Sverdlovsk Regional Klinik Xəstəxanası 1 saylı tibb müəssisəsinin mütəxəssisləri, mənşəyi məlum olmayan nevroloji simptomlardan əziyyət çəkən pasiyentə yardım göstəriblər. Diaqnoz həkimləri təəccübləndirib: xəstənin gicgah sümüyündə güllə aşkar edilib.
Medicina.az xəbər verir ki, həmin cisim təxminən 30 ildir orada imiş. Kişi bu xəsarəti çoxdan alıbmış və o vaxt həkimlər yaxınlıqdakı damar və sinirlərə zərər verməmək üçün gülləni çıxarmamaq qərarına gəliblərmiş.
Müasir tibbdəki, xüsusilə də neyro-vizuallaşdırma (neyroimicinq) sahəsindəki irəliləyişlər nəhayət ki, bu yad cismi çıxarmağa imkan verdi. Qeyd edək ki, həmin cisim əvvəllər pasiyentin MRT müayinəsindən keçməsinə mane olurdu.
Həkimlər işemik insult və ya Vernike ensefalopatiyası (B1 vitamini çatışmazlığı nəticəsində yaranan kəskin nevroloji pozuntu) ehtimalını tam istisna edə bilmədikləri üçün əməliyyatı yerli anesteziya altında aparmağa qərar veriblər; beləliklə, pasiyent bütün prosedur boyu huşг oyanıq qalıb.
Havalı tüfəngdən açıldığı ehtimal edilən güllə çətinliklə də olsa çıxarılıb və xatirə olaraq pasiyentə verilib.
Sverdlovsk Regional Klinik Xəstəxanası 1 saylı tibb müəssisəsinin mətbuat katibi Yevgeni Artyuxov bildirib ki: "Onun bəxti gətirib ki, gicgah sümüyünün piramida hissəsi kəllənin ən sıx və möhkəm nahiyələrindən biridir. Görünür, məhz bu amil kişi xəsarət aldığı ilk vaxtlarda onu daha ağır fəsadlardan qoruyub".
Əməliyyatdan dərhal sonra pasiyent MRT müayinəsindən keçib. Əvvəllər yad cisim səbəbindən mümkün olmayan bu müayinə, beyin qan dövranının kəskin pozulması ehtimalını aradan qaldırmağa və dəqiq diaqnoz qoymağa kömək edib.
Aygün Musayeva