Ana bətnində yaşadıqlarını belə xatırlayır – Nadir xəstəlikdən əziyyət çəkən qadının inanılmaz hekayəsi

  • 2024.06.14 20:48
  • 1190 Baxış
Ana bətnində yaşadıqlarını belə xatırlayır –  Nadir xəstəlikdən əziyyət çəkən qadının inanılmaz hekayəsi
Normal insanlar uşaqlıq dövrləri ilə bağlı bir neçə vacib anı xatırlayır. Bu 3 yaşında ailənizin sizə aldığı oyuncaq və ya ibtidai məktəbə başladığınız günlərlə bağlı xatirələr ola bilər.

Bəs ana bətnində nələr yaşadığınızı xatırlayırsınız? Yəqin ki, yox!

34 yaşlı Rebekka Şarrok isə hətta ana bətnində olarkən yaşadıqlarını xatırlayır.

Medicina.az xəbər verir ki, Avstraliyanın Brisben şəhərində yaşayan Rebekka 34 il ərzində yaşadığı hər şeyi dünən baş vermiş kimi xatırlayır.

Yaddaşının çox güclü olması və ana bətnində keçirdiyi dövr də daxil olmaqla, keçmişinə aid hər şeyin 95 faizini xatırlaması ilk vaxtlar onun üçün problem olub. O, probleminin nə olduğunu bilmədiyi üçün uzun müddət heç bir həkimə müraciət etməyib. İllər sonra nəhayət ona diaqnoz qoyulub. Məlum olub ki, onun son dərəcə üstün avtobioqrafik yaddaşı var və buna "Hipertimiya" deyilir.

Rebekka uşaqlıqda bir çox şeyi anlamaqda çətinlik çəkib. Çünki uşaq bağçasında, ibtidai sinifdə və orta məktəbdə dostları ilə yaşadığı şeylər onun duyğularına dərindən təsir edib. Onun xatirələrində oğurlanmış şirniyyatı, dağıdılmış lego qalaları və dostlarının zorakılığı da daxil olmaqla, hər şey bir gün əvvəl baş vermiş kimi təzə və canlı idi. Rebekka yaşadığı heç nəyi unuda bilmədiyi üçün içində olduğu anda yaşadıqları ilə mübarizə apara bilmirdi. Susdura bilmədiyi zehni onun gecələr boyu yuxusuz qalmasına səbəb olurdu.

Yeniyetməlik dövründə bu vəziyyətlə mübarizə apara bilməyən Rebekka həkimə gedir və ona OKB (Obsesif Kompulsif Pozuqluq) diaqnozu qoyurlar. 16 yaşında ikən ona qoyulmuş bu diaqnoz səhv idi.

"Ən köhnə xatirəm odur ki, çox kiçik olduğum üçün kiminləsə görüşə bilmirəm. Başımı ayaqlarımın arasında sıxıb büzüldüyümü xatırlayıram. Tədqiqatçılar mənə bunun ana bətnində də ola biləcəyini söylədilər. Yaxud mən doğulandan dərhal sonra baş vermiş ola bilər”, - deyə Rebekka deyir.

Rebekka 21 yaşına çatanda həkimlər bu dəfə ona dünyada cəmi 61 nəfərdə müşahidə olunan H-SAM (Hipertimiya) diaqnozunu qoyublar. Rebekka indi dünyada hipertimiya sindromu yaşayan 62-ci insandır.

Çox üstün avtobioqrafik yaddaşa (H-SAM) sahib olan insanlar avtobioqrafik hadisələrin xüsusi təfərrüatlarını yadda saxlayan üstün qabiliyyətə malikdirlər. Rebekka bu diaqnozdan sonra vəziyyəti öz xeyrinə çevirmək üçün bir yol tapdı. Ana dili ingiliscə olan gənc qadın bir neçə həftə ərzində ispan və fransız dillərini öyrəndi. Dil öyrənmək onun üçün çox asan idi. Çünki o, gördüklərini, eşitdiklərini heç vaxt unutmurdu. İndi o, həftələr ərzində öyrəndiyi ispan və fransız dillərinə italyan dilini də əlavə etmək istəyir.

Ruh sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis Dos. Dr. Taha Can Tuman bu nadir xəstəliyi belə izah edib:

"Hipertimemiyada xatirələr ən xırda təfərrüatına qədər xatırlanır. İnsan yaşadığı bir hadisəni, gündəlik fəaliyyətləri, söhbətləri, geyindiyi paltarı, hava durumunu və bir çox detalları xatırlayır. Xatirələr aydın xatırlandığı üçün həyatda yaşanan neqativ hadisələr bir müddət sonra insanın psixi sağlamlığına mənfi təsir göstərir. Hipertimiya diaqnozu qoyulan insanlar keçmiş xatirələrini çox təfərrüatı ilə xatırladıqları üçün keçmiş haqqında həddindən artıq düşünmə, yəni ruminasiya yaşaya bilərlər. Bu vəziyyət müəyyən mənada obsesif-kompulsif pozğunluq kimi qəbul edilə bilər. Çünki keçmişin mənfi hadisələrini ətraflı xatırlamaq gündəlik həyata diqqəti çətinləşdirdiyi üçün narahatlıq əlamətləri və depressiyaya səbəb ola bilir”.

Həkim qeyd edib ki, hipertimiziya yaşayan bir insanın başqa nevroloji sağlamlıq problemlərinin olub-olmadığını yoxlamaq lazımdır:

"Beyin görüntüləmə üsulu olan MRT ilə beynin amigdala, hipokampus və temporal lob kimi yaddaşla əlaqəli bölgələrində aktivliyin artıb-artmadığı qiymətləndirilə bilər. Bundan başqa, yaddaş funksiyalarını araşdıran nöropsikoloji testlər və yaddaş testləri istifadə edilə bilər".

Qeyd edək ki, dünyada cəmi 62 nəfərdə görülən bu sindromun müalicəsi yoxdur.


Aysel