AMEA-nın müxbir üzvü, uroloq, tibb elmləri doktoru, professor, məşhur "91"-lər sırasında Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, Milli Məclisin keçmiş deputatı (1995–2005) Sudeyf İmamverdiyev “Bakupost TV”-nin efirində jurnalist Elçin Zahiroğlunun suallarını cavablandırıb.
"Medicina" xəbər verir ki, 87 yaşlı professor TƏBİB-dən, müasir həkim cərrahlardan danışıb.
- Sudeyf müəllim, siz uzun illərdir, səhiyyə sistemində çalışırsınız. Həm də bir siyasi keçmişiniz var. Millət vəkili olmusunuz. İndi də bir həkim kimi aktiv fəaliyyət göstərirsiz... Bütün bunlar imkan verir ki, sizinlə birlikdə səhiyyəmizə həm içəridən, həm də kənardan baxaq. Sizcə, Azərbaycan səhiyyəsinin vəziyyəti necədi?
- Çətin sualdır. Bu məsələyə baxış birmənalı ola bilməz. İcbari Tibbi Sığorta sisteminin, TƏBİB-in yaranması ilə bağlı insanların sərbəst şəkildə sığortadan yararlanması, müayinələrdən keçməsi, müalicə alması müsbət cəhətdir. Bu, insanların tibbi yardım üçün müraciət məsələsini xeyli yüngülləşdirib. Amma burada neqativ hallar da az deyil. Köhnə, qəbul olunmuş kadrların yerləşdirilməsində, kollegial proseslərin həll edilməsində problemlər yaranıb.
Məsələn, təhsilini bitirdi, sonra da getdi Türkiyədə uzmanlıq aldı, sonra sertifikasiyadan keçdi, cərrahlıq etməyə hüququ çatır.
Amma bütün bunlar o demək deyil ki, sən yüksək səviyyəli cərrah kimi formalaşmısan. Məsələn, Tibb Universitetinin kafedralarında xəstə qəbul edilir, müalicə prosesi kontrol olunur və cərrahi əməliyyatdan qabaq müzakirə aparılır. Yəni burda bir neçə mütəxəssis iştirak edir. İndi isə biri uzmanlıq alıb, təkbaşına xəstəni qəbul edir, əməliyyat qərarı verir.
- Yəni deyirsiniz ki, sertifikasiyadan keçmək hələ peşəkar həkim olmaq anlamına gəlmir...
- Bəli, peşəkarlıqdan çox uzaqdırlar. Universiteti bitirməyin bütün məsələləri özün həll edə bilərsən demək deyil. İndi hətta klinik xəstəxanada təcrübəsi olmayan, ancaq sertfikatı olan birini işə götürürlər, əməliyyat edir. Davamlı səhvlərə yol verir. Bəzilərinin işi prokurorluqdadır. Gəlib bizdən rəy istəyirlər, xəstənin yaxınları müxtəlif qurumlara şikayətlər edirlər. Sonda biz xəstəni yenidən əməliyyat eləməli oluruq. Götürək özəl xəstəxanaları. Nədir onların mahiyyəti, niyə yaranıblar? Təbii pul qazanmaq üçün.
Onları idarə edən şəxsləri maraqlandıran gəlirdir. Hər yerə reklam verirlər, çox adam gəlsin, çox qazanaq. Gedin baxın, görün məni hardasa reklam eləyiblər?.. Yoxdur belə reklam. Amma təcrübəsiz birini dayanmadan reklam edirlər, sonda insanlar inanır. Gəlir qəbuluna, müalicəsini alır, axırda da qalır pis vəziyyətdə.
- Professor, onsuz da biz həkimlərimizin sayı çox deyil, xüsusən regionlarda çatışmazlıqlar var. Qaydalar sizin dediyiniz səviyyədə sərtləşdirilsə, daha böyük təcrübə tələb olunsa, cərrahların sayı kəskin şəkildə azalmazmı?
- Fikirləşmək lazımdır ki, onların fəaliyyətini necə nəzarətdə saxlayaq. Bu olmalıdır ki, cərrah məsuliyyət daşısın. Məsuliyyət artdıqca həkim fərqli istiqamət götürür. Yüksək səviyyəli nəzarət üçünsə sistem bir olmalıdır. Məncə, indiki vəziyyət, səhiyyə sisteminin bölünməsi bizə xeyir gətirə bilməz.
- Yəni TƏBİB ayrı, Səhiyyə Nazirliyi ayrı olmamalıdır?
- Olmamalıdır. Biz bu barədə zaman-zaman təcrübəli şəxslərlə, professorlarla müzakirələr aparırıq. Heç biri bu sistemi rahat qəbul edə bilmir.
Ətraflı BTV-də izləyin
MEDİCİNA.AZ