Bakı Sağlamlıq Mərkəzində müalicə olunan korifey dirijor, professor Rauf Abdullayevin 88 yaşı tamam olub.
"Medicina" xəbər verir ki, 28.10.2025 tarixində pasiyent Rauf Canbaxış oğlu Abdullayev halsızlıq, yüksək şəkər və sağ bud çanaq nahiyəsində ağrı şikayətlərilə klinikaya daxil olmuşdur, Müvafiq klinik, laborator, instrumental müayinələr olunduqdan sonra travmatoloq, fizioterapevt konsultasiyaları olundu və müvafiq müalicə təyin edildi.
Mərkəzin baş həkim müavini, uzman terapevt Dr. Zakir Quliyev və heyət tərəfindən stasionar şəraitdə müalicəsi aparılan Rauf Abdullayevin hal-hazırda vəziyyəti yaxşıdır və yaxın günlərdə evə buraxılacaq.
Dirijorun bu dəfəki ad günü elə palatadaca qeyd olunub. Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru dos. dr. Asiman Həsənov və həkimlər səbəbkara hədiyyə və tort təqdim ediblər.
Rauf bəy sağlamlığının bərpası, onların müalicə prosesində göstərdiyi xüsusi diqqət və qayğı üçün Asiman Həsənov başda olmaqla bütün Bakı Sağlamlıq Mərkəzi kollektivinə öz minnətdarlığını bildirdirib.
Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru , professor , Azərbaycan SSR Xalq Artisti , Azərbaycan SSR Dövlət Mükafatı, «İstiqlal» ordenli və beynəlxalq «Qızıl çinar» laureatı Rauf Abdullayev 20 ildən artıqdır ki, o, teatrın baş dirijoru kimi 30-a yaxın opera və balet tamaşasına dirijorluq edib. O, bir çox ölkələrdə məşhur kollektivlərlə çıxış edib.
Aygün Musayeva