Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tamponlarda təhlükəli metallar aşkarlandı

  • 2024.07.09 23:03
  • 721 Baxış
Tamponlarda təhlükəli metallar aşkarlandı
Menstruasiya zamanı istifadə edilən məhsullardan biri olan tamponların tərkibində təhlükəli maddələr tapılıb.

Medicina.az xəbər verir ki, bir çox tamponun qurğuşun və arsen kimi zərərli maddələr ehtiva etdiyi müəyyən olunub.

ABŞ tədqiqatçıları bu məhsulların nə qədər gigiyenik və ya sağlam olduğuna dair araşdırmaların olmamasına əsaslanaraq hərtərəfli tədqiqatlar aparıblar. Ən çox alınan 14 markaya məxsus tamponları seçən tədqiqatçılar ümumilikdə 30 məhsulu araşdırıblar.

Məhsullarda 16 fərqli metalın olub-olmadığını yoxlayan qrup “Environment International” elmi jurnalında dərc olunan məqalədə öz nəticələrini paylaşıblar.

Belə ki, bütün məhsullarda arsen, kadmium, xrom, qurğuşun və vanadium aşkar edilib. Alimlər qurğuşun, kadmium və arsenin yüksək səviyyədə olduğunu bildiriblər.

Tədqiqatçılar qeyd ediblər ki, onları ən çox narahat edən tapıntı bütün məhsullarda qurğuşun olmasıdır.

Qurğuşuna ən az səviyyədə məruz qalmağın belə zərərli olduğuna işarə edən komanda, bu metalın qana qarışması halında ciddi sağlamlıq problemlərinə səbəb olacağını vurğulayıb.

Sümüklərdə yığılan qurğuşun beyin, ürək və böyrəklər kimi kritik orqanlara təsir etməklə yanaşı, reproduktiv problemlərə də səbəb ola bilər.

Arsen xərçəngə, kadmium isə böyrək problemlərinə səbəb olur, eyni zamanda bu iki metal ürək-damar xəstəlikləri ilə əlaqələndirilir.

Komanda zəhərli metalların bu məhsullara müxtəlif yollarla daxil ola biləcəyini bildirir. Məsələn, tampon istehsalında istifadə edilən pambıq torpaqdan və sudan metalları udmuş ola bilər. Mikrobların qarşısını almaq və ya qoxunu aradan qaldırmaq üçün kalsium, kobalt, xrom, mis, nikel və sink kimi metallar məhsullara əlavə oluna bilər.

Yeni araşdırmaların bu metalların yarada biləcəyi təhlükələrə tam aydınlıq gətirəcəyi gözlənilir.


Aysel