Hər xəstə imtahandır, kəsilmək qəti olmaz...

  • 2026.05.12 13:31
  • 126 Baxış
Hər xəstə imtahandır, kəsilmək qəti olmaz...


Şahin Məmmədov

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində anesteziologiya şöbə müdiri


Həkimlərin tərcümeyi halını oxuduqda bir məsələ diqqətimi çəkir. Yazırlar, məsələn, 2003-cü ildə Azərbaycan Tibb Universitetini bitirib. Bircə cümlə... Bu biraz zəif olmadımı?

Əvvəla onu deyim ki, əksəriyyət həkimlər orta məktəbdə yaxşı oxumaqları ilə seçiliblər. Çoxu olimpiyadalarda birincilik qazanan, şəkili daim şərəf lövhəsində olan, tərbiyəli davranışı ilə seçilən, bir sözlə nümunəvi şagirdlər olublar. Valideynləri, müəllimləri, hətta oxuduğu məktəb onlarla fəxr edib.
Mən özüm kimyadan əvvəl məktəb üzrə, sonra Xətai rayon üzrə, sonra bütün Bakı şəhəri üzrə olimpiyadaların iştirakçısı və qalibi olmuşdum.
2-3 il güclü hazırlaşandan sonra 1997-ci ildə ATU-ya müalicə fakültəsinə qəbul oldum.
İlk leksiyaların birində müəllim bizi təbrik edərək demişdi: Sizin öz gücünüzdən xəbəriniz var? Tibb Universitetinə qəbul asan deyil. Çoxunun ən ümdə, amma əlçatmaz, fantastik arzusudur. Siz Azərbaycanın ən yaxşı beyinləri sayılırsız. (Hətta bizi qaymaqla da müqayisə etdi).
Tələbəliyin elə ilk günlərindən çətinliklər başladı. Bura başqa universitetlər kimi deyildi. Hər dərsi başqa binada, hətta şəhərin müxtəlif yerində keçirdik. Bir dərsdən o biri dərsə avtobusla, bəzən tələsirdik taksi ilə gedirdik.
Dərslər də çox çətin idi. Bir dərsin materialı 3-4 kitabdan idi. Terminlər latın dilində, o vaxt çox dərsliklər isə rusca idi.
Bizim dövrümüzdə nə mobil telefon, nə internet, nə süni intellekt var idi. ATU-da müəllim tutmaq, repetitor və s. yox idi. Özün oxumalı, özün başa düşməli, özün yadda saxlamalı idin.
Dərslər elə çətin idi ki, hamımız deyirdik, kaş dəfələrlə qəbul imtahanı verərdik bu imtahanların yerinə. Yeganə çarəmiz dərsdən sonra saatlarla kitabxanada qalmaq, ağır, qalın kitabları özümüzlə gün boyu gəzdirmək, gecə-gündüz oxumaq idi.
Mənə evdə xüsusi qulluq olunurdu ki, bu oxuyur, narahat etməyin və s. Bəzi tələbələr rayondan gəlmişdi, yataqxanada kirayədə qalırdılar, onlara hər şey daha çətin idi. Səbirsizliklə farmakologiyanı və daxili xəstəlikləri bitirməklə bəzi xəstəlikləri müalicə edə biləcəyimizi gözləyirdik. Düşünürdük, bu fənnləri bitirsək heç olmasa terapevt kimi qastriti, bronxiti və s. müalicə edə bilərik. Sonradan gördük ki, müalicə edə bilmək üçün hələ çoox tez imiş. Hələ əlifba keçirmişik. Qarşıda bizi nələr gözlədiyini tam təsəvvür etmirdik. Ümumiyyətlə, həkimliyin nə olduğunu hələ çox sonralar anlayacaqdım.
ATU-da 6 il oxudum, həm də gecə növbələrində xəstəxanada reanimasiyada işlədim ki, təcrübə yığım.
Üstəgəl, 1 il də interna.
İndi daha çətindir, hələ rezidenturada 3-4 il əlavə oxumalısan.
Hətta internadan sonra da nəhayət ki həkim oldum deyə bilmədim, çünki savadlı, bilikli olmaq bəs etmirdi. Təcrübəyə ehtiyac var idi… Böyük təcrübə, daim yenilənən tibbi məlumatları öyrənmək.
Hazırda artıq 21 ildir ki sərbəst həkim işləyirəm. Böyük bir mərkəzdə şöbə müdiriyəm, illərdir dərs deyirəm və s. Amma hər gün yenə ən azı 40 vərəq oxuyuram, qeydiyyat və araşdırma aparıram. Artıq çoxdan dərk etmişəm ki, həkim olan insan ömrünün sonuna qədər oxumalı və təcrübə yığmalı imiş. İmtahanlar da bitmədi. Sertifikasiyanı nəzərdə tutmuram əlbəttə ki. Hər xəstə mənim üçün bir imtahan olduğunu anladım. Hər gün dəfələrlə imtahan verirəm və kəsilmək qəti olmaz. Bu imtahanlar universitetdəkilərə bənzəmir. Bu imtahandan kəsilmək pasientin sağlamlığının itirilməsinə, hətta ölümünə səbəb ola bilər.
Hər bir həkim işə gələndə, ağ xalatı geyinəndə bu günə olan növbəti imtahanlardan necə çıxacağını düşünür. Hətta günün digər vaxtları, yatanda belə sabahkı xəstələrini- imtahanlarını fikirləşir.
Ona görə də həkimlik peşəsi fərqlidir, məsuliyyətli, şərəfli və müqəddəsdir.
Həkimlərimizi qoruyaq, onlara lazımınca dəyər verək, hörmət edək. İnsanların sağlamlığı uğrunda çalışarkən özlərinə olan inamlarını, əzmlərini sarsıtmayaq.