Baş və göz nahiyəsində yalnız bir tərəfdə hiss olunan ağrı bir çox insanın zaman-zaman qarşılaşdığı, lakin səbəbini tam anlamadığı narahatlıqlardan biridir.
Bu tip ağrılar bəzən sadə yorğunluq və ya stresslə əlaqəli olsa da, bəzi hallarda daha ciddi nevroloji və ya damar mənşəli problemlərin ilkin siqnalı ola bilər.
Xüsusilə ağrı təkrarlanırsa və ya intensivliyi artırsa, bu vəziyyətə diqqətlə yanaşmaq vacibdir.
Medicina.az birtərəfli baş və göz ağrısının əsas səbəblərini təqdim edir.
1. Miqren
Bir tərəfli baş ağrısının ən geniş yayılmış səbəblərindən biri miqrendir. Bu zaman ağrı adətən:
Başın sağ və ya sol tərəfində olur
Göz ətrafına yayılır
Zonklayıcı (döyüntüvari) xarakter daşıyır
Miqren zamanı əlavə olaraq:
İşığa və səsə həssaslıq
Ürəkbulanma
Görmə pozğunluqları (aura) müşahidə oluna bilər.
2. Sinusit
Sinus boşluqlarının iltihabı da göz və başın bir tərəfində ağrı yarada bilər.
Bu ağrı:
Daha çox alın və göz üstündə hiss olunur
Əyiləndə artır
Burun tutulması və axıntı ilə müşayiət olunur.
3. Gərginlik tipli baş ağrısı
Uzun müddət stress, kompüter qarşısında işləmək və boyun əzələlərinin gərginliyi nəticəsində yaranır. Bəzən bir tərəfdə daha çox hiss oluna bilər.
4. Klaster baş ağrısı
Daha nadir, lakin çox güclü ağrıdır:
Adətən gözün arxasında hiss olunur
Bir tərəfdə olur
Göz yaşarması və burun axması ilə birlikdə gedə bilər
Bu tip ağrılar qısa müddətli, lakin çox şiddətli olur.
5. Göz problemləri
Görmə qüsurları, uzun müddət telefona və ya kompüterə baxmaq:
Göz yorğunluğu yaradır
Bir tərəfli ağrı verə bilər
6. Boyun və onurğa problemləri
Boyun əzələlərinin spazmı və ya osteoxondroz:
Ağrını başın bir tərəfinə ötürə bilər
Xüsusilə səhər və ya uzun oturmadan sonra artır.
Aşağıdakı hallarda mütləq həkimə müraciət etmək lazımdır:
Ağrı qəfil və çox şiddətli başlayırsa
İlk dəfə bu qədər güclü hiss olunursa
Görmə itkisi, danışıq çətinliyi varsa
Üzün bir tərəfində keyimə yaranırsa
Ağrı günlərlə keçmirsə
Aygün Musayeva