Qidalardan daha çox vitamin qəbul etməyin 7 qaydası

  • 2024.04.30 18:19
  • 575 Baxış
Qidalardan daha çox vitamin qəbul etməyin  7 qaydası
Qidaların əvvəlki illərlə müqayisədə keyfiyyətinin itdiyini, artıq kifayət qədər vitamin və mineral ehtiva etmədiklərini tez-tez eşidirik. Reallıq isə bundan ibarətdir ki, hətta kifayət qədər orqanik və bol vitaminli qidaları belə yanlış istehlak etsək, onların faydalarından məhrum oluruq.

Aldığımız qidaları mətbəximizdə düzgün saxlamaq, hazırlanma mərhələsində bəzi vacib qaydalara diqqət yetirmək və ən doğru bişirmə üsulunu seçmək vitamin itkisinin qarşısını xeyli ala bilər.

Medicina.az qidada vitamin itkisini minimuma endirəcək mətbəx sirlərini araşdırıb.

Beləliklə, diqqət etməli olduğunuz 7 qaydanı təqdim edirik:

1. Makaronu bişirdiyiniz suyu atdığınız zaman onun tərkibindəki B qrupu vitaminləri də atmış olursunuz.Tam buğdadan hazırlanmış makaronları az miqdarda suda suyunu çəkdirərək bişirmək daha doğru üsuldur.

Onu da qeyd edək ki, qara, basmati və ya yasəmən növündən olan düyüləri bişirərkən öncədən qovurmaq da B qrupu vitaminlərini məhv etmək deməkdir.

2. Tərəvəzləri bişirməyə az qalmış doğramaq lazımdır. Vitamin itkisinin qarşısını almaq üçün onları orta odda, qapaq örtülü halda bişirmək lazımdır.

Bişmiş tərəvəzləri yenidən qızdırmaq həm yağda, həm də suda həll olunan vitaminlərin itirilməsinə səbəb olur.


3. Meyvənin qabığını soyduqdan sonra onu gözlətməyin, onun hava ilə təmas müddətini artırmayın.


4. Paxlalıları soyuq suda saxladıqdan sonra yeməklərdəki digər inqridiyentlərlə birgə qazana əlavə edin. Paxlalıları qaynadıb sonra suyunu tullasanız, vitaminlərini də atmış olarsınız.


5. Qaynadılmış ətin suyunu atmaq ətdəki B 12 vitaminindən məhrum qalmaq deməkdir. Vitamin itkisinin qarşısını almaq üçün ət daxili temperaturu 70 dərəcə olacaq şəkildə bişirilməlidir.


6. Südü açıq şüşə qabda günəş işığına məruz qoymaq B 2 vitamini itkisinə səbəb olur. Südü qaranlıq və sərin yerdə saxlayın.
Qatığın isə suyunda çoxlu B 2 vitamini var, ona görə də həmin su atılmamalıdır.


7. Vitamin itkilərini azaltmaq üçün ən yaxşı bişirmə qabı paslanmayan poladdan olandır. Mis və dəmir qazanlarda bişirilən yeməklər C vitamini itkisinə səbəb olur. Vaxt keçdikcə mis və dəmir yemək bişirilərkən qidaya keçir və toksik təsir edir.


Aysel