Diabetlə beyin xərçənginin bir-biri ilə əlaqəli olduğu aşkarlandı

  • 2024.06.04 13:59
  • 385 Baxış
Diabetlə beyin xərçənginin bir-biri ilə əlaqəli olduğu aşkarlandı
Tayvanda yerləşən Tszı Çi xəstəxanasının alimləri müəyyən ediblər ki, şəkərli diabetə xas olan sistemli iltihab qaraciyər, mədəaltı vəzi, böyrəklər və beyin xərçənginin inkişaf riskini artırır.

Medicina.az xəbər verir ki, tədqiqatın nəticələri BMC Medicine jurnalında dərc edilib.

Tədqiqatda şəkərli diabeti olan və olmayan 1 751 457 xəstənin sağlamlıq vəziyyəti haqqında məlumatlar təhlil edilib.

Məlumatlar 1 yanvar 2007-ci ildən 31 dekabr 2018-ci ilədək olan dövr üçün Tayvan Milli Tibbi Sığorta Tədqiqatı (NHIRD), Tayvan Onkologiya Reyestri (TCR) və Tayvan Milli Ölüm Halları Reyestri (NDR) bazalarından götürülüb.

Alimlər müəyyən ediblər ki, şəkərli diabeti olan xəstələrdə xərçəng xəstəliklərinin yaranma halları sağlam insanlarla müqayisədə 20% daha yüksəkdir. Ən əhəmiyyətli risk artımı qaraciyər və mədəaltı vəzi xərçəngi, həmçinin ağız boşluğu, öd kisəsi, qadın cinsiyyət orqanları, böyrəklər və beyin xərçəngində müşahidə olunub.

Diabet xəstələrində həmçinin mədə, dəri, döş və sidik yolları xərçənglərinin yaranma riskində mülayim artım müşahidə olunub. Diabet xəstələrində yayılma azalmış yeganə xərçəng növü isə qida borusu xərçəngi olub.

Tədqiqatçılar əlavə ediblər ki, diabetik retinopatiyası (şəkərli diabetdən qaynaqlanan tor qişa zədələnməsi) olan şəxslərdə ümumi xərçəng yayılması, fəsadsız diabeti olan şəxslərlə müqayisədə daha yüksək olub.

Alimlər güman edirlər ki, şəkərli diabet zamanı yaranan sistemli iltihab, müxtəlif xərçəng növlərini də təhrik edə bilər.

Bundan əvvəl xərçəngin metastaz verməsi ilə bağlı olan daha əvvəllər naməlum olan hüceyrələr aşkar edilmişdi. (baku.ws)