Kartof qızartması, pizza və hamburger yeməyə icazə var – Rişi Sunakın məşhurlaşdırdığı PƏHRİZ

  • 2024.05.23 15:39
  • 846 Baxış
Kartof qızartması, pizza və hamburger yeməyə icazə var –  Rişi Sunakın məşhurlaşdırdığı PƏHRİZ
OMAD pəhrizi gündə yalnız bir dəfə yemək yeməyi tövsiyə edən qidalanma üsuludur.

Son zamanlar çox populyarlaşan və məşhur simaların da seçimi halına gələn bu pəhrizdə kalori məhdudiyyəti yoxdur. Hətta boşqabınız daşana qədər istədiyiniz yeməyi yeyə bilərsiniz. Ən maraqlısı odur ki, pəhriz maddələr mübadiləsini sürətləndirmək məqsədi ilə edilir.

OMAD pəhrizi 24 saat ərzində 23 saat oruc tutmağı tələb edir, qalan 1 saatda isə istənilən yeməyə icazə verir. Dietoloqları fikir ayrılığına salan bu pəhriz fasiləli orucun daha ifrat variantı olaraq xarakterizə edilir.

OMAD pəhrizində 1 saat ərzində kartof püresi, pizza, hamburger, kartof qızartması, şokoladlı tort, makaron və ya başqa nə istəsəniz, yeyə bilərsiniz. Günün qalan hissəsində isə yalnız su, çay və ya qəhvə içməlisiniz.

Hollivud ulduzları Cennifer Eniston və Mark Uolberq, eləcə də “Coldplay” qrupunun solisti Kris Martin, əfsanəvi rokçu Brüs Sprinqstin və Britaniyanın Baş naziri Rişi Sunak da uzun müddətdir ki, OMAD pəhrizinə riayət edirlər.

OMAD tərəfdarları pəhrizin məhsuldarlığı artırdığını, yaddaş və idrakı yaxşılaşdırdığını desələr də, pəhrizin əleyhinə olan mütəxəssislər onun sağlamlığa böyük zərəri olduğunu bildirirlər.

“New York Post” qəzetinə danışan qidalanma mütəxəssisi Dr. Lisa Yanq bildirib ki, belə bir pəhriz qan şəkərini sabit saxlamır və orqanizmdə qida maddələrinin çatışmazlığına səbəb ola bilər.

Sidney Universitetinin Tibb və Sağlamlıq Məktəbindən Dr. Nikolas Fuller isə söyləyib:

“OMAD pəhrizində gündə bir dəfə nə yemək lazım olduğuna dair şərhlər bir çox təhlükələrə yol açır. Hər gün yediyimiz yeməklər tam taxıl karbohidratları, tərəvəzləri, meyvələri və yaxşı yağlarla balanslaşdırılmış bir zülal mənbəyini ehtiva etməlidir. Balanslı qidalanmamaq qida çatışmazlığına səbəb olacaq".

Mövzu ilə bağlı türkiyəli dietoloq Merve Altay da pəhrizin təhlükəli olduğunu diqqətə çatdırıb:

“Tərkibində yalnız karbohidratlar olan yüksək kalorili qidalar orqanizmimiz üçün ciddi risklər yaradır. Zülal çatışmazlığı ilə əzələ itkisi baş verə bilər. Əzələ itkisinin yaşanması maddələr mübadiləsi sürətinizi azaldacaq. Pəhrizdə kifayət qədər vitamin və minerallar olmadığından uzun müddət davam etdirdikdə xəstəliklər meydana gələcək. İnsulin müqavimətinin şiddəti arta bilər. Nəticədə dırnaqların qırılması, saçların tökülməsi və dərinin solğunlaşması baş verəcək. Ciddi həzm problemləri yaranacaq. Şişkinlik və həzmsizlik, bağırsaqlarda iltihab baş verə bilər. Bu cür qidalanma nəticəsində orqanizmdə kalsium, fosfor çatışmazlığı olacağı üçün xüsusilə qadınlarda osteoporoz baş verə bilər. Kişilərdə ürək-damar xəstəliklərindən şikayətlərin artması labüddür”.

Dietoloq pəhriz zamanı 23 saat su, çay və qəhvə içməyin də əks təsirlərindən danışıb:

“Orqanizmimizin ən vacib ehtiyaclarından biri olan su istehlakı günün bütün saatlarında zəruridir. İçməli suyun heç bir zərəri yoxdur. Ancaq qəhvə və çayın həddindən artıq istehlakının orqanizmdə mineral itkisinə səbəb olduğu məlum bir həqiqətdir. Bunu edən insanlar daha çox ödem və şişkinlik hiss edə bilərlər. Ən azından çay və qəhvəni şəkərsiz və ya süd əlavə etmədən içməyə diqqət etsinlər”.

Merve Altay OMAD pəhrizinin bəzi insanlarda qidalanma pozğunluğuna da səbəb olacağını vurğulayıb:

“Bu pəhrizə əməl etdikdə, bir müddət sonra mədənin qida qəbul etməməyə başlaması təəccüblü deyil. Bu isə qida çatışmazlığına səbəb olur. Gündə bir dəfə yemək də qan şəkərinin yüksəlməsinə səbəb ola bilər. Bu, baş ağrılarını artıracaq. Günün qalan saatlarında enerjisiz, zəif və yorğun hiss edə bilərlər. Bu hal zamanla depressiyaya səbəb ola bilər”.

“OMAD pəhrizini dəstəkləyənlər metabolizmanı sürətləndirdiyini deyirlər. Bu doğru ola bilərmi?” sualına isə dietoloq belə cavab verib:

“Sağlam insanların buna balanslı qida seçimi ilə nail olması mümkün ola bilər. Tələb olunan zülal qəbulu tək yeməkdə istehlak edilərsə və balanslı və sağlam qida seçilərsə, maddələr mübadiləsinin sürəti arta bilər. Bunun üçün qida rasionuna zeytun yağı, kokos yağı kimi sağlam yağlar əlavə etmək lazımdır. Bundan əlavə, gündəlik lif istehlakı da çox vacibdir. Yəni gün ərzində istehlak edilən tərəvəz və meyvələrin miqdarına diqqət yetirilməlidir. Mütləq yaşıl yarpaqlı tərəvəzlərdən və zeytun yağından istifadə etmək lazımdır”.

Merve Altay şəkərli diabet, insulin müqaviməti yüksək, böyrək xəstəliyi və qaraciyər yağlanması olan insanların bu pəhrizə riayət etmələrinin təhlükəli olduğunu vurğulayıb.

O, bu pəhrizi yeniyetməlik dövründə tətbiq etməyin də düzgün olmadığını bildirib. Xüsusilə gənc qızlarda bu cür qidalanmanın hormonal balanssızlığa səbəb olması ehtimalının yüksək olduğunu vurğulayıb.


Aysel