Qəzəblənmək insanı 40 dəqiqəyə öldürə bilər – Yeni araşdırma

  • 2024.05.07 17:40
  • 555 Baxış
Qəzəblənmək insanı 40 dəqiqəyə öldürə bilər –  Yeni araşdırma
Qəzəbləndiyiniz zaman dərindən nəfəs almaq düşündüyünüzdən daha vacibdir.

Son araşdırmalara görə, qəfil əsəbləşmək ani ölümlə nəticələnə bilər. Odur ki, sakit olmağa çalışmaq əslində həyatınızı xilas etməyin ən asan yoludur.

ABŞ alimləri xəbərdarlıq ediblər ki, qəzəb insanı qısa müddətdə ölümə apara bilər.

Medicina.az xəbər verir ki. tədqiqatlar bunun səbəbini isə qəzəbin qısa zamanda qan damarlarının funksiyasını pozması ilə əlaqələndiriblər. Bu hal potensial olaraq infarkt və ya insult riskini 40 dəqiqə ərzində pik həddə çatdırır.

“Biz aşkarladıq ki, qəzəbli olmaq, anidən əsəbləşmək qan damarlarının funksiyasının pozulmasına gətirib çıxarır. Bu vəziyyət “qan damarlarının genişlənməsinin pozulması" kimi təsvir edilir. Qan axınının normal olmaması isə nəzəri olaraq infarkt və ya iflic səbəbidir”, - Kolumbiya Universitetinin professoru, tədqiqatın müəllifi Dr. Dayçi Şimbo bildirib.

Tədqiqatçılar 280 könüllünün (orta yaş 26) məlumatlarını təhlil ediblər. Bütün iştirakçılara 30 dəqiqə vaxt verilib. Bu müddət ərzində onlara danışmaq, telefondan istifadə etmək, kitab oxumaq və ya yatmaq qadağan edilib. Onların hər birinə səkkiz dəqiqəlik 4 tapşırıqdan biri təsadüfi olaraq verilib. Bundan öncə isə onların qan təzyiqi ölçülüb. Tədqiqatçılar könüllülərin bir qismindən əsəbləşdikləri bir anı xatırlamaqlarını xahiş ediblər. Digər qrup isə narahat və kədərli hiss etdikləri xatirələrini yada salıblar. İkinci qrupa, həmçinin kədər hissi oyatmaq üçün nəzərdə tutulmuş bir sıra depressiv cümlələr oxumaq tapşırılıb.

Tapşırıqlar tamamlandıqdan sonra könüllülərin qan təzyiqi yenidən ölçülüb, həmçinin hüceyrə vəziyyətini qiymətləndirmək üçün qan nümunələri də götürülüb.

Tədqiqatçılar müəyyən ediblər ki, qəzəb doğuran keçmiş hadisələri xatırlayan könünllülərdə həmin andan başlayaraq 40 dəqiqəyə qədər qan damarlarının genişlənməsinin pozulması müşahidə edilib.

Narahatlıq və kədər kimi hisslər oyadan emosional anları xatırlayanların qan damarlarının daxili səthlərində isə hər hansı bir statistik əhəmiyyətli dəyişiklik baş verməyib.

Lakin Amerika Ürək Assosiasiyasının Jurnalında dərc olunan tədqiqatın müəllifləri araşdırmanın ölçüsünün kiçik olduğunu etiraf edirlər. Onlar qeyd edirlər ki, nəticələrin başqa sağlamlıq problemləri olan və ehtimal ki, dərman qəbul edən yaşlı insanlara şamil olub-olmayacağı bəlli deyil.

Qeyd edək ki, bu ilin əvvəlində əldə edilən məlumatlar, narahatlıq doğurur. Belə ki, infarkt və insult kimi ürək-damar problemlərindən vaxtından əvvəl ölümlərin son on ilin ən yüksək səviyyəsinə çatdığı görünür.


Aysel