Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Medicina.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən proses mərkəzin təqsirləndirilən sabiq direktoru Mehriban Abasquliyevanın ifadəsi ilə işini davam etdirib.
Mehriban Abasquliyeva ifadəsi zamanı bildirib ki, hadisə baş verən zaman mərkəzdə yanğınsöndürən balonlar olsa da, yanğının söndürülməsi üçün su və yorğanlardan istifadə edilib. O əlavə edib ki, Mərkəzdə yanğın siqnalizasiya sisteminin işləməməsini TƏBİB rəhbərliyinə bildirib və buna görə məsuliyyəti onlar daşıyır. Onun sözlərinə görə, qurum sistemin təmir edilməsi üçün pul ayırmayıb.
Prosesin davamında Mehriban Abasquliyevanın vəkili ilə hakim arasında mübahisə yaranıb. Sədrlik edən hakim Leyla Əsgərova-Məmmədova M.Abasquliyevanın ifadəsinin yazılı formasını məhkəməyə təqdim etməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili isə həmin ifadəni məhkəməyə təqdim etməkdən imtina edib. Bu zaman hər iki tərəf bir-birlərindən müvafiq qurumlara şikayət edəcəklərini deyiblər.
Növbəti proses aprelin 8-nə təyin olunub.
Qeyd edək ki, 2024-cü il yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" publik hüquqi şəxsin inzibati binasında yanğın baş verib.
Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Medicina.az