Yay mövsümündə bir çox insan uzun müddətdir arzuladığı ölkələrə səfər edir, aviauçuşlara çıxır, bəzən saatlarla yolda qalır. Lakin bəzi xəstəliklər var ki, bu halda təyyarə ilə səyahət həyati risk yarada bilər.
“Medicina” xəbər verir ki, terapevt Yekaterina Kaşux müəyyən xəstəlikləri olan insanlar üçün hava nəqliyyatının əks göstəriş olduğunu bildirib.
Mütəxəssisin sözlərinə görə, xüsusilə ağır dərəcəli hipertoniyadan əziyyət çəkənlər üçün uçuş zamanı hipertenziv böhran, infarkt və insult riski yüksək olur.
“Uçuş zamanı atmosfer təzyiqinin dəyişməsi, oksigen səviyyəsinin azalması və bədənin susuzlaşması bəzi xəstəlikləri daha da ağırlaşdırır. Bu amillər xəstənin vəziyyətini kəskin şəkildə pisləşdirə bilər”, – deyə Kaşux qeyd edib.
Həkim əlavə edib ki, uçuşlar kəskin respirator virus infeksiyaları və ya burun axıntısı fonunda baş verən kəskin otit zamanı da təhlükəli ola bilər.
Belə hallarda iltihab Eustaxi borusunu daraldır və bu da qulaq pərdəsi ilə xarici mühit arasındakı təzyiqin tənzimlənməsinə mane olur. Uçuş və eniş zamanı bu, qulaq pərdəsinin zədələnməsi və hətta qanaxma ilə nəticələnə bilər.
Kaşuxun sözlərinə görə, burun selikli qişasının şişməsi həmçinin paranazal ciblərdə sekresiyanın normal axmasına mane olur ki, bu da ciddi ağrılarla müşayiət oluna bilər.
Həkim xəbərdarlıq edib ki, ağır ürək-damar xəstəlikləri olan şəxslər üçün hava səyahəti tamamilə əks göstərişdir. Miokard infarktı keçirmiş şəxslərə 3–4 həftə, işemik insultdan sonra isə azı 2 ay ərzində uçuşlar qəti qadağandır. Belə xəstələr uzunmüddətli səfərlərdən əvvəl kardioloq
müayinəsindən keçməlidirlər.
Bundan əlavə, psixi pozğunluqları olan şəxslər də uçuş zamanı təhlükə yarada bilər. Mütəxəssisin bildirdiyinə görə, belə insanlar uçuş zamanı aqressiya göstərə, panik atak keçirə və hətta təcili yardım qapısını açmağa cəhd edə bilərlər.
Əks göstərişlər siyahısına həmçinin pnevmotoraks, cərrahi əməliyyatlardan sonrakı bərpa dövrü və müxtəlif travmalar da daxildir. Təzyiq fərqləri bu hallarda daxili qanaxma və tikişlərin açılması kimi ağır fəsadlara səbəb ola bilər.
Aygün Musayeva