Azərbaycanda cərrahlar qorxur: Həkim səhvini niyə polis araşdırır? – Almaniyada çalışan həkim

  • 2025.10.22 16:51
  • 2668 Baxış
Azərbaycanda cərrahlar qorxur:  Həkim səhvini niyə polis  araşdırır?  – Almaniyada çalışan həkim



Azərbaycan kimi inkişaf etməkdə olan səhiyyə sistemlərinə malik ölkələrdə həm həkim səhvləri, həm həkim səhlənkarlığı və pasiyentlərlə düzgün kommunikasiya, ictimai etimadın artırılması və həkimlərin əsassız ittihamlardan qorunması məsələləri həyati əhəmiyyət daşıyır.

Həkimləri qorumadıqca, onsuz da sayı az olan mütəxəssislərimizi itirməklə nəticələnir. Bizim "səhlənkar" kimi ittiham etdiyimiz həkim qaçır, gedib digər millətlərin ən gözəl həkimi olur.


“Medicina” xəbər verir ki, bunu Almaniyada çalışan azərbaycanlı cərrah Vüqar Yaqublu bildirib.

O, reanimatoloq həkim, uzman dr. Turanə Rəsulovanın ılkədə alternativ tibbi ekspertizanın olmamasının vətəndaşlarla yanaşı həkimlərə də ciddi problem yaratması badərə müsahibəsinə münasibət bildirirərək, həkimlərin hüquqlarının zəif qorunduğunu vurğulayıb.


“İki il öncə rayondaydim. Layihəmiz üçün hədəf ayda 40-50 cərrahi əməliyyat edəcək cərrahların tapılması və ya hazırlanmasıdır. Tapmaq çətindir, çünki rəqiblərimiz (Türkiyə, Almaniya və ABŞ) onları çox asanlıqla "udur". Rayonda 40 yaşında, ayda cəmi bir neçə xırda əməliyyat edən bir cərrahla bir tövsiyyə üzrə bir kafedə görüşdüm. Ondan soruşdum nədən belə az əməliyyat edirsən, sənə təlimlər təşkil edək, inkişaf et, onsuzda rayondasan…

Mənə öz reallıqlarını və qorxularını söylədi. Onlardan ən ciddisi səhv etmə ehtimalı idi. Dedim, səhv etməyən carrah varsa,deyərəm o cərrah deyil. O, dedi ki,əgər səhv edərəmsə (səhlənkarlıq yox, səhv) hüquq mühafizə orqanları onu sorğu –sual edəcək.

Bu mənə qəribə gəldi, həkim səhvini nədən hüquq mühafizə orqanları araşdırır? Onlar həkim deyil axı...

Düzü Almaniyada 13 ildir fasiləsiz cərrah işləyirəm, hüquq mühafizə orqanları ilə heç qarşılaşmamışdım. Son illər fasiləsiz ayda 35-50 arası əməliyyat və ya asistentlik edirəm. Onların tam məsuliyyəti mənimdir. Ağırlaşmalar olur, səhvlər də olur. Əgər desəm ki, ağırlaşmam olmur, bu o deməkdir ki, əməliyyat etmirəm. Amma heç zaman hüquq mühafizə orqanları ilə işim olmayıb, eləcə də digər aktiv cərrahiyyə edən kolleqalarımın.

Çünki səhvlər və şikayətlərə klinikamız və vəkillərimiz məşğul olur və problemlər, şübhələr və ittihamlar əsasən hüquq mühafizə orqanlarına çatmadan həll edilir.


Rasim doktor bir tədqiqat apardı, klinikamızda aşağı rektal reyeksiyadan sonra son 10 il nəticələrimizdə yalnız anastomoz yetməzliyi xəstələrin 6,5 faizində rast gəlinir

Bizim alışdığımız mentalitet bizə bunu etiraf etməyə mane olmir, hətta çap edir və onların yaxşılaşdırma yollarını xəstələrlə müzakirə edir və bütün dünyaya aşkar edirik. Bu ağırlaşmalar xəstənin taleyində ciddi nəticələrə səbəb ola bilir. Bunun fərqli səbələri içərisində texniki və ya təşkilatı səhvlər olmamış deyil.

Amma bu halların heç birində hüquq mühafizə orqanları qoşulmayıb. Bu məsələlər daxili M&M Konfranslarında müzakirə edilir və sənədləşdirilir. Onun məqsədi komplikasiyası olan həkimi ittiham etmək deyil “no-blame culture” əsasında xidməti təkmilləşdirmə və gələcək ağırlaşmaların qarşısını almaqdır. Belə konfranslarda səhvlər ittihamsız və şəffaf şəkildə müzakirə olunur, məsələn, tikişi steplerlə yox əl ilə etmək daha yaxşı olardı, əməliyyatı laparoskopik yox, açıq üsulla davam etmək daha uyğun olardı, çətin vəziyyətdə təcrübəli cərrah çağırmaq lazım idi, kəsilən struktur barədə dəqiq məlumat yoxdursa alternativ yanaşma düşünmək gərəkirdi və s.


Ciddi cərrahiyyə ilə məşğul olan sistem anlamalıdır ki bəzi ağırlaşmalar qaçılmazdır və bu ağırlaşmalar xəstənin həyatına ciddi təhlükə yaradar. Bu ağırlaşmalardan, həkim səhvlərindən heç bir millət, ölkə 100 faiz qaça bilməyib, amma azalda bilib.

Əgər cəmiyyətmiz ağırlaşmalar və həkim səhvlərinə görə həkimlərimizə cəza verəcəksə, sizə pis xəbərim var, tezliklə, Azərbaycanda həkim qalmaz, onları “No-blame culture”ni sistemə inteqrasiya etmiş millətlər bizdən almaqda davam edəcək".

Aygün Musayeva