Sakitləşdirici təsiri olan qidalar açıqlandı: psixoloji müalicələrdə istifadə edilməlidir

  • 2024.05.29 23:18
  • 737 Baxış
Sakitləşdirici təsiri olan qidalar açıqlandı:  psixoloji müalicələrdə istifadə edilməlidir
Alimlər müəyyən ediblər ki, balıq, qoz və kətan toxumu kimi qidalarda olan Omeqa-3 əsəbləri sakitləşdirir.

Ürək sağlamlığına faydalı olan və beyindəki iltihabı azaldan Omeqa-3 son illərdə elm dünyasının diqqət mərkəzindədir.

Medicina.az-ın məlumatına görə, bəzi tədqiqatlar göstərir ki, bu qida depressiyanı müalicə etmək üçün istifadə edilə bilər.

“Aggression and Violent Behavior” jurnalında dərc olunan son araşdırma isə Omeqa-3-ün qəzəbli davranışları azalda biləcəyini göstərib.

Alimlər 1996-2024-cü illərdə aparılan 29 araşdırmanın nəticələrini təhlil ediblər. Ümumilikdə 3 min 918 nəfərin məlumatları araşdırılıb. İştirakçıların ən azı yarısı yeniyetmələr olub.

Tədqiqat qəzəbdən çox aqressiv davranışa diqqət yetirib. Təxminən 16 həftə ərzində Omeqa-3 əlavələri qəbul edən iştirakçıların aqressiv davranışlarının yaşından, cinsindən və psixoloji diaqnozundan asılı olmayaraq orta hesabla 30 faiz azaldığı qeyd edilib.

"Düşünürəm ki, cəmiyyətdə, ədliyyə sistemində aqressiyanı azaltmaq üçün Omeqa-3 əlavəsinin tətbiq edilməsinin vaxtıdır", - məqalənin müəllifi Edrian Reyn bildirib.

Onun fikrincə, Omeqa-3 cəmiyyətdəki zorakılıq problemini həll edəcək sehirli çubuq deyil. Ancaq bu məsələyə müəyyən töhfə verə bilər:

“Nəticələrə əsaslanaraq, biz şübhəsiz ki, bunun ola biləcəyinə inanırıq. Əldə etdiyimiz yeni məlumat əsasında hərəkətə keçməliyik”.

Qeyd edək ki, əvvəlki tədqiqatlar aqressiyanın və ya aqressiv davranışın arxasında koqnitiv faktorların ola biləcəyini aşkar edib. Tədqiqatçılar beyin quruluşunda mühüm rol oynadığı bilinən Omeqa-3-ün bu şəkildə qəzəbli davranışları azalda biləcəyini düşünürlər.

Digər tərəfdən, araşdırma qrupu aqressiv davranışda qısa müddətli azalma müşahidə etdiklərini ifadə edərək, bu qidanın uzunmüddətli təsirləri ilə bağlı daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayıb.

“Biz iddia edirik ki, Omeqa-3 əlavəsi digər müdaxilələrə (istər psixoloji, istərsə də farmakoloji) əlavə vasitə kimi qəbul edilməlidir”, - deyə elmi məqalədə vurğulanıb.


Aysel