Almaniyadakı bu qəsr 1 avroya satılır

  • 2026.11.12 17:55
  • 55 Baxış
Almaniyadakı bu qəsr 1 avroya satılır



Almaniyanın Saksoniya əyalətində yerləşən Bad Düben şəhərinin rəsmiləri əsrlərlə yaşı olan tarixi binanı alacaq birini axtarırlar.

Medicina.az xəbər verir ki, təxminən 800 illik tarixə malik bu orta əsr qalası cəmi bir avro kimi rəmzi qiymətə təklif olunur.

Yerli administrasiya rəhbəri, 64 yaşlı Matthias Mith deyib: "Qalanın xilas olmasını çox istərdim. Bu, həm bölgə, həm də bütün Saksoniya üçün əhəmiyyətli bir binadır. Xaricdən baxdıqda artıq o qədər də cəlbedici görünmür və görüləsi çox iş var. Lakin damı su buraxmır".

Uzun tarixə malik "Schloss Schnaditz" (Şnadits qalası) xəndəklə əhatələnmiş bir qala olub, təxminən 1012 kvadratmetr sahəni əhatə edir. Qalada cəngavərlər zalı və iki qüllə mövcuddur.

Bu qala vaxtilə tanınmış "von Zaschwitz" (fon Zaşvits) ailəsinin mülkü olmuşdur. Həmin ailə Henrix fon Kleistin (1777–1811) "Mixael Kolhaas" (Michael Kohlhaas) adlı povesti sayəsində ədəbi şöhrət qazanmışdır.

Müharibədən sonra, 1945-ci ildə mülk milliləşdirildi. Almaniya Demokratik Respublikası (ADR) dövründə qalada müxtəlif obyektlər, o cümlədən yaşayış mənzilləri, bələdiyyə idarəsi, bərbərxana, poçt şöbəsi və uşaq bağçası yerləşirdi. Berlin divarı yıxıldıqdan sonra bina uzun müddət boş qaldı.

2014-cü ildə qalanın xilas edilməsi mümkün görünürdü: amerikalı bir qadın və oğlu, investorların dəstəyi ilə bu tarixi məkanı otelə, barbekü restoranına və şərab barına çevirməyi planlaşdırırdılar. Lakin 2018-ci ildə bu iddialı layihə uğursuzluqla nəticələndi. Əvvəlcədən planlaşdırılan milyonlarla avro əvəzinə, layihəyə cəmi 400 000 avroya yaxın vəsait qoyuldu. Nəticədə, alqı-satqı müqaviləsinə xitam verildi. Ardınca həyata keçirilən məcburi çıxarılma zamanı polis və məhkəmə icraçıları qapıların kilidlərini dəyişdirdilər.


Hazırda səlahiyyətli orqanlar qəsr üçün yeni sahib axtarırlar və onu simvolik qiymətə cəmi bir avroya – təklif edirlər. Lakin burada bir məqam var: bərpa işləri ilə bağlı xərclər.

Matthias Mieth-in sözlərinə görə, qəsri bərpa etmək üçün alıcı təxminən 20 milyon avro vəsait ayırmalı olacaq. Bundan əlavə, yeni sahib tarixi abidələrin qorunması ilə bağlı qaydalara riayət etməlidir.

Aygün Musayeva