Uşaqlarda hiperaktivliyin əsas səbəbləri - Səhiyyə nazirliyi ekspertindən

  • 2024.03.18 15:09
  • 2791 Baxış
Uşaqlarda hiperaktivliyin əsas səbəbləri  - Səhiyyə nazirliyi ekspertindən
Müasir dövrdə rast gəlinən diqqət çatışmazlığı ilə müşahidə olunan hiperaktivlik aktual pozuntusu tibbi-sosial məsələlərdən biridir. Diqqət çatışmazlığı və hiperaktiv pozuntu (DÇHP) uşaqların MSS (mərkəzi sinir sistemi) yetkinləşməsinin ləngiməsi, beyin funksiyalarının formalaşması, yeni yaşam şəraitinə uyğunlaşma və idrak fəaliyyətində çətinliklərə səbəb olur. Təxminən 2-3 yaşlarında uşaq ayaq açmağa başladıqda hərəkət funksiyalarında özünü büruzə verir.



"Medicina" xəbər verir ki, bu barədə Səhiyyə a Sanator-Kurort Reabilitasiya Mərkəzinin psixoloqu Fidan Məmmədova deyib.


- Diaqnoz məktəbəqədər və ilk məktəb illərində qoyulur. Yeniyetməlik və yetkinlik dövründə həddindən artıq olan hərəkətlilik azalır. Diqqət əskikliyi və hiperaktivlik sindromu (DƏHS) olan uşaqlar kompleks fəaliyyətlərini planlaşdırmaq və təşkil etməkdə çətinlik çəkirlər. DƏHS diaqnozu qoyulan insanlarda yuxu və narahatlıq pozğunluqları da olur.

Diqqət çatışmazlığı və hiperaktiv pozuntu olan insanlar impulsiv davranışlarını idarə etməkdə çətinlik çəkirlər. Bu vəziyyət uşaqda təhsil almaqda geriləməyə səbəb olur.

Çoxsaylı araşdırmalara baxmayaraq, diqqət çatışmazlığı və hiperaktiv pozuntunun spesifik səbəbləri yoxdur. Buna genetik, neyroanatomik, neyrofizioloji, biokimyəvi, psixososial amillərin təsiri ehtimal olunur.

Pozuntu patogenezində genetik meylin həlledici rolunu oynayır, lakin problemin davametmə müddətində isə ona uyğun gələn simptomlarla bağlı olur.


Diqqətsizlik meyarlarına fikirləri toparlamamaq və uzunmüddətli zehni əmək tələb edən işləri yerinə yetirməkdə çətinlik çəkmək, unutqanlıq, şəxsi əşyaların itməsi və s. aid etmək olar.

İmpulsivlik ilə bağlı qarşılaşa bilinəcək situasiyalara isə verilən sualları tam dinləmədən cavablandırmaq, növbə gözləməkdə çətinlik çəkmək və başqalarının sözünü kəsmək daxildir.

Hiperaktivlik ilə bağlı qarşılaşıla bilinəcək amillərə isə çox danışmaq, davamlı hərəkət halında olmaq və s. aiddir.


Hər bir hal üçün optimal müalicə fərqlidir. Düzgün aparılan korreksiya normallaşma ilə nəticələnir. Korreksiya işləri uşağın özünüqiymətləndirmə, yeni bacarıqların mənimsənilməsi, ailədəki vəziyyət, valideynlər və digər insanlarla münasibətlərı, məktəb müəllimləri ilə əlaqə qurmaq, başladığı işi planlaşdırmaq və başa çatdırmaq bacarığını aşılamaq, düzgün nitq ünsiyyəti və s. məsələlərin həllinə yönəldilməlidir.


DÇHP olan uşaqlar və yeniyetmələr mütləq psixiatr müayinəsindən keçməlidirlər. Psixiatrın müəyyən etdiyi müalicə psixoloqun və ailənin dəstəyi ilə birlikdə daha yaxşı nəticə verir. Psixiatr və psixoloqun birlikdə müalicəsi nəticəsində uşağın diqqətini toplamağa kömək edə və impulsivliyini azaldaraq davranışda daha az müşahidə olunmasına səbəb ola bilər.

Psixoloq sistemli şəkildə bu çatışmazlıqların korreksiyası ilə məşğul olur. İlk olaraq diqqətin korreksiyasından başlamaq lazımdır. Müəllim və valideynlər bilməlidir ki, diqqət inkişaf etdirilmədən uşaqdan sakit və qeyri-impulsiv olmasını gözləmək olmaz. Çünki hiperaktiv uşaqdan eyni zamanda sakit, diqqətli olmaq, həm də davranışlarını idarə etməyi tələb etmək çətindir.

Bundan əlavə, diafraqma ilə nəfəs almağı və nəfəsə nəzarət etməyi öyrənmək həm onların fiziki, həm də emosional sağlamlıqlarına müsbət təsir edəcək.



Yerində durmadıqları, sakit oturmadıqları, çox hərəkətli olduqları üçün bu uşaqların böyüklərin tez-tez “etmə”, “olmaz”, “dəymə” “tərpənmə” sözlərinə məruz qalması bu davranışlarını daha da möhkəmləndirir. Sabit rejim yaradılmalıdır. Qaydalar müəyyən edilərkən uşağın davranışlarına qarşı daim tutarlı reaksiyalar verilməlidir. Uşaqlara qaydalar anlaya bildikləri, xatırlaya biləcəkləri şəkildə müəyyən edilməlidir. Hətta uşaqlardan gözlədiyiniz davranışları diqqətlərini çəkəcək şəkildə kağıza yazıb, rahat görə biləcəkləri bir yerə asa bilərsiniz. Bu, onların nə etməli olduqlarına kömək edəcək.

Psixiatrın və psixoloqun birgə işləməsindən əlavə, valideynin uşağa evdə və məktəbdə müəllimin uşağa yanaşma təsiri də önəmlidir. Birgə aparılan iş effektiv təsir göstərir.

Psixiatr, psixoloq, valideyn və müəllimin birgə işi diqqət əskikliyi və hiperaktiv pozuntusunun aradan qalxması üçün ən effektiv üsuldur.


Diqqət əskikliyi və hiperaktivlik pozğunluğu tibb və psixologiya sahələrində “həddindən artıq və impulsiv fəaliyyət, anlama pozğunluğu və diqqəti cəmləyə bilməmə, fəaliyyət pozğunluğu” kimi müəyyən edilir".


Aygün Musayeva
Medicina.az