbəsinə yerləşdirdik. Onun vəziyyəti üç gün içində yaxşılaşdı və evinə göndərdik. Peyvənddən sonra inyeksiya nahiyədə bir qədər qızartı olur, əzələ və sümük ağırları müşahidə olunur.


Peyvənd ilk dozası vurulandan on gün sonra orqanizmdə koronavirusla mübarizəyə başlayır, ikinci dozadan sonra vaksin 95% effektivlik göstərir. Hətta bədəndə 5%-lik müqavimət formalaşsa belə, koronavirus daşıyıcısı xəstəliyi daha yüngül keçirir. Koronavirusa yoluxmuş xəstələrə on gündən sonra vaksin vura bilirik. Plazmafarez olunmuş pasiyentlər isə peyvənd olunması üçün ən azı üç ay gözləməsi lazımdır. Belə ki, plazmafarezdə anticismlər ifraz olunur, o da vaksini təsirsiz hala gətirir. Əminliklə deyə bilərəm ki, biz sadəcə vaksinlərdən istifadə edərək virusa qalib gələ bilərik. Ona görə də hər kəsə vaksinasiyada iştirak etməyi məsləhət görürəm.