Növbəti pandemiya psixoloji problemlərlə bağlı olacaq -ÜST rəsmisindən XƏBƏRDARLIQ

  • 2024.05.07 16:00
  • 798 Baxış
Növbəti pandemiya psixoloji problemlərlə bağlı olacaq - ÜST rəsmisindən XƏBƏRDARLIQ
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluqe Türkiyəyə etdiyi 5 günlük səfər çərçivəsində “Anadolu” agentliyinin müxbirlərinin suallarını cavablandırıb.

Medicina.az xəbər verir ki, Kluqe Covid-19 pandemiyasından tutmuş peyvəndlərə, dünyanı narahat edən hazırkı epidemiya ehtimallarından, gələcək sağlamlıq problemlərinə qədər bir çox mövzuda danışıb.

O, yeni pandemiyanın gözlənilib-gözlənilmədiyi ilə bağlı sualı belə cavablandırıb:

"Düşünürəm ki, sual yeni bir pandemiyanın olub-olmayacağı deyil, nə vaxt olacağı ilə bağlı verilməlidir”.

Kluqe gələcək pandemiyanın gözləniləndən çox daha fərqli ola biləcəyinə diqqət çəkib.

“Mən psixi sağlamlıq problemlərini “növbəti pandemiya” adlandırıram. Bütün dünyada, xüsusilə Covid-19 zamanı gənclər təcrid vəziyyətində idilər və bu, onların psixi sağlamlığına pis təsir göstərdi. Məlumatlar göstərir ki, gənclərdə çoxlu narahatlıq və yuxu problemləri var. Son məlumatlara görə, Aİ ölkələrində hər 6 nəfərdən 1-i narahatlıq, anksiyete və yuxu problemi yaşayır”, - Kluqe qeyd edib.

Həyatın çox mürəkkəbləşdiyini etiraf edən Kluqe sözlərinə belə davam edib:

“Məsələn, gənclər iqlimdən narahatdırlar, bilirlər ki, dünyanın hər yerində istiləşmə gedir. Rusiya-Ukrayna, İsrail-Qəzza arasında müharibə davam edir. İnsanların beyni bunlarla məşğuldur. “Perma-böhran” dediyim bir dövrdə yaşayırıq, daimi böhran var və bu, insanların psixi vəziyyətinə təsir göstərir. Sağlamlıq təkcə yaxşı fiziki vəziyyətdə olmaq deyil, həm də çox güclü psixi vəziyyətlə əlaqəlidir”.

İnsanların psixi sağlamlığının gücləndirilməsinin çox vacib olduğunu ifadə edən Kluqe daha bir məsələni diqqətə çatdırıb. O, bütün bu sadaladıqları ilə yanaşı, gənclərin, hətta uşaqların gündə təxminən 6 saatını kompüter, telefon, planşet və ya TV ekranlarına baxaraq keçirmələrinin də psixi problemlərin yaranmasında rolu ola biləcəyini qeyd edib.


Aysel