FORTE, PLUS, CR... - Dərman qutularındakı abreviaturaların mənaları

  • 2024.05.08 17:19
  • 1395 Baxış
FORTE, PLUS, CR... -  Dərman qutularındakı abreviaturaların mənaları
Dərman qutularının üzərindəki BID, CR, FORTE kimi ifadələr əslində dərman haqqında çox şey deyir.

Bəs niyə bu abreviaturalar bəzi dərman qutularının üzərində var, digərlərində yoxdur?

Medicina.az dərmanın dozası, xüsusiyyətləri və qəbul edilmə vaxtı ilə bağlı müxtəlif ipucları verən bu ixtisarların mənalarını təqdim edir:

Dərman qutularında adətən iki hərfdən ibarət olan abreviaturalar dərmanın hansı şəraitdə istifadə edilməli olduğunu göstərir. Onun istifadəsi, miqdarı və digər xüsusiyyətləri bu abreviaturalarda gizlidir. Bunu öyrəndikdə, dərmanı nə vaxt içmək lazım olduğunu dərhal anlayacaqsınız.

BID

Bu abreviatura latınca "Bis in die" sözlərinin ilk hərflərindən götürülüb və gündə iki dəfə deməkdir. Əsasən antibiotik dərmanlarda bu abreviaturanı görə bilərsiniz. BID dərmanın səhər və axşam (12 saat fasilə ilə) qəbul edilməli olduğunu göstərir.


FORT (FORTE)

İtalyanca "güclü" mənasını verən “fort” dərmanın tərkibindəki aktiv maddənin normadan yüksək miqdarda olduğunu göstərir. Adətən belə dərmanlarda aktiv maddə iki qat artıq olur. Beləliklə, ehtiyac halında həkimlər xəstələrə daha güclü təsir üçün dərmanların bu versiyasını təyin edirlər.


CR

Nəzarət olunan dərman buraxma sistemləri mənasını verən abreviatura dərmanın aktiv maddəsinin hamısının birdən deyil, zamanla buraxıldığını göstərir. Bu texnika ilə hazırlanan dərmanlar gündə bir dəfə qəbul edilməlidir. Çünki onun orqanizmə təsiri gün ərzində davam edə bilər. Xəstənin istifadəsini asanlaşdıran bu tip dərmanlar maksimum effektivlik verir. Belə dərmanlar çoxlu su ilə qəbul edilməlidir.


MR

MR abreviaturası da yuxarıda bəhs etdiyimizlə oxşar şəkildə, aktiv maddənin kiçik miqdarda, lakin davamlı olaraq sərbəst buraxılmasını təsvir edir.


SR

Çoxlu dozaların tətbiqi ilə əldə edilən effekti ifadə edir. Aktiv maddə müəyyən vaxt intervalları ilə sərbəst buraxılır. Bu səbəbdən CR abreviaturası ilə müxtəlif oxşarlıqlara malikdir. Hər iki növ dərman gündə bir dəfə istifadə olunur.


EC

Enterik örtülmüş tabletlərdən ibarət olan bu dərmanlar "bağırsaq"la əlaqəlidir. Bu abreviatura dərmanın mədə mühitinə davamlı olduğunu, mədədə həll olunmayacağını və içindəkilərin nazik bağırsaqda xaric olacağını bildirir. Köməkçi maddələrlə örtülmüş bu tablet forması dərmanın mədə mayesində parçalanmasının qarşısını alır.


PLUS

Geniş şəkildə istifadə olunan dərmanlarda bu ifadəyə tez-tez rast gəlirik. Plus hərfi mənada "üstəgəl" deməkdir. Dərmana normal aktiv maddələrdən əlavə maddələrin qatıldığını göstərir. Bu əlavənin məqsədi dərmanın daha güclü təsir göstərməsini təmin etməkdir.


XL

"Genişləndirilmiş buraxılış" mənasını verən bu abreviatura dərmanın uzunmüddətli istifadəyə uyğun olduğunu göstərir. Xüsusilə xroniki xəstəliklərdə gecə effekti üçün istifadə olunur.


I.M.

Bu, “intramuscular”, yəni “əzələdaxili” sözünün qısaldılmış variantıdır. Bu termin inyeksiya preparatlarında istifadə olunur. İnyeksiyanın əzələdaxili olaraq aparılması lazım olduğunu göstərir.


I.V.

Bu isə “intravenous”, yəni “venadaxili” sözünün qısaldılmış variantıdır. Bu termin preparatın venadaxilinə yeridilməli olduğuna işarədir.

Xüsusilə son iki qısaltmaya xüsusi diqqət etmək lazımdır. Hər ikisi yazıldığı kimi istifadə edilməlidir. Çünki I.M. formada olan preparatın I.V. kimi istifadəsi həyat üçün təhlükəli nəticələrə səbəb ola bilər.



Aysel