Orqazm zamanı baş verən baş ağrısı hansı problemə işarə edir? – Professor açıqladı

  • 2024.05.20 22:12
  • 666 Baxış
Orqazm zamanı baş verən baş ağrısı hansı problemə işarə edir? –  Professor açıqladı
Türkiyəli professor Dr. Okan Bölükbaşı orqazm zamanı yaranan baş ağrısı ilə bağlı tez-tez verilən sualları cavablandırıb.

Medicina.az xəbər verir ki, nevroloq cinsi əlaqə zamanı “orgazm baş ağrısı” yaşayanların sayının kifayət qədər çox olduğunu bildirib.

“Baş ağrısı cinsi əlaqə zamanı və ya orqazm anında baş verə bilər. Bu baş ağrıları xoşxassəli ola bilər, lakin çox nadir hallarda təhlükəli vəziyyətlərə işarədir”, - deyə nevroloq deyib.

Həkimin sözlərinə görə, tibbdə buna “coital cephalgia” deyilir və daha çox "orqazm baş ağrısı" kimi tanınır:

“Cinsi əlaqənin ön sevişmə mərhələsində də baş verə bilər. Başlanğıcda küt ağrı olsa da, orqazma yaxınlaşdıqca kəskin ağrıya çevrilir. Xəstənin yaşadığı ağrı qorxusu və ağrının şiddəti onun cinsi əlaqədən çəkinməsinə səbəb ola bilir. Boyun və ya üz əzələlərinin ani dartılmasına səbəb olan mastürbasiya zamanı da belə ağrı müşahidə edilir. Həm kişilərdə, həm də qadınlarda baş verir. Lakin kişilərdə daha çox rast gəlinir. Xəstələr utandıqları üçün bu şikayətləri heç vaxt dilə gətirmədiklərini bildirirlər. Bu səbəbdən xəstəliyin əvvəllər bildiyimiz 1 faiz nisbətindən bir qədər yüksək olduğunu düşünürük”.

Nevroloq bu tip ağrıların miqren baş ağrılarının yaxın qohumu olduğunu söyləyib:

“Ancaq nadir hallarda beyin damarının yırtılması (ilk dəqiqələrdə) belə ağrıya səbəb ola bilər. Başda və ya beyində qan yığılması inkişaf edə bilər ki, bu da ani ölümün səbəblərindən biridir. Cinsi əlaqə zamanı baş ağrısı diaqnozu qoyulan xəstələrdə bu vəziyyətə gətirib çıxara biləcək digər ölümcül səbəbləri aradan qaldırmaq üçün ən azı bir dəfə beyin MRT müayinəsi şərtdir. Bununla belə, hər baş ağrısı yaşayan insanın qorxu keçirməsinə ehtiyac yoxdur, çünki bu halın ölümcül problem olma ehtimalı kifayət qədər aşağıdır”.

Həkim belə ağrılarla üzləşənlərin ilk növbədə diaqnoz qoyulması üçün nevroloqa müraciət etməli olduqlarını bildirib.

“Müalicə olduqca sadə və ucuzdur. Miqren müalicəsində istifadə edilən dərmanlarla asanlıqla problem həll edilə bilər. Bəzi xəstələrdə ağrı orqazmdan dərhal sonra baş verir və bir neçə saatlıq istirahətlə yox olur. Nadir hallarda, ağrı üç və ya dörd gün ərzində aşağı intensivliklə davam edir”, - deyə professor qeyd edib.


Aysel