Qarayara (antraks) Bacillus anthracis bakteriyasının yaratdığı, əsasən heyvanlardan insanlara keçən ciddi yoluxucu xəstəlikdir.
Medicina.az xəbər verir ki, törədici bakteriyanın sporları torpaqda uzun müddət qala və əlverişli şərait yarandıqda heyvanları və insanları yoluxdura bilər. Xəstəlik daha çox iribuynuzlu və xırdabuynuzlu heyvanlarda rast gəlinir.
Qarayara insana necə keçir?
İnsanlar əsasən xəstə və ya ölmüş heyvanla, həmçinin onun ət, qan, dəri, yun, tük və digər məhsulları ilə təmas nəticəsində yoluxa bilər.
Törədici:
dəridəki kəsik və ya sıyrıq vasitəsilə orqanizmə daxil ola bilər;
çirklənmiş ət və digər məhsulların qəbul edilməsi ilə həzm sisteminə düşə bilər;
sporların tənəffüs yolu ilə qəbul edilməsi nəticəsində ağciyər formasına səbəb ola bilər.
Vacib məqam: Qarayara adi qrip və ya digər respirator infeksiyalar kimi insandan-insana asanlıqla yayılan xəstəlik deyil. Əsas yoluxma mənbəyi xəstə heyvanlar və onların çirklənmiş məhsullarıdır.
İnsanlarda hansı əlamətlərlə özünü göstərir?
Xəstəliyin əlamətləri yoluxmanın formasından asılıdır.
Dəri qarayarası
Ən çox rast gəlinən formadır. Əvvəlcə dəridə qaşınan qabarcıq və ya kiçik şişkinlik yarana bilər. Daha sonra həmin nahiyədə adətən ağrısız, ortası qara rəngli yaraya çevrilən zədələnmə və ətrafında nəzərəçarpacaq şişkinlik meydana çıxa bilər. Əllər, qollar, üz və boyun daha çox zədələnən nahiyələrdir.
Mədə-bağırsaq qarayarası
Çirklənmiş və kifayət qədər bişirilməmiş ətin qəbulundan sonra yarana bilər. Qarın ağrısı, ürəkbulanma, qusma, ishal, qızdırma və ağır hallarda qanlı qusma və ya qanlı ishal müşahidə oluna bilər.
Aygün
Medicina.az