Türkiyədə 4 prezidentin ailə həkimi olmuş gəncəli professor- "Bütün futbolçuların ayağını əməliyyat etmişəm"

  • 2022.11.21 16:35
  • 13770 Baxış
Türkiyədə 4 prezidentin ailə həkimi olmuş gəncəli professor - "Bütün futbolçuların ayağını əməliyyat etmişəm"


Əməliyyata girəcək əzizimizin əhval-ruhiyyəsini qaldırmaq, hər şeyin yaxşı olacağına inandırmaq üçün müsbət çalarlar axtarırıq. Dayım oğlu Namiq öz əlavəsini edir: “Baş həkim də azərbaycanlıdır”.

Sevincək soruşuram:
- Doğrudan?

- Hə, özü yaxınlaşdı, dedi ki, atası gəncəli, anası isə deyəsən, şamaxılıdır.

...İki gün sonra həkim “Acıbadəm” xəstəxanasının kafesində yaxınlaşıb, əməliyyatın necə keçdiyini, xəstənin durumunu soruşur. Hər şeyin əla olduğunu deyirik. O da təmiz azərbaycanca “çox yaxşı həkim seçmisiniz” deyir. Sonra bizim stolda əyləşib maraqlı söhbətlər edir. Bir neçə dəqiqə sonra bu söhbətləri sayt üçün yazmağı təklif edirəm.
“Bu gün vaktim kısıtlı, yarın 12-den sonra bekliyorum”, - həkim deyir.

Səhər saat 11-də telefonuma zəng gəlir, artıq xəstəxanada olduğunu bildirir.

Türkiyənin məşhur həkimi, ixtisasca ortoped-travmotoloq olan professor Məhmət Binnətin olduqca zəngin tərcümeyi-halı var.

Ankara Universitetinin Tibb fakültəsinin məzunu olan M.Binnət Noksvilldə Haslam Biznes Kollecində magistr təhsili alıb. Daha sonra Hyustonda, Birminhemdə, Yutada, Nyu-Yorkda, Stokholmda və digər şəhərlərdəki məşhur klinikalarda müşahidəçi həkim kimi çalışıb. Özünüinkişaf yolundan dönməyən həkim hələ də bir sıra mühüm ixtisaslaşma təlimlərinə qatılmağa davam edir.

O, yalnız Türkiyə deyil, ölkə xaricindədə bir sıra mühüm xəstəxana və qurumlarda xidmət edib. Acıbadem Sağlamlıq Qrupu Ankara Xəstəxanasında, Ankara Universitetinin Tibb fakültəsində, İbn Sina xəstəxanasında, Pittsburq Universitetində və s. nüfuzlu yerlərdə müxtəlif illərdə tədqiqatçı, müəllim, həkim və ya şöbə rəhbəri olub. Bununla yanaşı, M.Binnət bir neçə il həm də Bakıda Mərkəzi Klinikada ortopediya və travmatologiya üzrə məsləhətçi həkim kimi fəaliyyət göstərib.

O, FIFA və UEFA kimi beynəlxalq idman qurumlarında da vəzifələr tutub.




“ANAMLA ATAMA NİŞAN ÜZÜYÜNÜ RƏSULZADƏ TAXIB

- Məhmət bəy, bilirik ki, Azərbaycan əsillisiniz. İstərdik ki, bir qədər Azərbaycanla olan bağlarınızdan, həyat hekayənizdən bəhs edəsiniz.

- Babam gəncəli, nənəm şamaxılıdır. Ona görə də mən hər zaman deyirəm ki, qaçqın uşağıyam. Bu, həqiqətən belədir. Anamın valideynləri I Dünya müharibəsinin başladığı illərdə Türkiyəyə köçüb. Atam isə II Dünya müharibəsindən sonra Türkiyəyə gələnlərdəndir. Atası 1941-ci ildə Tibb Universitetini bitirib. O vaxt II Dünya müharibəsi davam edirdi.Atamı da digər tələbələrlə birlikdə toplayıb müharibəyə aparırlar. Müharibədə onlar əsir düşür. Əsirlikdə ixtisası olanlardan başqa hər kəsi öldürürlər. Atam və tələbə yoldaşları həkim olduğu üçün onlara toxunmurlar. Atam müharibədən sonra bir müddət Almaniyada yaşayır. 1953-cü ildə İsmət İnönü bir qanun imzalayır. Deyir ki, dünyada nə qədər türk əsilli varsa, gəlsin, biz onlara pasport verəcəyik. Bu qərarı eşidəndən sonra Almaniyadakı bir qrup türk həkim Türkiyəyə gəlir və burada məskunlaşırlar.

Maraqlısı budur ki, onları burada qarşılayan komanda da yenə köhnə azərbaycanlılar olur - I Dünya müharibəsi illərində Türkiyəyə gələnlər. O komandada mənim anamın atası və Məhəmməd Əmin Rəsulzadə də olub. Ondan sonra köhnə və yeni gələn azərbaycanlılar arasında sıx münasibət yaranır. O dövrdə də Türkiyə Cümhuriyyətinin həkimə ehtiyacı vardı. Çünki həmin dövrdə oxumuş adam, demək olar ki, yox idi. Elə buna görə də Türkiyəyə gələn 10 nəfər qısa müddətdə Cümhuriyyətin məşhur həkimlərinə çevrilirlər. Köhnə azərbaycanlılarla qohumluq əlaqələri yaranır. O gənclər arasında subay olanlar vardı və köhnə azərbaycanlılar öz qızlarını onlara ərə verir. Beləliklə, aradakı əlaqələr daha da möhkəmlənir. O vaxt evlənən cütlüklərdən biri də atamla anam olur. Onların nişan üzüyünü isə Məhəmməd Əmin Rəsulzadə taxır. Toylarında da nikah şahidləri olur. Belə bir maraqlı hekayəsi var anamla atamın.

- Babanızla Rəsulzadə yaxın dost olublar?


- Bəli, anamın atasının Məhəmməd Əmin Rəsulzadə ilə çox yaxın dostluğu olub. Hətta Rəsulzadənin cənazəsini daşıyanlardan biri atam, biri də babam olub.

“QIZIM AZƏR QƏZETDƏN AZƏRBAYCAN YAZILAN HİSSƏNİ KƏSDİ”

- İki qızınız var. Onlara necə tanıtmısınız Azərbaycanı?

- Qızlarım doğulandan onların Azərbaycanla bağlılığını yaratmağa çalışmışam. Qızlarımdan birinin adı Azərdir. Hazırda Amerikada yaşayır. Çox bacarıqlı və uğurlu bir xanımdır. Əgər ikinci övladım oğlan olsaydı, mütləq adını Baycan qoyacaqdım. Hələ Türkiyədə Azərbaycanla bağlı məlumatın az olduğu zamanlarda qızlarıma Azərbaycanı tanıdırdım. Xocalı hadisələri baş verəndə Türkiyədə uzun illərdən sonra ilk dəfə qəzetlərdə iri hərflərlə Azərbaycan sözü yazılmışdı. O zaman qızım orta məktəbdə oxuyurdu. Bir gün gördüm Azər qəzetdən Azərbaycan sözü yazılan hissəni kəsir. Soruşdum ki, qızım, nə edirsən, niyə kəsirsən qəzeti? Dedi, ata, sinfə aparacağam. Qoy adımın haradan gəldiyini hamı bilsin.

O vaxtlar çox adam bilmirdi, kiçik bir kütlə Azərbaycan haqqında məlumatlı idi.
Azərbaycan-Türkiyə münasibətlərindəki isinmə Süleyman Dəmirəl ilə başladı və Heydər Əliyevlə davam etdi. Hələ də çox uğurla davam etdirilir. Bu, məni həddindən artıq sevindirir.

Çünki mən hər zaman Azərbaycan xalqının daha ziyalı olduğuna inananlardanam. İstər mədəniyyət olsun, istər təhsil olsun, azərbaycanlılar üstün olub. O dövrdə Azərbaycandan Türkiyəyə gələnlər ağıllı, ziyalı insanlar olub. Amma indi vəziyyət dəyişib.

“MƏNƏ NƏ VAR İBRAHIM TATLISƏSDƏN?”

- Nə mənada dəyişib?

- Mənə görə, ən böyük səhvlərdən biri Türkiyədən Azərbaycana, Azərbaycandan da Türkiyəyə doğru insanların gəlməməsi oldu. Söhbət ikinci, üçüncü nəsildən gedir. 90-cı illərdə Azərbaycana qohumlarımı tapmağa gələndə avtobusla Gəncəyə gedirdim. Türkiyədən gəldiyimi biləndə sərnişinlərdən biri sürücüyə İbrahim Tatlısəsin kasetini verib dedi ki, bunu qoy, dinləyək. Mən sürücüyə dedim, sizin gözəl musiqiləriniz, sənətçiləriniz var: Zeynəblər, Bülbüllər Şövkətlər... Onları qoy, dinləyək, mənə nə var İbrahim Tatlısəsdən? Mən Azərbaycandayam. Məndən soruşdular ki, sən kimsən, nə işlə məşğulsan? Dedim, ayaqqabısatanam, burada mağaza açılıb,gəlmişəm işləməyə. Bax, həmin adamlar Türkiyəyə gəldi sonralar və orada düz işlər görmədilər. O ərəfədə bir neçə xoşagəlməz evliliklər oldu. Əvvəldə əlaqələr doğru, sağlam şəkildə qurulsa da, təəssüf ki, sonra bu şəkildə davam etmədi”.


“8 ÇAMADANLA MİNDİM TƏYYARƏYƏ, ÜSTÜMDƏ DƏ 5 MİN DOLLAR PUL. HAMISINI...”

- Azərbaycanda qohumlarınızı necə tapdınız, onları ilk dəfə görəndə hansı hissləri yaşadınız?

- Türkiyədə ortopediya həkimlərinin hamısı məni tanıyır və bilirlər ki, Azərbaycan əsilliyəm. Ona görə də Azərbaycanla bağlı nə isə bir məlumat olanda dərhal mənə xəbər verirdilər.

1991-ci ildə İstanbul Tibb fakültəsinin müəllimləri Moskvaya getmişdilər. Səfərdən qayıtdıqdan sonra İstanbul Cərrahpaşa Tibb falkültəsinin müəllimi, professor Murat Hız mənə zəng vurdu və dedi ki, biz Moskvada çox yaxşı bir şəxslə tanış olduq. Dedim, kimdir? Dedi, Əhliman Əmiraslanov. Ondan sonra 1993-cü ildə mən yenidən Bakıya gəldim. O zaman Əhliman bəy Tibb Universitetinin rektoru təyin olunmuşdu, onu təbrik etməyə getdim və ona Murat bəyin salamını apardım.

O gündən biz dostlaşdıq. Bir gün də Osman Qazi Universitetinin müəllimləri Rusiyada konqresdə iştirak edirdilər. O vaxt Azərbaycandan ilk dəfə konqresdə Eldar Abbasov iştirak edirdi. Qazi Universitetinin müəllimləri mənə dedi ki, sənin bir yerlinlə tanış olduq, adı Eldardır. Dedilər, fiziki terapiya konqresinə gələcək, istəsən, gəl tanış ol. Mən də sırf Eldarla tanış olmaq üçün həmin konqresə getdim. Orada onunla tanış olduq və mən ona Azərbaycana, qohumlarımı tapmağa gəlmək istədiyimi dedim. Mənə bizə gəl, mən sənə kömək edərəm dedi. O vaxt Türk Hava Yolları təzə açılmışdı. Uzun sözün qısası, 8 çamadanla mindim təyyarəyə, üstümdə də 5 min dollar pul. Hamısını ordakı qohumlarıma vermək üçün götürmüşdüm.

“20 POLIS MƏNİ AVTOBUSDAN ENDİRDİ...”

O vaxt Bakıda cəmi iki hotel var idi: “Abşeron” və “Azərbaycan”. Gecəni “Azərbaycan” hotelində qaldım. Ertəsi gün Malakan bağının yaxınlığındakı Travmatologiya İnstitutuna getdim. O vaxtlar klinikanın baş həkimi Pənahəli idi. Çox yaxşı həkim idi. Pənahəli ilə Eldar məndən soruşdular ki, sənin üçün nə edə bilərik? Dedim, Gəncəyə getmək istəyirəm. Məni Gəncə avtobusuna mindirib sürücüyə də hər şeyi başa saldılar. Elə Nizaminin məqbərəsi olan yerə çatmışdıq ki, polislər avtobusu saxladılar və dedilər ki, bu avtobusda Məhmət adlı bir adam var. Dedim, mənəm. Dedilər, en avtobusdan. Bütün yüklərimi də endirdirdikdən sonra sürücüyə dedilər ki, sən get. Mən 20 nəfər polislə qaldım. Heç kim, heç nə demirdi. Məni mindirdilər polis maşınına, yanımda da iki polis.

İCRA BAŞÇISINDAN SÜRPRIZ QARŞILAMA MƏRASİMİ...

Bir binanın önünə gəldik. Gedib qapını döydülər, bir bəy açdı. Salam verdilər, dedilər ki, Məhməti gətirdik. Ağsaqqal bir kişi idi. Dedi, Məhmət, vətəninə, torpağına xoş gəldin! Həmin adam Gəncənin icra başçısı idi. İçəri girdim, gördüm möhtəşəm bir süfrə qurulub və millət oturub məni gözləyir. Həmin gün nə qədər yeyib-içdik. Atamın əmisi qızı vardı– Gülarə, axşam məni onlara apardılar. Qəribə hisslər idi. Gülarə bibimin övladı yox idi, həyat yoldaşı ilə ikisi yaşayırdı. Bütün qohumlar gəldi ki, məni qonaq aparsınlar, onlarda qalım, amma dedim, mən burada – balaca şəraitsiz daxmada qalacağam. Orada da qaldım. Qohumlarımın hamısı ilə görüşdüm. Ona qədər cəmi bir-iki qohumumu tanıyırdım.

- Onların sizdən xəbəri var idimi? Bilirdilərmi sizin kimi qohumları var?

- Onların əmisi oğlunu 1977-ci ildə atam Türkiyəyə dəvət etmişdi, bilirdilər.

- Məhmət bəy, atanız da həkim olub. Sonra siz özünüz də bu peşəni seçdiniz...

- Bəli, atam həkim idi, mən də həkim oldum. Çünki biz bu ölkədə yaxşı oxumaq məcburiyyətində idik. Bizim soyadımızdan gələn bir avantajımız, torpağımız yox idi. Heç bir şeyimiz yox idi. Bir şansımız var idi, o da oxumaq. Ona görə də buraya əvvəldən gələn azərbaycanlıların uşaqlarının hamısı çox yaxşı oxudular, yaxşı yerlərdə çalışdılar. Bunu qürurla söyləyirəm.

1978-ci ildə Ankara Universitetinin Tibb fakültəsindən məzun olandan sonra gedib atama dedim ki, ata, sən buralı deyilsən, sənin burada heç nəyin yoxdur. Mənə icazə ver, gedim.

Atam dedi: Oğlum, nə edim, taledir. Mən də istəməzdim vətənimdən qopub buralarda yaşayım. Elə bilirsən, mən darıxmıram vətənim üçün?

Atam həmişə İzmirə gedəndə ağlayırdı. Çünki Bakıya bənzədirdi İzmiri.

TÜRKİYƏ CÜMHURIYYƏTİNİN SON 5 PREZİDENTİNDƏN 4-nün AİLƏ HƏKİMİ...

- Karyeranıza haradan başladınız?

- Karyeramı Ankara Universitetindən başladım. Amma bir il sonra İsveçrəyə, Sürix şəhərinə getdim. Sürixdə 6 ay işlədikdən sonra oradakı baş asistanlarım mənə dedilər ki, Türkiyədə qəzalar çox olur, sən gettravmatologiyanı öyrən. Harada öyrənə biləcəyimi soruşdum? Dedilər, Bazel şəhərinə get. Oradan Bazel Universitetinə keçdim. Uzun müddət orada qaldıqdan sonra müəllimlərim Türkiyəyə qayıtmağım üçün israr etdi. Türkiyədə ixtisasımı tamamladım. Hərbi xidmətə getdim. Qayıtdıqdan sonra yenidən Türkiyədən ayrıldım. Bazelə getdim və orada diz oynağının travamotologiyası üzrə çalışmağa başladım. Bazel Universitetində bu sahədə möhtəşəm bir mütəxəssis var idi - professor Müller.

Bu yaxınlarda 90 yaşını tamamlayacaq. Çox böyük müəllimdir. 1986-cı ili orada keçirdim. Sonra mənə məsləhət gördülər ki, çiyin travmatologiyasını öyrənim. 90-cı illərdə müəllimlərim yenə mənə Türkiyəyə qayıtmağı məsləhət gördülər və məni artıq Türkiyənin futbol üzrə milli komandasının baş həkimi kimi dəvət edirdilər. 20 il türk milli yığma komandasının baş həkimi oldum. 90-cı illərin əvvəllərində yenə icazə istədim və Amerikaya getdim. Əvvəlcə 6 ay Nyu-Yorkda Kornell Universitetində çalışdım. Həmin vaxt mən Nyu-Cersidə atamla eyni qrupda oxuyan Sultan Hacıbəyovun evində qalırdım. Onun həyat yoldaşı Asiya xala mənə Sultan əminin evində bir otaq verdi, 6 ay orada yaşadım.

1994-cü ildə artıq yenidən və birdəfəlik Türkiyəyə qayıtdım. Professor oldum, sonra Ankara Universitetində, Türkiyə milli komandasında işləməyə başladım. Türkiyə Cümhuriyyətinin son 5 Prezidentindən 4-nün ailə həkimi olmuşam. Hamısının birinci dərəcəli ailə üzvlərini ya müalicə etmişəm, ya əməliyyat. Bir çox naziri müalicə etmişəm. Hazırda Türkiyənin beş yaxşı ortopediya həkimi desələr, mənim adımı da çəkərlər. Ankara Tibb fakültəsində hazırda məndən yaşlı bircə ortopediya həkimi var, o da qarabağlıdır - 82 yaşlı professor doktor İlkər Çətin.

UEFA-dan AZƏRBAYCAN JESTİ...

Onu da qeyd edim ki, bu coğrafiyada UEFA-ya seçilən həkim təkcə mən oldum. Oraya seçiləndə dedim ki, mən Türkiyəni təmsil etsəm də, köküm azərbaycanlıdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra futbol federasiyası quruldu və ilk oyununu Türkiyədə, Trabzonda oynadı. UEFA nə etdi, bilirsiniz? Oyunun səhiyyə nəzarətçisi olaraq mənitəyin etdi. Mən formamı geyindim, təyyarəyə minib Trabzona getdim. Təyyarədə biznes-klasda oturmuşduq. Önümdə iki nəfər vardı. Salamlaşdıq. O adam AFFA-nın sədri Fuad Musayev idi. Yanındakı da katibi, keçmiş qapıçı Çingiz. Dedim, mən də professor doktor Məhmət Binnət,bu oyunun səhiyyə nəzarətçisiyəm, əslim də azərbaycanlıdır. Onlar çox təəccüblənmişdilər.


“SƏNİN ƏMƏLİYYAT ETDİYİN AZƏRBAYCANLILAR BİZƏ QOL VURUR”

- Bəs futbol üzrə Azərbaycan millisindən kimlərisə şəxsən tanıyırsınız?

- Azərbaycan milli komandasının bir çox futbolçularını əməliyyat etmişəm. Rəşad Sadıqovu, Ramiz Məmmədovu, Ceyhun Sultanovu. Bir gün Türkiyə Futbol Federasiyasının sədri mənə zəng vurub dedi ki, Məhmət, bəsdir daha. Sən bütün azərbaycanlı futbolçuları əməliyyat edirsən, ayağa qalxandan sonra hamısı bizə qol vurur (gülür).
Azərbaycan milli futbol komandasının bir gənc oyunçusu vardı. Adını indi xatırlaya bilmirəm. Diz qapağı çox ağır zədələnmişdi. Bir neçə ölkəyə aparmışdılar, heç bir həkim əməliyyatı boynuna götürmədi. Boris Xetequrov onu götürüb Türkiyəyə gətirdi. AFFA-nın sədri mənə zəng vurub dedi ki, nə olar, bu uşağı düzəlt. 7 saat çəkdi əməliyyatı. Bütün diz bağlarını bərpa etdim. Ayağını yerə basıb qaçmağa başlayanda göndərdim. O gənc sonra Azərbaycan millisinin kapitanı oldu. Daha sonra “Kocaelispor”a transfer oldu. Çox yaxşı oyunçu idi.

- Məhmət bəy, dünyanın, eləcə də Türkiyənin məşhur klinikalarında çalışmısınız. Bəs, Azərbaycanda işləmək istəyiniz nədən yarandı?
- Elə həmin əməliyyatlardan sonra Azərbaycanın tibb sahəsində tanındım. Azərbaycanlı futbolçuları, vəzifəli şəxsləri əməliyyat etdikdən sonra məni Mərkəzi Klinikaya dəvət etdilər. Azərbaycan tibb sahəsi ilə orada tanış oldum. O zaman bir çox həkimi tanıdım.

- Onların fəaliyyətindən, peşəkarlığından razı qaldınızmı?

- Azərbaycan səhiyyə təşkilatındakı həkimlərin yetişməsi lazımdır. Hazırda hələ yetişirlər. Bu gün Azərbaycanda Türkiyədə təhsil almış həkimlərin hər biri öz sahələrində kifayət qədər uğurludur. Cəfər, Kamran Musayev, Rəşad, Elgiz Qasımov.

“5 İL QALMAYACAQSANSA, GƏLMƏ!”

- Türkiyəyə ixsitsaslaşmaq üçün sizin yanınıza gələn həkimlər də olur yəqin. Onlarda nə çatışmır?

- Azərbaycanda məşhur olandan sonra Türkiyəyə mənim çalışdığım klinikaya bir çox azərbaycanlı həkim gəldi. Adlarını çəkməyəcəyəm. Hər gün klinikada 20-30 əməliyyat olurdu. Mən də edirdim, digər həmkarlarım da edirdi. Bunlar nə edirdilər? Girib hər əməliyyata bir saat baxırdılar, sonra Azərbaycana geri qayıdırdılar. Biz buna cahil cəsarəti deyirik. Heç bir şey bilmirdilər. Hətta orada bir çox xoşagəlməz şeylər etdilər. Mən səfirlikdə bu işlərə nəzarət edən Nəcibə Nəsibovaya zəng vurdum və şərt qoydum. Dedim,5 il burda qalmayacaqlarsa, bundan sonra ortopediya klinikasına heç kim gəlməsin. Azərbaycandan gələn həkimlərin başımın üstündə yeri var, amma bir şərtlə: 5 il burada çalışacaqlar. Ondan sonra gedə bilərlər.

Bu tələbim nəticə verdi. Hazırda bizim klinikada, Ankara Universitetində 10-a yaxın azərbaycanlı tələbə ixtisas artırır. Bu çox önəmlidir.

AZƏRBAYCANLI HƏKİMLƏR XARİCİLƏRİ NECƏ KÖLGƏDƏ QOYDU?

- Azərbaycanlı həkimlərə tövsiyəniz nədir. Daha da uğurlu olmaq üçün nə etsinlər?

- Bu sualı mənə illər əvvəl bir azərbaycanlı kardioloq verdi. Soruşdu ki, Məhmət abi, biz nə edəcəyik burada? Sovet dövründən qalan azərbaycanlı həkimlərlə problem yaşayırıq. Avropadan həkim gətirmək istəyirlər. Belçikalı, hollandiyalı həkimlər var onlar arasında. Biz onlarla necə rəqabət aparacağıq?

Mən də güldüm, dedim, heç narahat olmayın, siz düz işləyin. Birini pis edəcəksiniz, amma əmin olun ki, 4-nü yaxşı edəcəksiniz.Öyrənəcəksiniz bu işi. Aradan illər keçəcək, siz elə bir təcrübəyə çatacaqsınız ki, gələn həkimlər artıq sizinlə rəqabətə girməyə çəkinəcəklər. Güldülər, dedilər, belə şey ola bilərmi? İllər keçdi, yenidən bir araya gəldik. Mənə verdikləri sualı xatırlatdım, soruşdum ki, vəziyyət necədir? Dedilər, siz çox düz demişdiniz. Mənim Azərbaycandakı həkimlərə, həkim olmaq yolunda irəliləyən gənclərə yalnız bir tövsiyəm var: düz işləsinlər!

Elçin Zahiroğlu
Ankara
BAKUPOST.AZ