Nobel mükafatçısından gənc qalmaq istəyənlərə XƏBƏRDARLIQ: Onlar elm əvəzinə, pulu seçirlər

  • 2024.06.03 19:21
  • 1012 Baxış
Nobel mükafatçısından gənc qalmaq istəyənlərə XƏBƏRDARLIQ:  Onlar elm əvəzinə, pulu seçirlər
Nobel mükafatı laureatı olan alimlərdən biri yaşlanma əleyhinə fəaliyyət göstərən industriyanı ciddi tənqid edib.

Medicina.az xəbər verir ki, Böyük Britaniyadakı “Royal Society”nin keçmiş prezidenti Venki Ramakrişnan gənc qalmaq istəyənlərə xəbərdarlıq edib.

O bildirib ki, hazırkı insan ömrünü uzatmaq səyləri və ideyaları elmdən uzaqdır və daha çox kommersiya xarakteri daşıyır.

Ramakrişnan qeyd edib ki, elm adamları hələ qocalma prosesini anlamağın başlanğıc mərhələsindədir, lakin “Amazon”un qurucusu Ceff Bezos və “Paypal”ın həmtəsisçisi Piter Til kimi milyarderlər bu sahəyə artıq böyük məbləğdə sərmayə qoyublar.

2009-cu ildə kimya üzrə Nobel mükafatı alan alim Uelsdə keçirilən festivalda "Biz niyə ölürük?" adlı yeni kitabı haqqında danışıb.
Kitab insan ömrünün necə uzadıla biləcəyini araşdırmaq üçün qocalmanın biologiyasını öyrənməyə yönəlib.


"Yaşlanma ilə bağlı şişirdilmiş həyəcan və narahatlıq kommersiya aspektlərini elmdən çox irəlidə olan bir istiqamətə itələyir”, - deyə alim vurğulayıb.

Alim buna nümunə olaraq öz qocalma prosesini dayandırmaq üçün ildə 2 milyon dollar xərcləyən amerikalı sahibkar Brayan Consonu göstərib. 46 yaşlı Conson müxtəlif qocalma əleyhinə müalicələri sınayarkən ciddi pəhriz, məşq və yuxu qaydalarına əməl edir. Hətta gənc qanın yaşlı bir bədənə potensial təsirini yoxlamaq üçün ona oğlunun qanı köçürülmüşdü.

Ramakrişnan bu ideyanın siçanlar üzərində aparılan elmi araşdırmalara əsaslandığını, bunun insanlarda da oxşar nəticə verib-vermədiyini anlamaq üçün mütəxəssislərə onilliklər lazım ola biləcəyini bildirib.

“InsightAce Analytics”in hesabatına görə, uzunömürlülük sənayesi hazırda 30 milyard dollar dəyərindədir. 2031-ci ilə qədər bu məbləğin 45 milyard dollara qədər artacağı proqnozlaşdırılır.

Texnologiya şirkətlərinin rəhbərləri əvvəldən bu bazarın inkişafında maraqlı olublar. Til qocalmış hüceyrələri hədəf alan dərmanlar hazırlayan “Unity Biotechnology” şirkətinin ilk investoru idi. 2021-ci ildə Bezosun hüceyrə cavanlaşmasına yönəlmiş biotexnologiya şirkəti “Altos Labs”a sərmayə qoyduğu bildirilir.

Lakin Ramakrişnan xəbərdarlıq edir ki, özəl maliyyələşdirilən tədqiqatlar sürətli nəticələr əldə etmək və investisiyanı qaytarmaq üçün elmi prioritetləri təhrif edə bilər.


Aysel