TƏBİB-dən pul olmadığını dedilər, niyə mən məsuliyyətinə cəlb olunmalıyam? -Mehriban Abasquliyeva

  • 2026.04.01 12:02
  • 344 Baxış
TƏBİB-dən pul olmadığını dedilər, niyə mən məsuliyyətinə cəlb olunmalıyam? - Mehriban Abasquliyeva

"Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Unikal"ın məlumatına görə, məhkəmə təqsirləndirilən Mehriban Abbasquliyevanın ifadəsi ilə davam edib:

"Yanğın təhlükəsizlik qaydaları üzrə zamanında tədbirlər görülüb. Hadisə günü növbətçi olan altı tibb bacısı və sanitarkalar elektriik şəbəkəsini nəzarətsiz qoyublar. Yanan cihazları söndürmək üçün dörd balondan istifadə etməyiblər. Bununla da, onlar yanğına şərait yaradıblar və məsuliyyətə cəlb olunmalıdır. İstintaq orqanı əsas günahkarları cəzalandırmamaqla onlara gələcəkdə də belə hadisələri törətmələrinə şərait yaratmış olur. Yanğından iki il keçməsinə baxmayaraq, Respublika Perinatal Mərkəzdə hələ də yanğın xəbəredicisi - siqnalizasiya sistemi quraşdırılmayıb. TƏBİB-ə bununla bağlı məlumat verildikdə, vəsaitin olmadığını bildiriblər. Elə isə hansı səbəbdən mən məsuliyyətinə cəlb olunmalıyam? Yanğın baş verdikdə Perinatal Mərkəzin şöbə müdiri Məryəm Rzayeva yanğın təhlükəsizliyi qaydalarına əməl etməli olduğu halda normativ hüquqi aktları pozub və fəlakətin baş verməsinə səbəb olub. Bu da onun məsuliyyətə cəlb olunmasına ciddi əsas yaradır".

Növbəti proses aprelin 8-nə təyin olunub.

Xatırladaq ki, 2024-cü ilin yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib. Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Eyni zamanda cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.