Əməkdar jurnalist Anar Yusifoğluna xərçəng diaqnozu qoyulub.
Medicina.az xəbər verir ki, jurnalist yaşadıqlarını, keçirdiyi hissləri və bu sınağın ona həyata başqa gözlə baxmağı necə öyrətdiyini qələmə alıb.
Xərçəngə nifrət edirəm! Bu sözləri yazmaq belə, qəribə hissdir. Çünki insan adətən nifrət sözünü bir insana, bir haqsızlığa, bir xəyanətə ünvanlayır. Amma xərçəng başqa şeydir.
O, qapını döymədən gəlir. İcazə istəmir. Sənin planlarını, arzularını, sabaha saxladığın işləri, sevdiklərinlə qurduğun xəyalları bir anda sual altına salır.ə
Xərçəngə nifrət edirəm. Çünki insanın ən qiymətli sərvəti olan zamanını oğurlamaq istəyir.
Bir səhər adi görünür. İnsan işə gedir, telefon zənglərinə cavab verir, görüşlərə tələsir, sabah haqqında plan qurur. Sonra bir müayinə, bir analiz, bir həkim sözü və həyatın əvvəlki mənası bir anın içində dəyişir.
Bir fincan çayın dadı, bir dostun səsi, övladının gülüşü, həyat yoldaşının baxışı, pəncərədən işıq salan günəş... İnsan anlayır ki, həyat möcüzəni böyük hadisələrdə yox, hər gün təkrarlandığı üçün fərqinə varmadığı kiçik anlarda gizlədirmiş.
Xərçəngə nifrət edirəm, çünki o, insanı qorxudur. Amma qəribə olan odur ki, qorxduğun şey bəzən sənin içindəki gücü də oyadır, adam özünü ən zəif hiss etdiyi yerdə bəzən ən möhkəm dayanmağı öyrənir. İnsan təkcə xəstəliklə mübarizə aparmır. O, həm də ümidsizliklə, qorxu ilə mübarizə aparır.
Mənim öz adım var, xərçəng deyil. Xəyallarım, sevdiklərim, yarımçıq qalan işlərim var. Görmək istədiyim yerlər, demək istədiyim sözlər, yaşamaq istədiyim günlər var. Ona görə də xərçəngə nifrət edirəm".
medicina.az