Ürək cərrahı, millət vəkili Rəşad Mahmudov pasiyentləri ilə bağlı maraqlı paylaşım edib.
"Bu gün Naxçıvandan, uzaq yoldan ziyarətə gələn Sürəyya xalanı yenidən görmək mənim üçün çox xoş oldu.
2006-cı ilin sonları idi… Heydər Əliyev Fondunun təşəbbüsü ilə Naxçıvanda yeni açılan Diaqnostika Mərkəzində 20 nəfər ürək xəstəsi üzərində əməliyyatlar aparmaq üçün oraya ezam olunmuşdum.
İlk əməliyyatlardan biri də Sürəyya Xalanın əməliyyatı idi. O zaman çox ağır vəziyyətdə idi, amma bir arzusu vardı:
“Doktor, Allah eləsin, əməliyyatdan sağ-salamat çıxım, 5 il ömrüm uzansın, başqa heç nə istəmirəm. Ən kiçik övladımla əlaqəli vacib bir arzum var, onu görüm."
O əməliyyatdan tam 18 il keçib…
Bugünkü müayinədən sonra dedim: “Ürəyinizdə bəzi dəyişikliklər var, yenidən baxmalıyıq.”
Gülümsəyərək cavab verdi:
“Mən 5 il istəmişdim, Allah 18 il verdi. Artıqlaması ilə razıyam. Allah mənim ömrümdən kəsib sizə qatsın, doktor.”
Bu cür sözlər - həkimlik sənətinin əvəzolunmaz və ən gözəl tərəfidir.
İnsanın bütün yorğunluğunu unutduran, içini isidən bir hissdir.
Xüsusilə də bir ana nəvazişi ilə deyiləndə - bir başqa olur.
Bu sənəti bizə öyrədən və sevdirən müəllimlərimizə və ustadlarımıza minnətdarlıqla...
Sonunda Sürəyya xala ilə razılaşdıq. Müayinələrini davam etdirəcəyik və yenə yeni 18 illik hədəflərə doğru birlikdə addımlayacağıq".
Aygün
Medicina.az