"Respublikanskiy" 20 yanvardan Bilgəhə köçürülür?

  • 2024.06.05 19:40
  • 766 Baxış
"Respublikanskiy" 20 yanvardan Bilgəhə köçürülür?

Vətəndaşlara müasir standartlara uyğun tibbi xidmətin göstərilməsi məqsədilə Respublika Klinik Xəstəxanasının inzibati binasının uzun müddətdir istismar olunması səbəbindən əsaslı təmirə ehtiyacı yaranıb.

"Medicina" xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Bu səbəbdən Xəstəxananın 6 terapevtik şöbəsinin müvəqqəti olaraq xəstəxananın inzibati binasından Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Hacıağa Dadaşov küçəsi 65 ünvanında yerləşən Modul tipli xəstəxanaya köçürülməsi həyata keçirilməkdədir.

Məlumata əsasən, mərhələli təmir işləri ilə əlaqədar olaraq Xəstəxananın II korpusunda yerləşən Cərrahiyyə, Reanimasiya və Təcili tibbi yardım şöbələri birinci korpusa yerləşdirilir.


Sadalanan şöbələr bütün rayonlarının və Bakı şəhərinin əhalisinə təcili və təxirəsalınmaz tibbi xidmət göstərir. Bu səbəbdən də I korpusda (terapevtik) 8 əməliyyatxana olmaqla lazım olan bütün infrastruktur yaradılıb. Hal-hazırda gün ərzində 75-80 cərrahi əməliyyat icra olunur. Təkcə may ayı ərzində 1 212 cərrahi əməliyyat icra olunub.

Xəstəxananın I korpusunda yerləşən 6 şöbə (Endokrinologiya, Qastroenetologiya, Kardiologiya, Pulmonologiya, Nefrologiya, Nevrologiya) və Terapevtik reanimasiya bölməsinin məhz həmin ünvana köçürülməyinə əsas səbəb isə köçürüləcək xəstəxanada çarpayı sayının müraciət edəcək pasiyent sayını qəbul edə bilmə imkanına malik olmasıdır.

Görülən işlər qaydalara uyğun olaraq planlı şəkildə aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.


Əlavə olaraq bildiririk ki, cari təmirə dayanan II korpusun (Cərrahi) müasir standartlara uyğun təmirindən sonra bütün zəruri infrastrukturlar yaradılacaq. 12 müasir əməliyyatxana, angioqrafiya, 80 çarpayılıq reanimasiya, təcili tibbi yardım, mərkəzi sterilizasiya, cərrahi şöbələr istifadəyə veriləcək.

Belə olduğu təqdirdə gündəlik əməliyyatların sayı 100-120-yə çatdırılacaq. Ən son müasir avadanlıqlar ilə təchiz olunan cərrahi şöbələrdə açıq və endoskopik üsulla bütün növ cərrahi əməliyyatlar icra olunacaq. Görülən bütün işlər əhaliyə müasir standartlara uyğun olaraq yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün nəzərdə tutulub.