Bakıda xəstənin burnundan diş çıxıb.
Medicina.az xəbər verir ki, bu barədə lor, üz-estetik cərrahı Qəhrəman Qəhrəmanov paylaşım edib.
Həkim qeyd edib ki, bu, ektopik diş adlanır:
"İnanılmaz səslənir, amma bəzən diş burnun içində yetişir. Bu,ektopik diş adlanır, dişin normalda çıxmalı olduğu yer əvəzinə burun boşluğunda formalaşması deməkdir".
Q.Qəhrəmanov əlavə edib ki, əksər hallarda insan illərlə bu barədə xəbərsiz yaşayır:
"Sadəcə aşağıdakı əlamətlər olur:
daimi burun tıxanıqlığı, səbəbsiz qanaxma,
pis qoxu və ya qoxu itkisi,
burunda qəribə basqı və ağrı hissi.
İllərlə burnunda dişlə yaşayan pasiyent endoskopik müayinə zamanı təsadüfən aşkarlanıb. Ən maraqlısı, əməliyyatsız, sadəcə kabinet şəraitində, endoskop vasitəsilə çıxarılıb".
Cərrah bildirib ki, diş vaxtında aşkarlanmasa sinusit, sümük deformasiyası, iltihab və daimi infeksiyalar yarana bilər:
"Belə hallar nadir olsa da, bir şeyi unutmayın! Burun tıxanıqlığı, qəribə qoxular və tənəffüs pozğunluğu varsa, endoskopik müayinə həyat qurtara bilər. Müasir LOR diaqnostikası sayəsində bəzən illərin sirri bir neçə dəqiqəyə açılır".
Aygün
Medicina.az