Qızılcaya görə məktəb və universitetlər karantinə bağlanmalıdır?- Açıqlama

  • 2023.11.23 15:52
  • 2524 Baxış
Qızılcaya  görə məktəb və universitetlər karantinə bağlanmalıdır? - Açıqlama

Artıq 1 aydır ki, Azərbaycanda qızılca ocaqları alovlanmağa başlayıb.

Zaqatala və Kürdəmirdə yayılan qızılca digər rayonlara və uşaqlardan böyüklərə keçib. Cəlilabadda 10 universitet tələbəsi də qızılcaya yoluxub. Yoluxanlardan biri, 4 yaşlı uşaq Kürdəmirdə vəfat edib.


Qızılca koviddən heç də az təhlükəli deyil, əksinə ciddi ağırlaşmalar olur və xəstəni öldürə bilər.

"Medicina" xəbər verir ki, məsələ ilə bağlı infeksionist həkim Mərdan Əliyev Bakupost.az –a danışıb.


“Qızılcanın qarşısı necə alınmalıdır, karantin tədbirlərinə gedilməlidirmi?” sualına belə cavab verib:
“Qızılcanın belə aktivləşməsi son illərdə uşaqların rutin peyvəndlərin, o cümlədən qızılcaya qarşı vaksin olunmamasından qaynaqlanır. Uşaq anadan olandan 3 yaşına qədər o peyvəndlər olunmalıdır. Uşaqlar qızılcaya qarşı çox həssasdır. Böyüklərə də uşaqlardan keçir. Burda birinci növbədə valideynlərin günahı var.

Bu işə səhlənkar yanaşıblar. Bir neçə rayonda yayılıb, deməli, o rayonlarda peyvənd olunmayıb. Qızılca uşaq infeksion xəstəliyidir. Görünür, tələbələr də vaxtında peyvənd olunmayıb. 20 yaşından yuxarı insanlar daha ağır keçirir. Artıq 3-5 rayonda ocaqlar artıb, həyəcan təbili çalmağın vaxtıdır”.


Həkim vurğulayıb ki, məktəb və universitetlər karantinə bağlanmalıdır:

“Qızılca elə bir xəstəlikdir ki, ondan maska taxmaqla qorunmaq olmur. Bir məktəbdə, bir binada varsa, karantinə alınmalıdır. Hesab edirəm, yoluxma olan məktəb, universitetlər karantinə bağlanmalıdır.

Digər məktəblərdə uşaqlar hər gün məktəbə buraxılmazdan əvvəl yoxlanmalıdır. Xəstə uşaqlar təcrid olunmalıdır. Çünki bir məktəbdə bir xəstə uşaq olarsa, bütün məktəbə yayıla bilər. Əsas təhlükə iri şəhərlər, Bakıdır. Amma Bakıda elə də yoluxma hələ ki, yoxdur. Yenə də baxır peyvəndləmə dərəcəsinə. Bakıda peyvənd immuniteti varsa, böyük əksər uşaqlar qızılca vaksini alıbsa, deməli, kültəvi yoluxma olmayacaq, amma bunu zaman göstərəcək. Çalışmaq lazımdır ki, yoluxma yaylmasın”.


İnkefsionist bildirib ki, peyvənd olunanlar, eləcə də yaşı 50-dən yuxarı olanlar qızılcaya nadir halda yoluxur, yoluxsa da, yüngül ayaqüstü keçirir:


"Yaxşı immunitet varsa, yoluxmaya da bilər. 40 yaşından yuxarı kateqoriya həssas deyil. Risk qrupunda uşaqlar, yeniyetmələr və 30 yaşa qədər insanlardır. Ən effektiv mübarizə yolu peyvənd olunmasıdır. Kim olunmayıbsa, etdirməlidir”.


Aygün Musayeva
BakuPost